“Narkotik cinsi aktivliyi çox ciddi şəkildə aşağı salır” - Uroloq-androloq Vasif İsmayıldan ŞOK AÇIQLAMALAR

Stopnarkotik.az-da dəfələrlə qeyd etmişik ki, narkotik istifadə edən gənclər öz sağlamlıqlarını itirməklə yanaşı, gələcəkdən onların bir çoxunun nəsilartırma qabiliyyəti olmur. Heç də təsadüfi deyil ki, Azərbaycanda uşaqların sayı ilbəil azalır. Hansı ki, bu gedişlə biz də sayı tükənən xalqlar qrupuna aid ola bilərik.

Ümumiyyətlə, narkotiklərin insan həyatına, sağlamlığına geridönülməz təsirləri şübhəsizdir. “Zəhərli həzz” verən bu bəlanın sonu 3 yol ayrıcına çıxır – ya özündə güc taparaq birdəfəlik narkotikdən imtina etmək, ya iradə zəifliyi halında ömrünün sonunadək sağlam yaşamın keşiyində duraraq özü ilə narkotik arasında sərhəd qoymaq (çünki bəzi mütəxəssislər narkotikdən imtinanın birdəfəlik mümkün olmadığını, iradənin qırılacağını, narkotikin ağuşuna düşmə potensialının hər zaman var olduğunu iddia edirlər), ya da həyata əlvida demək və narkotikə, “zəhərli həzz”in müşayiəti ilə ölümə təslim olmaqdır.

Ötən dəfəki yazımızda qeyd etmişdik ki, narkotikin ömrünün bahar çağında olan gənclərə vurduğu əsas zərbələrdən biri impotensiyadır. Bu amil də birbaşa insan həyatının motivasiyasına təsir göstərir, çünki cinsi yaşam hər bir fərdin həyatında önəmli rol oynayır. Belə demək olarsa, nəsilartırma həyatın əsas məqsədlərindən biri olduğu kimi, bioloji növ olaraq varoluşun təməlidir. Narkotik bəlası iləsə ölkəmizin birbaşa əhali müstəvisində yoxa çıxması deməkdir.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində 48 702 yeni doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Bölgələrdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 8,3-ə düşüb.

Uşaqlarının sayının getdikcə azalmasının səbəbləri ilə bağlı uzun illərdir ki, müzakirələr var. Ekspertlər məsələnin iki səbəbini qeyd edirlər:

1. Sosial-iqtisadi səbəblər.

2.Mənəvi psixoloji səbəblər.

Sosial-iqtisadi səbəblər kimi çətin iqtisadi durum, əhalinin yoxsulluğu, işsizliyin yüksək səviyyədə olması, gəlirlərin çox aşağı olması, evsizliyin getdikcə artması və s. göstərilir. Mənəvi-psixoloji səbəbin içində isə birbaşa narkotik istifadəsinin payı çoxdur. Sözsüz ki, cəmiyyətdə mənəvi dəyərlər sisteminin çökdürülməsi, onun yerini bayağı yaşam tərzinin alması narkomaniya üçün münbit şərait yaradır.

Bəs bu demoqrafik faciə nəyin sayəsində baş verir? Narkotikin istifadəçilərə vurduğu sağalmaz yara dolayısı ilə də əhali sayının azalmasında necə iz qoyur? Ümumiyyətlə, xarkotikin sayəsində kəsilən nəslimizi, xalqımızı hansı aqibət gözləyir? Həmçinin, narkotik istifadəsindən qurtulmuş şəxsin bu qabiliyyətinin tam bərpa olunması, bununla yanaşı sağlam, normal uşaq sahibi olması ehtimalı nə qədərdir? Keçmiş narkotik istifadəçisindən törənən nəslin genetik olaraq “narkotikə isti münasibət”, yaxud “narkotikə doğmalıq, yaxınlıq” sindromu daşıma ehtimalı nə qədərdir?

Bu və digər suallara  tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayılla söhbətimizdə cavab tapmağa çalışdıq. O, hesab edir ki, ilk öncə narkotik maddələri bir-birindən ayırmaq lazımdır: “Bəzi narkotik maddələr müəyyən dozalarda cinsi aktivliyin artmasına gətirib çıxarır. Bəzi narkotik maddələr isə, əksinə, cinsi aktivliyi azaldırlar. Məsələn, marixuana cinsi aktivliyi kiçik dozada artırır. Amma sperma keyfiyyətini çox ciddi şəkildə korlayır. Belə ki, şəxs övlad sahibi olmaqda problem yaşayır. Onu nəzərə alaq ki, marixuana insan orqanizmində aylarla qalır. Çünki marixuana orqanizmdəki yağların içinə toplanır və o yağların içində 6-7 ay qədər təsiredici şəkildə qalır. Marixuanaya nisbətən daha ağır narkotik maddələr - amfetamin, heroin kimi – cinsi aktivliyi çox ciddi şəkildə aşağı salır, insanın cinsi hadisəyə marağını azaldırlar. Eyni zamanda da sperma yaranmasına da çox mənfi təsir göstərirlər”.

Göründüyü kimi, insan həyatının əsas motivasiya qaynağından biri olan impotensiya narkotikin birbaşa məhsuludur. V.İsmayılın sözlərinə görə, “seksual marağın azalması o deməkdir ki, narkotik istifadəçisinin seksual motivasiyası olmur. Şəxs kiminləsə cinsi əlaqəyə girmək istəmir. Əslində artıq təbabətdə impotensiya sözü istifadə olunmur. Narkotik cinsi istəksizlik yaradır, libidonu ortadan qaldırır”.

Digər tərəfdən, narkotik istifadəsi həm qadınlarda, həm də kişilərdə sonsuzluğun formalaşması, patologiyası olan uşaqların doğulması, ürək-damar sistemi, mədə-bağırsaq traktının xəstəliklərinə səbəbiyyət verir. Bunu rusiyalı həkimlər bildirir. Necə deyərlər, orqanizmin bütün sistemləri narkotik istifadəsindən əziyyət çəkir.

Odur ki, narkotikə meyl edən istər yeniyetmə və gənclərimiz, istər də orta nəslin nümayəndələri yuxarıda sadalanan faktları nəzərdən qaçırmamalıdırlar...

Asya ŞÜKÜROVA

Stopnarkotik.az