“Narkotik bəzi sənətçi dostlarımın da həyatına son qoydu" - BƏSTƏKAR MƏRYƏM ƏLİBƏYLİ

“Təəssüf ki, narkotik sənət aləmində də bir çox istedadlı insanların həyatına son qoyub”.

Stopnarkotik.az xəbər verir ki, bu haqda bəstəkar, musiqişünas Məryəm Əlibəyli bildirib. Onun fikrincə, narkotik hazırda bəşəriyyətin ən böyük bəlalarından birinə çevrilib:

“Bəşəriyyətimizin başına hər zaman bir çox fəlakətlər gəlir. Hansı ki, hamısı ağrı-acıyla doludur. Zəlzələlər, sunamilər, avtomobil qəzaları, yanğınlar və s. Hər birində də insan övladı ağrı, itki yaşayır. Bunların arasında yeganə bir fəlakət də var ki, bu zaman insan əzab-əziyyətdən, dərddən, ağrıdan başqa, həm utanmaq hissi yaşayır, həm də yaşadır. Bu da narkomaniyadır.

Bəli, son zamanlar insanların əxlaqında, mənəviyyatında, tərbiyəsində çox şey dəyişib. Çox mövzular var ki, danışdıqca insan danışır və bunun əziyyətini çəkirsən ki, axı, nə üçün bu belədir?! Yəni həyatımızda bir çox məqamlar var ki, onlarla barışa bilmirik. Eyni zamanda da əziyyətini çəkirik. Bunlardan ən öndə gedəni, ən qorxulusu, ən təhlükəlisi, təbii ki, narkomaniya, narkotikin yaratdığı fəsadlardır”.

Məryəm Əlibəyli deyir ki, son vaxtlar ölkəmizdə sürətlə yayılan "ağ ölüm" əksər ziylalılar kimi, onu da narahat edir: “Düşünürəm ki, ən geniş, ən böyük, birbaşa və daha çevik əlac ilk növbədə valideynlərin keçid, yeniyetmə, gənclik dönəmində övladlarına narkotikin fəsadlarını başa salmasıdır. Yeri gələndə nümunələr göstərmək lazımdır ki, narkotikin nəticəsi budur. Təbii ki, yeniyetmələri kənardan, uzaqdan-uzağa izləmək, onlara mütləq göz qoymaq lazımdır”.

Bəstəkar deyir ki, narkotik sənət aləmində də bir çox insanların həyatına son qoyub: “Təəssüf ki, narkotik sənət aləmində də bir çox istedadlı insanların həyatına son qoyub. Bəzi dostlarımız narkotik səbəbindən cavan, gənc və yaxud da orta yaşlarında dünyasını dəyişib. Çox təəssüf edirəm. Əlbəttə, əlimiz çatan qədər kömək etmək istəmişik. Ən azı sözlə, fikirlə kömək etmək istəmişik, kömək etmişik də. Amma narkotik elə bir bəladır ki, bəzən çarəsini tapmaq olmur.

Bizim sənət aləmində mənə yaxın olan iki dostumun adını çəkmək istəyirəm. Bunlardan biri Elçin Cəlilov, biri Anar Nağılbaz idi. Bir bilsəydiniz, bu insanlar nə qədər istedadlı, nə qədər bacarıqlı, sənət aləmində öz sözünü demiş və hərəsi öz janrında gərəkli insanlar idilər. Çox təəssüf ki, bu iki insanı, bu iki dostu elə məhz bu narkotikin fəsadlarına görə itirdik. İndi çox reperlər var, amma Anar Nağılbaz onların birincisi və ən novatoru idi. O, həyatının belə olmasından çox peşiman idi, çox utanırdı. Həmçinin də Elçin Cəlilov. O da hər zaman ümid edirdi ki, düzələcək, sağalacaq. Çox peşiman idi, çox utanırdı. Çox heyif.

Bir aktrisamız var idi, adını çəkə bilməyəcəm, onun oğlu da narkoman idi. Pul istəyirdi, o pulu verə bilmirdi. Onun ucbatından döyülürdü. Əli, ayağı yaralı, təpiklənmiş halda işə gəlirdi. Narkomanlar, narkotik tək insanın özünə ziyan vermir, ətrafındakı insanları da incidir, onlara əziyyət verir.

Ümumiyyətlə, həyatda nəyə vərdiş edirsən, çox ziyanı var. Çox yemək, çox yatmaq, gecə qaranlıqda kitab oxumaq və s. ziyandır. Çox vərdişin özü asılılıq yaradır. Nə asılılıq yaradırsa, o ziyandır. Nə asılılıq yaradırsa, təhlükəlidir. Məsələn, qumar oynamaq, “Topaz”da hesab atmaq və s. təhlükəlidir. Və elə təhlükələr var ki, bundan dönüş çox çətin olur. Narkotik də o təhlükələrin içində birinci yerdə durur”.

M.Əlibəyli hesab edir ki, yeniyetmə və gənclərimizi “ağ ölüm”dən uzaq tutmaq üçün maariflənirmə işləri genişləndirilməlidir: “İlk növbədə izah etmək, öyrətmək, ayıltmaq, fəsadlarını göstərmək lazımdır. Amma mən düşünürəm ki, yalnız maarifçilik tam olaraq istədiyimiz effekti verə bilmir. Mübarizəmiz güclü olmalıdır. Cəzalardan əlavə, narkotik satanların əl-qol açmasının qarşısı alınmalıdır. Ölkəyə qanunsuz, qaçaqmalçılıq yoluyla narkotik vasitələr gətirənlərə qarşı daha sərt tədbirlər görülməli, cəzalar sərtləşdirilməlidir”.

Bəstəkar düşünür ki, hazırda narkotik bəlasından heç kim, heç bir valideyn sığortalanmayıb: “Sizə onu da deyim ki, heç kim, heç nədən sığortalanmayıb. Amma övlada düzgün tərbiyə verməyin nəticəsində pis vərdişlərdən uzaq tutmaq olar.

Hamı eyni zehndə, eyni düşüncədə, eyni əxlaqda olmur axı. İradəsiz, zəif, inanan insanlar, dərdinin ucbatından hansısa həzzə qapılmaq istəyənlər var.

Mən ana tanıyıram ki, övladı neçə il narkotik istifadə edib, çox gec xəbər tutub. Çünki bəzi valideynlər özlərini daha çox düşünməyə üstünlük verərək, övladlarından çox gec xəbər tuturlar.

Görün, nə qədər qızlar, oğlanlar, gənclər öz həyatlarını, Allahın onlara verdiyi ömürü rahat yaşaya bilmirlər. Əzab-əziyyət içində yaşayırlar. Asılılıqdan pis yollara düşməyə məcburi olurlar.

Odur ki, cəmiyyətdə hərə öz payına düşən işi görməlidir. Valideyn evdə, müəllim də sinifdə narkotikə qarşı öz işini görməlidir, uşaqları başa salmalıdır. Əvvəllər kiminsə ailəsində belə xəstə uşaq olanda gizlədirdilər, utanc hissi yaşayırdılar. İndi isə, hamıya hər şey artıq danışılır. Bunun fəsadlarını həkimlərin köməkliyilə aradan qaldırmaq olar. Yəni hərə öz gücü çatacaq qədər narkotikin nə qədər ziyanlı, sonu olmayan bataqlıq olduğunu ətrafdakı yeniyetmələrə, gənclərə, orta yaşlı insanlara başa salmalıdır”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az