Narkomaniyanın böyük sürətlə yayılması cəmiyyətmizi narahat edən başlıca problemdir. Həkimlər və ekspertlər məsələnin kökündə asılılıq xəstəliyinin dayandığını qeyd edirlər. Stopnarkotik.az uzman psixiatr Fəqan Zakirovla söhbətimizdə narkomaniya və iqromaniyanın qaynaqlandığı asılılığın nə demək olduğunu, xəstəlyin müalicə yollarını müzakirə edib.
- Fəqan bəy, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılsa da, uğur əldə olunmur. Sizcə, harada yanlış edirik?
- Narkomaniya ilə bağlı bütün dünyada mübarizə aparılır. Azərbaycanda da həmçinin. Bu səbəbdən, ailələrin də bu yöndə maarifləndirilməsi, məlumatlandırılması gərəkdir. Çünki insanlar ətraf mühitlə tanış olduqları zaman bu yöndə məlumatları yoxdursa, texnologiyanın da bu istiqamətdə təsiri varsa, texnologiya vasitəsilə də narkotiklərin yayılması olsun, yaxud ABŞ-da narkotik istifadəsinin bütün dünyada izlənə bilməsi olsun, bu hadisələr maraq doğurur. Gənclər narkotik maddələrin zərərləri haqda məlumata sahib deyilsə, təbii ki, o zaman onda maraq əmələ gələcək. İlk preparatın təsirinin necə olacağı maraq doğurduğu üçün insanlar ona yönəlirlər. Gənclərimiz də bu yöndə maraq doğrultusuna düşdüyü, yaxud dostunun-tanışının narkotik istifadə etdiyini gördüyü zaman bu maraq onu istifadəyə aparır. İstifadə müdddətində də narkotik maddə asılılığı yaranır.
Ailələr bu yöndə övladlarına yetərli məlumat verərlərsə ki, narkotik maddə zərərlidir, narkotik istifadəsi zamanı hansı hallar baş verəcək, bu, gəncləri çəkindirə bilər. Beləliklə, yayılma sıxlığını azaltmış olarıq.
- Siz qeyd etdiniz ki, ailələr gəncləri narkotiklərə qarşı məlumatlandırmalıdır. Bu yöndə ilk addım nə olmalıdır və təhsil siyasətimizdə də hansısa dəyişiklikləri etməliyikmi?
- Əslində, bütün dünyada narkotiklərə qarşı dövlət tərəfindən tədbirlər görülür. Ancaq hal-hazırkı dünyamızda texnologiyanın artması narkotik maddələrin yayılma səbəbi kimi çıxış edir. İstifadələr artır, yeni narkotik maddələr ixtira olunur. Satıcıların daha ağır şəkildə cəzalandırılması narkotik satışını, istifadəsini azalda bilər. Amma bütün dünyada olduğu kimi, Azərbaycanda da bu yöndə təlabat qalacaq. Yalnız ailələrin maarifləndirilməsi ilə gənclərimizi qoruya bilərik. Ən azından gənclərimizdə asılılığın bundan sonrakı artışının qarşısını ala bilərik.
- Siz ailələrin övladlarını maarifləndirməsinin gərəKli olduğunu qeyd etdiniz. Bəs bu yöndə məktəblərimizdə necə iş qurmalıyıq ki, yeniyetmələri, gəncləri narkotikdən uzaq tutaq?
- Ən önəmli addım ailədən başlayır. Niyə məhz ailəni vurğulayıram? Ümumiyyətlə, narkomanların çıxdığı ailələrə baxdıqda bu insanlar əsasən ərköyünləşdirilmiş, hər dediyi edilən, ata-anası tərəfindən imtina görməmiş, "xeyr" cavabı eşitməmiş uşaqlar olur. Ata-ananın ikili mesajları olursa, ata uşağın istəyinə "xeyr" deyirsə, ana "bəli" deyrisə, belə ailələrdəki uşaqlarda narkotik asılılığı çox görülür. Yəni narkotik asılılığına gedən yol ailədən başlayır. Onun üçün ailənin önəmini vurğulayıram. Ölkəmizdə də qəbula gələn xəstələrdə "ərköyünlük" sindromu çoxdur. Narkotik istifadəçilərinin uşaqlığına baxdığınız zaman görürsünüz ki, o adamlar "xeyr" sözünü bilmirlər. Onların hər istədiyi edilib. Burada da yük ata-ananın üzərinə düşür. Ata-ana da belə uşaq yetişdirərsə, o narkotik maddə, yaxud qumar asılılığı riski daşıyacaq.
- Fəqan bəy, necə düşünürsünüz, ilk dəfə narkotik maddə istifadə edən insanın həbsi çıxış yoludurmu?
- Xeyr. Bir kərə narkotik istifadə edən insan həmin an narkotik asılısı olmur. Asılılıq nə zaman yaranır? Əslində əsas sual budur. Narkotik maddə istifadə edən hər insan asılı deyil. Asılılıq xəstəliyi - əgər istifadəçi şəxsin narkotik qəbulu intensivdirsə, çox miqdardadırsa, eyni zamanda istifadə etdikcə özünə, ətrafına, ailə üzvlərinə zərər verirsə, narkotikdən imtina edə bilmirsə bu insanlara asılılıq xəstəsi deyilir. Ancaq bir dəfə istifadə varsa hələ asılılıqdan bəhs edə bilmərik. Bu insanlar zərərli istifadə qrupuna girir, amma bir dəfə istifadə belə, psixi xəstəliklərə səbəb olduğu üçün insanlar narkotik maddədən uzaq durmalıdırlar. Çünki narkotik maddəni istifadəyə başlamaq asandır, amma müalicəsi çox çətindir.
- Narkomaniyaya qarşı müxtəlif dövlətlərin təcrübəsi, məsələn, Portuqaliya, İsveçrə, Yaponiya modeli var. Sizcə, Azərbaycan bu modellərdən birini tətbiq etməldir, yoxsa özünəməxsus yeni bir konsepsiya ortaya qoymalıdır?
- Belə deyim, rəngindən, irqindən asılı olmayaraq insanların psixologiyası eyni olduğu üçün bunun fərqi yoxdur. Bu səbəbdən, özümüzə aid fərqli bir yanaşma yaratmaq deyil, dünyada qəbul edilmiş terapiya metodlarını tətbiq etmək yetərlidir.
- Son illər ölkədə 100-ə yaxın özəl reabilitasiya mərkəzləri fəaliyyət göstərir və uğurlu nəticələr də var. Amma təəssüf ki, oradakı qiymətlər hamı üçün əlçatan deyil. Bu problemin həll yolunu necə görürsünüz?
- Dövlətin bu yöndəki müalicə aparan müəssisələri, o cümlədən yataqlı-stasionar müalicəsi aparan müəssisəsləri var. Həmin reabilitasiya mərkəzlərinin də uğurları var. Ən azı bir nəfəri də xilas edirlərsə, bu, uğurlu nəticədir. Çünki asılılıq çətin bir xəstəlikdir. O reabilitasiya mərkəzlərinin olması da yaxşıdır. Dövlət xəstəxanaları imkansız xəstələrə kömək edirlər. Sadəcə müraciət əksikliyi var. Narkotik vasitə istifadə edən insanların həkimə müraciəti də gec olur. Ailələrin bu istiqamətdə məlumatsız olması narkomanların xəstəxanaya müraciət etmələrinə əngəl olur. Əslində, probelmin çoxu insanların özündən qaynaqlanır.
- Özəl reabilitasiya mərkəzlərində müalicə prosesi əsasən “12 addım” proqramı ilə və 6 ay müddətinə gedir. Dövlət müəssisələrində isə bu proses 21 gün gedir. Sizcə, iki müalicə prosesinin müqayisəsində hansı yöntəm effektivdir? 21 günlə əldə olunan effektlə 6 aylıq effekt arasında fərq barədə nə deyə bilərsiniz?
- 21 günlük müalicə medikal müalicədir. Eyni zamanda reabilitasiya prosesi davam edir. Əslində, müraciət edən xəstələrin medikal təmizlənmədən sonrakı reabilitasiyası davam edir. Reabilitasiya davam edirsə bu şəkildədə sağalan insanlar çoxdur. Təbii ki, “12 addım” proqramı çərçivəsində də xəstənin narkotik maddənin ona verdiyi zərəri başa düşməsi, anlaması hədəflənir, bu, ona təlqin olunur, xəstəyə narkotikdən necə uzaq duracağı öyrədilir. Eyni zamanda, bizlərin də xəstələrə etdiyimiz şeylər odur. Reabilitasiya elə budur.
- Fəqan bəy, asılılığın növlərindən biri də iqromaniyadır. Bu barədə nə deyə bilərsiniz?
- Oyun asılılığı, qumar asılılığı gedərək artmaqdadır. Bunun səbəblərindən biri də həyatımıza daxil olan texnologiyalar, smartfonlardır. Təbii ki, 20-30 il öncə qumar asılılığı yenə vardı, amma hazırda gedərək artmaqdadır. Bunun səbəbi texnologiyadır, istədiyiniz zaman veb oyun saytlarına girib oynaya bilərsiniz. Bu səbəbdən, tendensiya artmaqdadır, iqromaniya ilə bağlı müraciətlər də artıb. Burada da, dediyim kimi, səbəblərə baxdığınız zaman uşaqlıq illərindəki böyümə tərzi, yaxud bəzi maddi problemlər səbəb kimi çıxış edir, eləcə də belə şeylər impulsiv insanlarda çox görünür. Bu asılılığın da digər narkotik asılılığından heç bir fərqi yoxdur, hətta iqromaniya daha ciddi mənada psixoloji problemlərə səbəb olur.
- Reabilitasiya mərkəzlərində etdiyimiz müsahibələrdə belə bir hala rast gəlmişik ki, narkotik aludəçiləri müalicə prosesindən 2-3 il sonra bu xəstəlikdən qurtulurlar. Bəs iqromaniya xəstələri necə?
- İkisi də eyni şeydir. Xəstəliyin adı asılılıqdır. Burada səbəbin iqromaniya, marixuana, heroin, metamfetamin olmasının heç bir önəmi yoxdur. İqromaniya xəstəsi də ən azından bir il reabilitasiya keçməlidir. Əslində, 6 aylıq müddət xəstələr üçün yetərli deyil. Xəstə reabilitasiyada ən azı 1 il qalmalıdır. Bu reabilitasiya mərkəzində də ola bilər, yaxud həkim-psixoloqun nəzarəti də olmalıdır. Bu şəkildə müalicənin 1 ilini tamamlayan xəstələrin geri dönmə ehtimalı 2-3 faizə düşür.
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az