Həyatın hər sahəsində müasir rəqəmsal texnologiyardan istifadə edildiyi kimi, narkotik satışında da internetdən, daha dəqiqi “Darknet” yaxud “Darkweb” deyilən internet məkanından istifadə edilir. Ekspertlər bildirirlər ki, dünyanın bir çox yerində narkotik vasitələrin satışı "Darkent" vasitəsilə həyata keçirildiyinə görə, onları izləmək, təqib etmək çətin olur. İnkişaf etmiş və iri ölkələr “Darkweb”də təhlükəsizliyə təhdid olan cinayətkarlığın qarşısını almağa çalışırlar. Amma onlar üçün də buna müyəssər olmaq elə asan başa gəlmir.
Məsələn, bir neçə gün əvvəl Almaniya Federal Cinayət İdarəsi (BKA) və Frankfurt Prokurorluğunun “Darknet”də fəaliyyət göstərən ən böyük cinayətkar ticarət platformalarından olan “Archetyp Market”a qarşı genişmiqyaslı beynəlxalq əməliyyat aparması haqda məlumat yayıldı. Bu barədə “Tagesschau” xəbər verdi. Agentlik bildirdi ki, beynəlxalq kordinasiya şəraitində keçirilən əməliyyata cəlb edilən 300-dən çox əməkdaş Avropa İttifaqı üzvü olan bir neçə ölkədə 25 axtarış tədbiri həyata keçirib.
Ümumi dövriyyəsi 250 milyon avro təşkil edən platformanın administratoru olan 30 yaşlı Almaniya vətəndaşı Barselonada saxlanılıb. Platformanın fəaliyyətində istifadə edilən server Niderlanddakı bir məlumat mərkəzində polis tərəfindən söndürülüb. “Archetyp Market”in moderator və satıcısı olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar Rumıniya, İsveç və Almaniyada həyata keçirilib. İsveçdə yeddi nəfər şübhəli şəxs qismində saxlanılıb.
Axtarış aparılan ünvanlarda onlarla mobil telefon, kompüter, yaddaş daşıyıcıları və ümumi dəyəri 7,8 milyon avro olan əmlak müsadirə edilib.
Əməliyyatda aşkara çıxarılıb ki, “Archetyp Market” platformasında əsasən amfetamin, kannabis, fentanil, heroin və kokain kimi narkotik vasitələrin ticarəti aparılırmış. Platformada təxminən 17 min satış elanı, 612 min istifadəçi hesabı və 3,2 min satıcı qeydiyyatda olub. O da məlumdur ki, “Darkweb”dəki əməliyyatların gətirdiyi maliyyə dövriyyəsi kriptovalyuta ilə həyata keçirilir. Elə Almaniyadakı bu əməliyyatda olduğu kimi. Almaniyada sözügedən “Darkweb” əməliyyatının ödənişləri “Monero” adlı kriptovalyuta ilə həyata keçirilib.
Bəs bu sahədə Azərbaycanda vəziyyət nə yerdədir? Bu barədə araşdırmada sualımıza cavab tapmağa çalışacağıq.
Stopnarkotik.az