Narkotik aludəçilərinin sağlam həyata qayıtması “ağ ölüm”dən imtina etməkdən keçir. Bu, onun şəxsi iradəsi ilə mümkün olmadıqda, narkoloji dispanserlərdə, yaxud da maddi imkanı yol verdiyi təqdirdə reabilitasiya mərkəzlərində müalicə almaqla mümkündür.
Kimsəyə sirr deyil ki, narkomanın həyat kredosu yaşadığı müddətdə “daha çox həzzə” çatmaqdır. Sözsüz ki, sonsuz həzzə qovuşmaq istəyi sağlam düşüncəni, sağlıqlı düşünmə qabiliyətini kor edir. Eləcə də narkoman tərcümeyi-halı onların üzərində ömürlük ləkə kimi qalır.
Bəs, bizlər cəmmiyyətin sağlam fərdləri olaraq, narkotik aludəçilərinin “geri dönüşü”nə nə kimi töhfə verə bilərik? Əksəriyyət düşünür ki, narkomanlar bu bəlaya bulaşmayan şəxslərlə müqayisədə “yararsız insanlardır”. Görünür, məhz bu səbəbdən də günümüzdə narkotik aludəçiləri hərbi xidmətə də yararsız hesab edilir. Bu nədərəcədə doğru yanaşmadır? Bunun əksinə, silahlı qüvvələrin sırasında yer almaq narkomanların sağlam həyata dönüşünə müsbət təsir göstərə bilməzmi? Narkomanların “düşüncəsini uyuşduran” zəhərin pəncəsindən qurtulmasında ən azı 1 illik “narkotiksiz həyat” tərgidici effekt göstərə bilərmi?
Yeri gəlmişkən, Milli Məclisin ötən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa maraqlı təklif irəli sürüb. F.Mustafa deyib ki, narkotik istifadə edənlər müalicə olunaraq əsgərliyə getməlidirlər.
Deputat bildirib ki, “xaricdə əsgərlikdən 3-4 il əvvəl çağırırlar və yoxlanış olur. Bizdə də belə etməliyik. Xəstəliyi olanlara müalicə imkanı yaradılmalıdır. İkinci məsələ narkotiklə bağlıdır. Yəni narkotik istifadə edənin əsgərliyə getməməsi məsələsi olmamalıdır, onların müalicəsi təmin edilməlidir”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, ölkədə narkoloji dispanser var və orada müalicə təmin edilir: “Əgər müalicə effektiv deyilsə, bu, qanun layihəsinin predmeti deyil".
Bəli, Ziyafət Əsgərovun dediyi kimi, narkoloji dispanserdə müalicə effektiv deyilsə və narkomanların müalicə olunduqdan sonra əsgərliyə getməsi hazırda müzakirə olunan qanun layihəsinin predmeti olmasa da, Fazil Mustafanın səsləndirdiyi təklifi də qulaqardına vurmaq doğru olmaz. Çünki reabilitasiya süzgəcindən keçib, narkotiklərə geri dönüş olmadan əsgərliyə getmək bu şəxslərdə tam tərgidici müddəti təmin etməklə bərabər, sağlam həyat tərzini də formalaşdıra bilər. Ona görə ki, əsgərlik müddətində bu şəxslər uzun müddət narkotiklə araya baryer qoymağa məcburdur. Bu halda narkoman sağlam düşüncəni yenidən əxz edər ki, bu da ona reabilitik təsir göstərə bilər.
Odur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda bu kimi amillərin nəzərə alınmasına ehtiyac var. Ən azı ona görə ki, ölkəmizdə narkomaniya bu sürətlə yayılmağa davam edərsə, yaxın gələcəkdə hərbi xidmətə aparmağa yetərli sayda əsgər də olmayacaq. Bu halda isə, qanunun yenidən müzakirəsi və hazırda təklif olunan əlavə və düzəlişlərin edilməsi üçün yetərli zaman olmayacaq. Yəni nə qədər ki, “qatar getməyib”, qeyd olunan məsələlər üzərində bir daha düşünməliyik…
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az