Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Alpout kənd 2 saylı tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən şöbə əməkdaşları narkotik maddələrin aludəçisinə çevrilən şəxslərin ilk öncə sadəcə “sınaq” məqsədilə bu yola düşdüyünü, lakin zaman keçdikcə bu vərdişlərin onların həyatının ayrılmaz hissəsinə çevrildiyini bildiriblər.
Məktəblilərin diqqətinə çatdırılıb ki, bunun nəticə isə çox acınacaqlıdır: həmin şəxslərin iradəsi zəifləyir, təhsildən, işdən və sosial həyatdan uzaq düşərək həyatlarını məhv edirlər.
Yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurması barədə çıxışlar da edən iştirakçılar, erkən nikahların qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

