Narkomaniyaya qarşı mübarizə aparan nazirliklərüstü komissiya...- ƏNƏNƏVİ METODLA ÖLKƏDƏ NARKOMANİYAYA SON QOYA BİLƏRİK?

Azərbaycanda narkomaniyaya qarşı mübarizə çərçivəsində müsadirə olunan narkotik maddələr, həbs edilən narkotacirlər, eləcə də narkomaniyanın gətirdiyi dağıntı cəmiyyətdə müzakirə olunan əsas mövzulardandır. Təsadüfi deyil ki, bu məsələ Milli Məclis üzvləri səviyyəsində də zaman-zaman gündəmə gətirilir.

O cümlədən, bu günlərdə millət vəkili Fazil Mustafa da Stopnarkotik.az-a müsahibəsində narkomaniyaya qarşı mübarizənin genişləndirilməsinin gərəkli olduğunu vurğulamışdı. Deputat bu çərçivədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işinə də toxunmuşdu: “Bu komissiya daha fərqli səviyyədə, daha geniş, əhatəli şəkildə öz fəaliyyətini qurmalıdır. Çünki bu komissiyanın səlahiyyətləri genişləndirilməlidir. Onun müəyyən funksional fəaliyyət göstərməsi üçün ilk növbədə ciddi vəsait ayrılmalıdır. Hətta o bir nazirlik səviyyəsində fəaliyyət göstərməlidir. Bütün qurumlara təsir imkanları genişlənməlidir. Ayrı-ayrı dövlət qurumlarında narkotik aludəçisi olan şəxslərin müəyyən dərəcədə aşkara çıxarılmasını təmin etməlidir. Digər tərəfdən, onların müəyyən, hansısa vəzifə səlahiyyətlərindən istifadə edərək narkotik vasitələrin yayılmasına şərait yaradan mühiti ortadan qaldırmalıdır. Təbliğat materiallarını genişləndirməlidir. Televiziyada, mətbuatda bu komissiyanın bütün obrazı görünməlidir. Hər kəs bilməlidir ki, dövlət adından bu sahədə prinsipial və güzəştsiz mübarizə aparan bir qurum var”.

Məlumat üçün bildirək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əsas vəzifələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu o deməkdir ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək bu qurumun birbaşa vəzifə borcudur. Yəni qurum faktiki narkomaniyaya qarşı dövlət siyasətinin, mübarizənin başında gəlir.

Qurumun strukturu aşağıdakı kimidir:

1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası;

2. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

3. Şəhər və Rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar.

Göründüyü kimi, komissiyanın tam həcmli tərkibi hansısa nazirlikdən heç də geri qalmır. Üstəlik, işçi heyətinin tərkibində bütün əhəmiyyətli orqanların nümayəndələrinin yer aldığını nəzərə alsaq, bu komissiyanın indiki vəziyyətdə belə, kifayət qədər geniş səlahiyyət sahibi olduğunu deyə bilərik. Təkcə onu qeyd edə bilərik ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Baş nazirin müavini Əli Əhmədov, sədr müavini isə Daxili İşlər naziri Vilayət Eyvazovdur.

Komissiyanın digət üzvləri isə aşağıdakılardır:

- Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi-şöbə müdiri:

- Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsinin sədri;

- Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik müdafiə və səfərbərlik şöbəsinin müdiri;

- Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini;

- Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini;

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini;

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

- Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;

- Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini;

- Azərbaycan Respublikası müdafiə nazirinin müavini;

- Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini;

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini;

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

- Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;

- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini;

- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini;

- İcbari sığorta üzrə Dövlət Agentliyinin sədri;

- AMEA-nın vitse-prezidenti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin kuratoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru;

- Azərbaycan Respublikası Audiovizual Şurasının sədri;

- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri;

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini;

- Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

Göründüyü kimi, ölkənin bütün mühüm orqanları ən azı nazir müavinləri səviyyəsində qurumun işçi heyətində təmsil olunur. Bəs, bu qədər səlahiyyətli şəxsin işində iştirak etdiyi və vəzifəsi birbaşa dövlətin narkomaniyaya qarşı siyasətini reallaşdırmaq olan qurumun fəaliyyətini effektiv adlandırmaq olarmı?

Diqqətə çatdıraq ki, bu qurumun illik büdcəsi 300 min manatdır. Doğrudur, qurum illik statistika təqdim edir, “Narkomanlığa qarşı təblİğat və profİlaktİka İşinin təşkİlİ” çərçivəsində “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” mövzulu tədbirlər keçirir, yeniyetmələr arasında “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” devizli sərbəst güləş idman nöbü üzrə turnir, Xətai Sənət Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda sərgi, “Gənclər sağlam həyat tərzini seçir” şüarı ilə basketbol idman növü üzrə turnir, “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol idman növü üzrə turnir, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol güləşi idman növü üzrə açıq turnir; 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar 600 nəfərdən çox gəncin iştirakı ilə “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç – Bizdən biri ol!”, “Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmoblar keçirib. Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, mövzuya dair dəyirmi masaların təşkili və tədbirlərin televiziyada işıqlandırılması da təmin edilib.

Beləliklə, ötən ilin 12 ayı ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 256 tədbir (şəhər, rayon komissiyaları ilə 59 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 116 təhsil müəssisəsində maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 62 təlim, 7 kütləvimədəni tədbir, idman növü üzrə 4 turnir və 4 fləşmob) təşkil edilmişdir. Antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2023-ci il üçün də birgə Tədbirlər Planı təsdiq edilib.

Daha bir nüans - cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2023-cü il üçün də birgə “Tədbirlər Planı” imzalanıb.

Yeri gəlmişkən, görülən bu qədər tədbirlərə baxmayaraq Penitensiar Xidmət həbsxanaları “iranlı narkotacirlərinin oylağı”na çevirməyi bacarırsa, hansı effektiv işdən söhbət gedə bilər?! Deməli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın işi ən azı Penitensiar Xidmətin fəaliyyətinə nüfuz edə bilməyib. Bu isə belə deməyə əsas verir ki, fəaliyyətdə formallıqdan qaçmaq lazımdır, işi iş xətrinə yox, keyfiyyətli nəticə üçün görmək lazımdır. Odur ki, bu komissiyanın da öz fəaliyyətini formallıq xətrinə yola verməsi yox, ümumi cəmiyyət miqyasında narkomaniyaya qarşı ictimai hərəkata çevirə bilməsi gərəklidir. Yalnız turnirlər, dar çərçivədə tədbirlər keçirməklə narkomaniyaya, onun pərdə arxasından uzanan amansız caynaqlarına müqavimət göstərmək, onun məngənəsindən qurtulmaq olmur. Pis nümunə yoluxucudur. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiya yüksək nəticə üçün ortaya yeni yanaşma qoymalıdır. Əvvəlki-ənənəvi metodlarla fərqli nəticəyə ümidlənmək məntiqsizdir. Problemin köklərini qurutmaq üçün dərinlərə enmək lazımdır.

Bütün bunlara paralel olaraq istər rəsmi qurumlarda çalışan, istər də müstəqil fəaliyyət göstərən mütəxəssislərlə daimi əməkdaşlıq edilməli, bu sahədə ixtisaslaşmış media qurumlarının təklifləri gözdən keçirilməli və dəyərləndirilməlidir. Unutmaq olmaz ki, narkomaniya hazırda bütün cəmiyyətin problemidir və bu bəlaya qarşı ancaq rəsmi müstəvidə fəaliyyət göstərməklə, müsbət nəticə əldə etmək mümkün deyil...

Stopnarkotik.az