“Narkomaniyaya qarşı mübarizə ailədən başlamalıdır” – SAMİRƏ ƏŞRƏF

“Xüsusilə ananın övladlarının yanında siqaret, içki istifadə etməsi yolverilməzdir"

"Asılılıqdan xilas olan insanların təcrübəsindən faydalanmaq lazımdır

Ölkəmizdə narkomaniyanın və narkoticarətin sürətlə yayılması cəmiyyətimizi təhdid edən əsas problemlərdəndir. Çünki, xüsusilə yeniyetmə və gənclərimizin narkotik aludəçisinə çevirlməsi dövlətimizin gələcəyi üçün böyük təhlükə vəd edir. Son illər aidiyyəti qurumlar istər narkotik ticarətinə, istər də narkomaniyaya qarşı ciddi mübarizə aparsa da, problemin qarşısını almaq mümkün olmur. Əksinə, narkomaniyanın qurbanı olan ailələrin sayının günbəgün çoxalması cəmiyyətimizi sosial və mənəvi anlamda çöküşə sürükləyir. Bu səbəbdən, əksər ekspertlər düşünür ki, ölkədə narkomaniyanın kökünü kəsmək üçün ilk növbədə yeniyetmə və gənclər arasında maarifçilik sahəsində görülən işləri genişləndirmək lazımdır.

Stopnarkotik.az-ın əməkdaşı bu və digər məsələlərlə bağlı Gənc Tamaşaçılar Teatrının Mətbuat katibi, yazıçı-publisist Samirə Əşrəflə söhbətləşib.

Samirə xanım hesab edir ki, narkomaniyaya qarşı mübarizə ilk növbədə ailədən başlamalıdır: “Çünki hər bir ailənin öz forması, cəmiyyətdə öz yeri var. Düşünürəm ki, birinci təbliğat ailədə getməlidir. Yəni tərbiyə üsulu kimi. Misal üçün, əgər bir ailədə ata siqaret, içki istifadəçisidirsə ən azından uşaqları azyaşlı olanda bu məsələlərə diqqət etməlidir. Yəni evində azyaşlı oğlu, qızı, böyüyən uşaqları varsa onların yanında siqaret, içki istifadəsi düzgün deyil. Çünki bütün hallarda içki də, siqaret də ziyanlı vərdişlər hesab olunur. Uşaq bunu davamlı görəndə onda belə şeylərə maraq artır. Sonrakı yaş dönəmlərində isə artıq meyl formalaşır. Ona görə də mənə elə gəlir ki, təbliğat ilk növbədə ailədən başlamalıdır”.

Samirə Əşrəf deyir ki, xüsusilə qadınların övladlarının yanında siqaret və içki istifadə etməsi yolverilməzdir: “Elə ailələr var ki, analar da siqaretdən, içkidən istifadə edir. Bu, qətiyyən yolverilməzdir. Bu kimi zərərli vərdişlər uşağın psixologiyasının formalaşmasında böyük rol oynayır. Bundan başqa, mən hesab edirəm ki, təbliğat vasitələri artırılmalıdır. Siz vurğuladığınız kimi, ölkəmizəd narkomaniyaya qarşı mübarizə aparılır. Metrolarda, avtobuslarda, dayanacaqlarda narkomaniya ilə mübarizə məqsədilə banerlərin vurulduğunu görürük, yazılar, plakatlar qarşımıza çıxır. Bu, əslində çox yaxşı haldır. Xüsusilə, onların işlənməsi, rənglənməsi, nəzərəçarpan olması müsbət haldır. Mənə elə gəlir ki, burda psixoloqların, bu işlə məşğul olan insanların, səhiyyə işçilərinin, həkimlərin rolu var. Hansı ki, o rəsmlər, banerlər, təsvirlər insana şüuraltı təsir göstərir. Ona görə, fikirləşirəm ki, bunlar geniş yayılmalıdır. Əyalətlərdə daha çox təbliğ olunmalıdır”.

Samirə xanımın fikrincə, maarifçilik sahəsinə də diqqət artırılmalıdır: “Çünki, bir insana nəyisə qadağa edəndə, onda həmin şeyə maraq daha da artır. İnsan yaradılışı etibarı ilə şüurlu məxluqdur, seçimləri var və s. Nəyisə qadağan etdikdə onu etməyə çalışır. Əlbəttə, Cinayət Məcəlləsində də bu qadağalar öz əksini tapıb. Amma hesab edirəm ki, maarifçilik artsa, hadisənin nəticəsi qanuna gedib dirənir, nəticəni, baş vermiş hadisəni qanun həll edir. Amma biz səbəbi axtarmalıyıq. Xəstəni müalicə etmək lazımdır. Ortada bir yara varsa, mütləq müalicə olunub, sağalmalıdır. Amma o yaranı törədən səbəb nədir, cəmiyyət olaraq biz onu tapmalıyıq. Ona görə də maarifçiliyin rolu çox böyükdür”.

Samirə xanım bu qənaətdədir ki, narkomaniyaya qarşı mübarizədə “ayıq”, asılılıqdan xilas olan insanların da təcrübəsindən faydalanmaq lazımdır: “Vaxtilə bu işin aludəçisi olmuş məşhur insanlar var ki, müalicə olunub, sağalıblar. Onların təcrübələrindən istifadə etmək lazımdır. Reabiltasiya mərkəzlərində narkomaniyadan, digər zərərli vərdişlərin asılılığından əziyyət çəkən insanlar var ki, onlarla görüşlər, seanslar keçirilir. Bax, həmin seanslara qonaq qismində bu cür insanlar dəvət olunmalıdır. Danışmalıdırlar, öz təcrübələrini bölüşməlidirlər. Ümumiyyətlə, məşhur insanların, ziyalı insanların bu məsələlərdə rolu olmalıdır. Məncə, bu təklif kimi işlənilsə, rəsmi qurumlar heç də biganə qalmazlar. Çünki, bütün hallarda gənclik bizim gələcəyimizdir”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az