Narkomaniyadan xilas üçün 7 əsas yanaşma! – TİBB UNİVERSİTETİNİN BAŞ MÜƏLLİMİNDƏN AÇIQLAMA

Firəngiz Quliyeva: “ilk mərhələdə sağlam həyat tərzinin üstünlükləri izah edilməlidir...”

“Narkomaniyanın qarşısını almaq, xüsusilə yeniyetmə və gəncləri bu bəladan qorumaq üçün həm ailələrin, həm də cəmiyyətin birgə səyi lazımdır”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə saytımıza açıqlama verən Azərbaycan Tibb Universitetinin Baş müəllimi, Biologiya üzrə fəlsəfə elmləri doktoru, “Qadınların İnkişafina və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin İdarə Heyətin üzvü Firəngiz Quliyeva bildirib.

Firəngiz xanım hesab edir ki, cəmiyyətimizdəki narkomaniya probleminin həllində aşağıdakı əsas yanaşmalar təsirli ola bilər:

1. Maarifləndirmə və Təhsil

- Məktəblərdə təhsil proqramları hazırlanmalıdır. Uşaqlara və gənclərə narkotiklərin zərərləri və yaratdığı təhlükələr haqqında erkən yaşlardan məlumat verilməlidir. Məsələn, ilk mərhələdə sağlam həyat tərzinin üstünlükləri izah edilməlidir. Daha sonra narkotiklərin fəsadları haqqında ətraflı məlumat verilməlidir.

- Ailələrin maarifləndirilməsi də mütləqdir. Valideynlər narkotiklərin ilkin əlamətlərini tanımaq və övladları ilə açıq ünsiyyət qurmaq üçün maarifləndirilməlidir.

- Mediada sağlam təbliğat kampaniyalarına üstünlük verilməlidir. Televiziya, sosial media və digər platformalarda narkomaniyanın nəticələri barədə maarifləndirmə işləri aparılmalıdır.

2. Pozitiv alternativlər təqdim etmək

- İdman və hobbilər: Gənclər boş vaxtlarını səmərəli keçirmək üçün idman, incəsənət, musiqi və digər fəaliyyətlərlə məşğul olmağa həvəsləndirilməlidir. Məsələn, pulsuz idman zalları və ya kurslar təşkil edilə bilər.

- Karyera və təhsil imkanları: Gənclərə özlərini inkişaf etdirmək üçün təhsil və iş imkanları yaradılmalıdır. Gələcəklərinə ümidlə baxan gənclər narkotikdən daha çox uzaq dururlar.

3. Rol modellərinin təqdim edilməsi

- Gənclərə uğurlu insanların nümunəsi göstərilməlidir. Məsələn, məşhur idmançılar, elm adamları və ya incəsənət xadimləri onların pozitiv təsirini artırar.

- Narkotikdən qurtulan şəxslərin həyat hekayələri gənclərə çəkindirici təsir göstərə bilər.

4. Psixoloji dəstək və erkən müdaxilə

- Psixoloji xidmətlər: Məktəblərdə və cəmiyyət mərkəzlərində gənclərin psixoloji problemlərini həll etmək üçün xidmətlər təşkil edilməlidir.

- Erkən xəbərdarlıq sistemi: Narkotik istifadəsinə meylli olan gəncləri vaxtında müəyyənləşdirərək, onların dəstəklənməsi təmin edilməlidir.

5. Qanunların gücləndirilməsi

- Sərt cəzalar: Narkotik satıcılarına qarşı daha sərt cəza tədbirləri tətbiq edilməlidir.

- Nəzarət sistemlərinin gücləndirilməsi: Polis və hüquq- mühafizə orqanları narkotik dövriyyəsinə qarşı müasir texnologiyalardan istifadə etməli, “qaynar nöqtələrdə” xüsusi tədbirlər görməlidir.

6. Cəmiyyətin iştirakı

- Qaynar xəttlər: İnsanların anonim şəkildə narkotiklə bağlı məlumat verə biləcəkləri platformalar yaradılmalıdır.

- Könüllü qruplar: Cəmiyyət daxilində könüllü qruplar təşkil edilərək, gənclər üçün marifləndirici tədbirlər keçirilməlidir.

7. Mədəni və ənənəvi dəyərlərdən istifadə

- Ailələrin gücləndirilməsi: Ənənəvi ailə dəyərləri qorunub saxlanılmalı, valideynlər övladları ilə yaxın münasibətdə olmalıdır.

- Mədəniyyət tədbirləri: Gənclərin milli-mənəvi dəyərlərə marağını artırmaq üçün festivallar, konsertlər və digər tədbirlər təşkil edilməlidir.

Hazırladı: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az