İctimai Birlik sədri: “Bir dövləti məhv etmək üçün yeniyetmə və gəncləri hədəf seçmək kifayətdir”
“Mən işimlə əlaqədar olaraq, uzun müddət narkotik istifadəçiləri və onların ailələri ilə təmasda olmuşam. Bu bəlaya düçar olan gənclərin düşdükləri dərin quyudan xilas olmaları ilə bağlı yalvarışlarını eşitmişəm. İradəsi möhkəm olanlar bu xəstəlikdən xilas ola biliblər. Digərləri isə həm özlərini, həm də ailələrini məhv ediblər. Üzücü haldır ki, onların çoxu da məhz cavan yaşlarında bu dünyanı tərk edib”.
Bunu Stopnarkotik.az saytına açıqlamasında “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva bildirib.
“Ölkəmizin inkişafı və gələcəyi sağlam gənclikdən asılıdır. Bu səbəbdən, gənclərin iş qabiliyyətli, sağlam düşüncəyə, dərrakəyə malik olması hər bir valideyn kimi, dövlət rəhbərliyinin də arzusudur”, - deyən Z.Mustafayeva hesab edir ki, əslində, hansısa gəncin pis vərdişlərə meyl etməsində hər bir vətəndaşın məsuliyyəti var:
“Gənclərimiz narkotikin ölümə səbəb olduğunu bildiyi halda, nədən bu bəlaya düçar olurlar? Niyə ölkəmizdə narkomanların sayı artmaqdadır? Onların bu tora düşməsində günahkar kimlərdir? Əslində, bu sualları mən özümə də verirəm və bir müəllim, vətəndaş olaraq özümü də günahkar sayıram. Demək, biz hardasa boşluğa yol açmışıq”.
İctimai Birliyik sədri bu fikirdədir ki, yeniyetmə və gənclərin pis vərdişlərə meyl etməsinin aşağıdakı səbəbləri var:
1. Gənclərin asudə vaxtlarının düzgün təşkil olunmaması;
2. Onların mədəniyyət tədbirlərinə cəlb olunmaması;
3. Valideyinlərin diqqətsizliyi və onlarla ünsiyyətə girməmələri;
4. Boşanmış ailələrdə və ya məişət zorakılığı olan ailələrdə böyüyən uşaq və gənclərin travma alması;
5. Sosial problemi olan ailələrdə uşaq və gənclərin (xüsusilə çayxanalarda, restoranlarda işləyənlər və s.) nəzarətsiz qalması.
Zemfira Mustafayeva deyir ki, bu sahədə preventiv tədbirlər aparılsa da, nəticə çox zəifdir: “Filmlər çəkilir, broşürlər və bukletlər çap olunur, görüşlər keçirilir, buna baxmayaraq istədiyimiz nəticəni ala bilmirik. Televiziyalarda sosial çarxlar çox az nümayiş olunur.
Narkomanlar öz bəlaları haqqında danışanda daha çox təəssürat yaradır. Onları üzübağlı veriliş və görüşlərə dəvət etmək lazımdır. Bir məktəbdə narkomanların həyatını, onların HİV virusuna yoluxmasını, sonda orqanlarının çürüməsini göstərən sənədli film nümayiş etdirdik. Auditoriyada olan şagirdlərin üzlərində olan ifadə, qorxu, həyəcan, göz yaşları sanki deyirdi ki, mən belə olmaq istəmirəm. Yəni maarifləndirmə sahəsində təsirli vasitələrdən istifadə etmək lazımdır”.
“Yeniyetmə və gənclərlə sağlam həyat, sağlam gələcək haqda mütəmadi söhbətlər aparılmalıdır”
İctimai Birliyik sədri onu da vurğuladı ki, narkomanların müalicəsi üçün reabilitasiya mərkəzlərinin sayı da artırılmalıdır: “Reabilitasiya keçərək sağalmaq istəyənlər üçün mərkəzlər çox azdır və ödəniş haqqı cox yüksəkdir, əksər ailələrin buna imkanı olmur. Yaxşı olardı ki, reabilitasiya mərkəzlərinin sayı çoxaldılsın və ödənişlər azaldılsın.
Bundan əlavə, gənclərimizi xeyirli, onların sağlamlığına töhvə verə biləcək işlərə yönəltmək lazımdır.
Narkomaniya sağalmayan, düzgün diaqnoz qoyulsa da mənbəyi tapılıb məhv edilməyən bir xəstəlikdir. Narkomaniya hər evə səssiz olaraq sızan bir bəladır. Düşməninin kim oldugunu konkret bilirsən və onunla ölüm-dirim mübarizəsi aparırsan, bütün gücünü ona qalib gəlmək üçün səfərbər edirsən. Narkomanlığa düçar olmuş insan hər an bunu nəzarətdə saxlayacağını, istədiyi zaman ondan azad olunacağını düşünür. Amma bir zaman gəlir ki, artıq onun əsiri, qulu olduğunu anlayır.
İllərdir narkomaniyaya qarşı mübarizə aparılır. Lakin ildən-ilə qurbanların sayı da artır. Güman edirəm ki, mübarizə 2 yolla aparılmalıdır: həm maarifləndirmə genişləndirilməli, həm də cəzalar sərtləşdirilməlidir. Yeniyetmələr və gənclərlə aparılan maarifləndirmə işlərinə narkomaniyanın qurbanları da könüllü şəkildə cəlb olunmalıdırlar. Məktəblərdə hər ay bu haqda məlumatlar verilməli, disputlar keçirilməli, filmlər nümayiş etdirilməlidir. Ödənişsiz idman zalları fəaliyyət göstərməlidir. Yeniyetmələr və gənclərlə sağlam həyat, sağlam gələcək haqda mütəmadi söhbətlər aparılmalıdır. Çünki bir dövləti məhv etmək üçün yeniyetmə və gəncləri hədəf seçmək kifayətdir”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az