"Narkomaniya, erkən nikah və məişət zorakılığına yox deyək!" - YARDIMLIDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTOLAR

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 nömrəli tam orta məktəbdə "Narkomaniya, erkən nikah və məişət zorakılığına yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirilib.

Stopnarkotik.az xəbər verir ki, çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Rauf Babaşov bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Şöbə rəisi dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükəsindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

Sonra Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, rayon təhsil sektorunun müdiri Kamal Təhməzov və digər aidiyyəti qurumların nümayəndələri çıxış edərək erkən nikahların ailədə, cəmiyyətdə yaratdığı fəsadlar, bu neqativ halla mübarizədə görülməli olan işlərlə bağlı məlumat veriblər. Hər kəsi bu kimi həssas mövzularda diqqətli olmağa, vətəndaş mövqeyi sərgiləməyə çağırıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Stopnarkotik.az