Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları Siyəzən Peşə Məktəbinin kollektivi ilə erkən nikah, narkomaniya və dini radikalizmin yaratdığı təhlükələr barədə maarifləndirici görüş keçirib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə Polis Şöbəsinin rəisi polis polkovniki Xəqani Məmmədov çıxış edərək erkən nikahın sosial və hüquqi nəticələri, narkotik vasitələrin gənclər üçün doğurduğu ağır fəsadlar, eləcə də radikal dini qrupların yaratdığı risklər barədə ətraflı məlumat verib.
O, gənclərin düzgün maarifləndirilməsinin, sağlam həyat tərzinin təşviq edilməsinin və təhlükəli təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.
Görüşün əsas məqsədi peşə məktəbi tələbələrini məlumatlandırmaq və onları məsuliyyətli, sağlam və təhlükəsiz seçimlərə yönləndirmək olub.
