Gülər Nəbiyeva: “Sahib olduğumuz azadlığı qorumaq üçün sağlam ruh, sağlam düşüncə lazımdır”
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aparılsa da, bu bəlaya düçar olan yeniyetmə və gənclərimizin sayı artmaqdadır. Əksər ekspertlər bu fikirdədir ki, ölkəmizdə narkomaniyanın qarşısını yalnız əməliyyat-axtarış və cinayət-hüquqi tədbirlərin keçirilməsi ilə almaq mümkünsüzdür, cəmiyyətdə maarifçilik yükünü daha da artırmaq lazımdır. Şübhəsiz, burada orta və ali məktəblərdə aparılan maarifləndirici tədbirlərlə yanaşı, mədəniyyət ocaqlarımızın da mühim təsiri ola bilər. Odur ki, Stopnarkotik.az-ın əməkdaşı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Gülər Nəbiyeva ilə bu mövzu ətrafında söhbət aparıb.
G.Nəbiyeva hesab edir ki, müasir dövrdə narkomaniya ən çox yeniyetmə və gənclər hədəf alıb: “Saytlardan, sosial şəbəkələrdən, qəzetlərdən də xəbər aldığımız kimi, hazırda "ağ ölüm" ən çox gəncləri hədəf alıb. Məlum olduğu kimi, bu, artıq məktəblərə də “ayaq açıb”. Bu, cəmiyyətimiz üçün çox acınacaqlı haldır. Məktəblilər, gənclər bizim gələcəyimizdir. Yeniyetmə oğlanlar gələcəyimizin əsgərləri, qızlar gələcəyimizin analarıdır. Onların narkomaniya ilə öz canlarını məhv etmələri dövrümüzün ən acınacaqlı hallarından biridir. Mənə elə gəlir ki, onlarla vaxtaşırı danışmaq, maarifləndirici söhbətlər aparmaq lazımdır”.
Gülər Nəbiyeva belə düşünür ki, xüsusilə məktəblərdə narkomaniyanın zərərləri, fəsadları haqda danışılmalıdır: “Sadəcə, hər insanın özünün iradəsi olmalıdır. Əvvəllər biz siqaretə qarşı da çox pis münasibət bəsləyirdik. Elə indi də o cürdür. Bu, pis vərdişlər gənclərimizi, doğmalarımızı əlimizdən alır. Mənə elə gəlir ki, indi narkomaniya siqareti də qat-qat üstələyib, cəmiyyəti öz ağuşuna alıb. Cəmiyyəti məhv etmək dərəcəsinə gətirib çıxarıb.
Mənə elə gəlir ki, hər kəs öz iradəsinin gücünə inanmalıdır. Hansısa bir şəxs “mən bundan qurtula biləcəyəm”, - deyəcəksə, o, narkomaniyadan da, siqaretdən də xilas ola, normal həyatına dönüb, öz həyatını yaşaya bilər.
Ümumiyyətlə, narkotikə, narkomaniyaya aludə olmaq çox dəhşətli bir şeydir. Necə ki, biz müasir dövrdə telefonun qurbanına çevirilmişik, eləcə də sosial şəbəkələrsiz həyatımızı təsəvvür etmirik, narkomaniya da yeniyetmə və gəncləri məhv edir. Ona görə, birinci növbədə onların iradəsinə inanmaq lazımdır. Narkotikin zərərlərini daha çox təbliğ etməliyik. Gənclər biləməlidir ki, yaxşı, sağlam yaşamaq üçün belə şeylərdən uzaq qaçmaq lazımdır”.
Tanınmış aktrisa deyir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bu sahədə maarifləndirici tamaşalar hazırlayıb: “Bizdə, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında belə bir tamaşa var, artıq neçə ildir oynanılır. Bu tamaşanın adını " Ağ ölüm" adlandırmışıq. Həmin tamaşanı məktəblilər, tələbələr üçün də oynamışıq. Çox gözəl qarşılanıb. Orda bir ailənin faciəvi həyatından bəhs olunur. Hansı ki, ailənin narkomaniyanın qurbanına çevirilməsi acınacaqlı həyata gətirib çıxarır, atanın, ananın ölümünə səbəb olur. Ona görə də uşaqlar belə şeylərə baxıb, eyni zamanda kitabları oxuyub, kitablarda hadisələri görüb, öz həyatlarını düzgün istiqamətləndirə bilərlər.
Təəssüf ki, indiki zamanda kitaba qarşı laqeydlik təkcə Azərbaycanda deyil, bütün dünyada var. Hətta indiki gənclər efirlərdə göstərilən tərbiyələndirici, maarifləndirici verilişləri də qəbul etmir. Bizim dövrdən, yetmişlərdən üzü bu yana, demək olar ki, hər kəs öz həyatını sağlam şəkildə qurmaq istəyirdi. Ancaq müasir dövrdə “mən beləyəm, mən bununla çox rahat oluram”, deyib, sonda da özlərinin məhvinə səbəb olurlar”.
Gülər Nəbiyeva deyir ki, yeniyetmə və gənclərimiz başqalarına bənzəməməli, özləri olmağı bacarmalıdırlar: “Populyar insana bənzəmək lazım deyil. Sən ona bənzəmək istəsən, artıq onun karikaturasını çəkmiş olarsan. Mənə elə gəlir ki, hər kəs özü olsa, özündən çıxış etsə, özü istədiyini etsə, daha yaxşı olar. “Müğənni, aktyor bunu istəyir, belə geyinir, belə gəzir, belə yaşayır, mən də belə edim, belə gəzim”, - demək düzgün deyil. Çünki o da gənclərimizi axırda ölümə sürükləyir, onların öz dünyası olmur. Mənə elə gəlir ki, gənclərimiz bundan uzaq qaçsalar yaxşı olar.
Yeniyetmə və gənclərimiz həyatda özlərini təsdiq etməyə çalışsınlar. Çoxlu mütaliə etsinlər. Kitaba daha çox meyl etsinlər. Kitab insanın həm zehnini möhkəmləndirir, həm də dünyagörüşünü artırır. Gəzmək də həmçinin. Amma kitab sənə dünyanı tanıdır, bir şəxsiyyət kimi formalaşmağına yardımçı olur. Bizə seçim verilir, qismət verilir. Nəyi çox seçə biləcəksənsə, həyatını o cür zinətləndirəcəksən.
Hər bir gəncimiz Azərbaycanın gələcəyidir. Ölkəmizin gələcəyi üçün gənclərimiz sağlam yaşasınlar. Sahib olduğumuz azadlığı qorumaq üçün sağlam ruh, sağlam düşüncə lazımdır. Bu sağlam düşüncə də ətrafımızda baş verən neqativlərdən uzaq olmaq deməkdir. Bununla, daha gözəl duyğuları əlimizdə saxlaya bilərik. Bizə miras qalmış azadlığımızı gələcək nəsillərə ötürə bilərik. Ona görə, gənclər pis vərdişlərə meyl etməməli, yollarından sarpmamalıdırlar”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az