“Narkoman valideynlərin uşaqları onlardan uzaqlaşdırılmalıdır” – TANINMIŞ PSİXOLOQ

Pərvanə Baxşəliyeva: "Tanıdığım 16-17 yaşlı bacılar analarnın narkotikindən istifadə edirdilər"

“Dövlət xüsusi proqram hazırlamalı, narkotik asılılığından xilas olan insanların yenidən işə bərpası üçün şərait yaratmalıdır”

“Təəssüf ki, cəmiyyətimiz narkotik asılılığından xilas olan, artıq həyatını sağlam şəkildə davam etdirmək istəyən insanlara ikinci şansı vermir”

Milli mentalitetimizdə qadınların xüsusi yeri var. Təsadüfi deyil ki, bir çox məqamlarda onlara daha həssas yanaşılır. Amma təəssüf ki, narkomaniyanın ölkəmizə vurduğu zərbə zərif cinsdən də yan keçməyib. Belə ki, son illərdə Azərbaycanda narkoman qadınların sayında da çox ciddi artım var.

Bəs, cəmiyyət olaraq bu problemdən necə çıxış yolu tapa bilərik? Ümummilli epidemiyaya çevrilmiş bu bəlanı necə yox edə bilərik? Əlbəttə, bütün bunlar hər birimizi narahat edən, ən yuxarı səviyyədə cavablandırılmalı olan sualdır. Xüsusilə aludəçi qadınların sağalma dönəmindən sonrakı müddətdə həyatlarını yenidən qurmaları prosesini diqqətə alaraq. Elə bu məqsədlə də klinik psixoloq Pərvanə Baxşəliyevanın mövqeyini öyrəndik.

- Pərvanə xanım, narkomaniyanın “epidemiya” kimi ölkəmizdə necə tüğyan etdiyi məlumdur. Onu da bilirik ki, əvvəllər qadınların arasında narkomaniyaya düçar olanlar az idisə, bu balans get-gedə pozulur. Narkoman qızların sayı həddən çox artıb. Siz psixoloq olaraq bunun səbəbini nədə görürsünüz?

- Birincisi, işlədiyim ailələrdə, sığınacaqlarda, reabilitasiya mərkəzlərində rast gəldiyim hadisələrə əsasən deyə bilərəm ki, əsas səbəb ailədə kiminsə istifadəçi olmasıdır. Nəticədə həmin yeniyetmənin də bu prosesə cəlb olunduğunu görmüşəm. Birinci səbəb kimi bunu görürəm. İkinci səbəb kimi isə ətraf mühit, yoldaş, dost, sevgili – bu tipli münasibətlərdə ikinci tərəfin narkomaniyanın qurbanı olmasını, digər tərəfi də bu yola çəkməsini görmüşəm.

Onların istər-istəməz ginekoloji tərəfdən də problemlərinin olduğunu biz görürdük. Narkotiklər ana olma prosesinə də təsir göstərir. Nə vaxt təsir göstərir - daha irəliki zamanlarda

- Məlumdur ki, qızlar gələcəyin anasıdır. Sizcə, narkomaniya onların bu potensialına necə təsir göstərir?

- Sığınacaqda rastlaşdığım belə hallar olub. Bu tipli qızların, qadınların ana olması prosesini görmüşəm. İnanın ki, belə hallarda sağlam uşaqlar dünyaya gəlməyib. Mütləq şəkildə hamiləlik vaxtı qəbul edilən narkotiklərin fəsadları daha sonrakı yaşlarda uşağın orqanzimində, sağlamlığında özünü göstərir. Mən bir il müddətində sırf yeniyetmə qızların narkomaniya qurbanı olduğu reabilitasiya mərkəzində çalışdım. Onların içində ana olanlar da var idi. Mən bir şeyin şahidi oldum ki, narkotiklər istər-istəməz onların fiziki görünüşündə öz izlərini buraxır. İstər xarici görünüşündə, istər dərisində. Onlar reabilitasiya prosesində vaxtaşırı həkim müayinələrindən keçirdi, müalicə də qəbul edirdilər. Onların istər-istəməz ginekoloji tərəfdən də problemlərinin olduğunu biz görürdük. Narkotiklər ana olma prosesinə də təsir göstərir. Nə vaxt təsir göstərir - daha irəliki zamanlarda. Amma narkotiklərə yeni başlamış qızlarda, hansı ki, zorakılıq, təcavüz qurbanı olublar, yaxud da qeyri-şüuri olaraq, amma öz istəyi ilə cinsi münasibətə girmiş qızlardan ana olanlar var idi. Daha sonrakı yaşlarda bu prosesin hamilə olduğu müddətdə qısa zamanda öz-özünə sonlanmasını müşahidə etdik. Çünkü belə qadınlarda dölün inkişafı sağlam getmir. Biz bunu müşahidə etdik.

Hətta elə olub ki, bizə müraciət edən xanımın 6-7 aylıq narkotik istifadəsi olub və o vəziyyətdə hansısa selektiv abortdan söhbət gedə bilməzdi, amma hamiləliyin bitməsinə 2-3 ay qalmış müddət açılışlarla müşahidə olunub. Çünki döl sağlam olmayıb. Dölün sonrakı prosesində sağlam olmayan uşaq dünyaya gəlib, o uşaqda hansısa problemlər olub, istər fiziki problemlər olsun, istər daxili orqanlarda hansısa problemlər olsun.

- Ümumiyyətlə narkoman qadının həm fiziki, həm də psixoloji baxımdan sağlam nəsil vermə və yetişdirmə perspektivini necə görürsünüz?

- Reabilitasiya prosesi keçmədən, tamamilə sağalmadan onların istər yenidən ailə qurması, istər də yenidən ana olmanın gözdən keçirilməsi məsləhət görülmür. Mənim iş təcrübəm dövründə bir neçə xanım olub, həmin xanımların yeniyetmə qızları ilə də işləmişəm, o qızlar da eyni formada analarının getdiyi yoldan gedirlər. Ana narkotiki atmayıb, tam müalicə olunmayıb, qısamüddətli narkotikləri tərk edir, yenə qayıdır, get-gəllər yaşayır. O qısamüddətli gediş-gəliş də önəmlidir. Məndə iki bacı olub, biri 16, digəri 17 yaşında, onların hər ikisi anasının narkotikindən istifadə edirdi. Bax, problem budur.

Ümumiyyətlə, dövlət bu sahədə işlər görməyə çalışır, amma bu qaneedici deyil. Elə insanlardan uşaqlarının uzaqlaşdırılması məsləhətdir. Çünki bir yerdə yaşayanların hamısında narkotik istifadəsini görmüşük. Yüzdə yüz olmasa da, çox hallarda müşahidə etmişik. Onların yenidən cəmiyyətə inteqrasiyası prosesi də var. Çünki uzun müddət cəmiyyətdən izolyasiya olunurlar. Ona görə də yenidən cəmiyyətə adaptasiya olma prosesi var və bu bizim cəmiyyətdə çox çətindir. Bizim cəmiyyətimizdə stiqmalar, prinsiplər, damğalanmalar o qədər güclüdür ki, hansısa bir insan artıq narkotik istifadəçisi olubsa, barmaqla göstərilir. Onun yenidən cəmiyyətə qayıtması, yenidən uyğunlaşması, adaptasiyasında mühit də çox önəmli amildir. Amma çox təəssüf olsun ki, bu mühit amili bizdə sağlam deyil. Ona görə sağalma prosesi başa çatır, amma onun yenidən cəmiyyətə adaptasiyası çətin proseslərdir. İkinci ən çətin proses budur. O, yenidən cəmiyyətə adaptasiya olacaq, onu yenidən kimsə sağlam insan kimi qəbul edəcəkmi, kimsə onu həyatına qəbul edə biləcəkmi, özünüz bilirsiniz, bizdə mental dəyərlər nə yerdədir. Dediyim stiqmalar ki var, damğalanma prosesindən söhbət gedir, təəssüflər olsun ki, bizdə sağlam şəkildə deyil. Ona görə də biz hətta şahidi olmuşuq ki, aludəçi reabilitasiya prosesini keçib, cəmiyyətə adaptasiyasına şərait yaratmışıq, tutaq ki, təhsili olsun, yenidən ailə qurması üçün şərait yaratmaq olsun, əmək fəaliyyəti olsun... Axı, istər-istəməz bu insanların bir keçmişi var. Hansı ki, hüquq-mühafizə orqanlarında onlar narkotik istifadəçisi kimi qeydiyyatdadırlar. Bilirsiniz ki, indi kompyüter sistemidir. İnsanın tərcümeyi-halını axtarışa verəndə bilinir ki, o, narkotik istifadəçisi olub. Və elə insanı işə götürmürlər. Halbuki, bu insan sağalıb, artıq həyatını sağlam şəkildə davam etdirmək, ona yaradılmış ikinci şansı dəyərləndirmək istəyir. Amma təəssüf ki, cəmiyyət ona ikinci şansı vermir. O insan bunu istəyir, amma cəmiyyət olaraq biz ona bu şansı vermirik. Bu da bizim ən böyük əngəlimizdir.

- Çıxış yolunu nədə görürsünüz?

- Mən bu mövzuda dövlətin daha böyük addım atmasını istəyərdim. Çünki xırda qurumların, bizlərin gördüyü iş çox kiçikdir. Biz tutaq ki, o insanlara cavabdehlik götürürük, hansısa bir insandan bu şəxs üçün xahiş edirik ki, narahat olmayın, mən ona cavabdehəm, bu insan yenidən narkotik istifadə etməyəcək, oğurluq etməyəcək. Kimsə bizə arxalanıb o insanı işə götürür. Axı bütün iş yerləri belə deyil. Dövlət bu sahədə xüsusi bir proqram hazırlamalıdır, o insanların yenidən işə bərpası üçün şərait yaratmalıdır. Bununla bağlı bir qanun olmalıdır. Çünki belə bir qanun yoxdur. Sözdə o insanların cəmiyyətə yenidən adaptasiyası, geri qayıdışı, uyğunlaşması var. Amma bir qanun yoxdur ki, hansısa bir dövlət qurumu, yaxud özəl qurum o qanundan çəkinsin ki, bu dövlət qanunudur, mən bu adamı işə götürməsəm cəzası var. Belə bir qanun yoxdur, təəssüf ki.

Narkomaniyanın zərərləri ilə bağlı mütəmadi maarifləndirici tədbirlər keçirilməlidir. Bunun üçün xüsusi komanda seçilməlidir

- Bəs, həm dövlətə, həm də cəmiyyətə ünvanlanmış konkret təklifləriniz nə olardı? Dövlət və cəmiyyət olaraq nələr etməliyik?

- Dövlət olaraq bu sahədə çıxışlarımda da təkliflər etmişəm ki, mütləq bu sahədə maarifləndirmə çoxalmalıdır. Tutaq ki, mən eyni zamanda təlimçiyəm, bir il içində BMT ilə birgə “Qaranlıqdan gün işığına” adlı layihəmiz baş tutdu. Mən orada təlimçi idim. Biz bir içində Bakı şəhəri üzrə universitetləri, orta məktəbləri gəzdik, bu mövzuda təlimlər verdik. Amma bu təlimlər daha geniş olmalıdır. Dövlət səviyyəsində xüsusi proqramlar hazırlanmalıdır. Baxın, dövlət səviyyəsində bu sahədə hansısa televiziyalarda vaxtaşırı daimi yayımlanan televiziya verilişi varmı? Yoxdur. Hansısa kiçik proqramları nəzərdə tutmuram. Dövlət bu sahəyə əl atmalıdır. Həmişə deyirəm, bizlərin gördüyü iş kiçikdir, amma dövlətin görəcəyi iş böyük olacaq, daha böyük kütləyə çatacaq. Birincisi, maarifləndirici tədbirlər olmalıdır, hər zaman istər məktəblərdə, istər universitetlərdə bir dəfə yox, daimi, vaxtaşırı keçirilməlidir. Bunun üçün xüsusi komanda seçilməlidir. Peşəkarlardan ibarət komanda olmalıdır. İkincisi, daim bu sahədə verilişlər hazırlanmalıdır. İnsanlar nə vaxt narkomaniyanın qurbanına çevrilir-məlumatsız olduqda, bunun nəticəsinin onun üçün nə olacağını bilmədikdə. Çünki mən reabilitasiya mərkəzlərində çox işləmişəm. Bu sözü oradakı narkotik aludəçilərinin hamısından eşitmişəm: “Mənə narkotikin nəticələrinin belə olacağını heç kim deməyib. Mən deyilib ki, çox gözəl olacaqsan, beynin rahat olacaq, bütün dərdlərini unudacaqsan, səni heç nə narahat etməyəcək”. Məlumdur ki, narkotiki əsasən problemi olan insanlar istifadə edir. Amma onların narkotikin o biri tərəfləri haqqında məlumatsız olduqları, onları sonra nələr gözlədiyini bilmədikləri üçün buna gedirlər.

- Yəni bilməməzlikdən narkotiklərə düçar olurlar.

- Bəli, əksəriyyəti. Çünki çoxu deyir, mən bilsəydim ki, sonunda narkotikə aludə olacağam, ondan qopa bilməyəcəyəm, ona görə hətta bədənimi satacağam, hətta evdən oğurluq edəcəyəm, qonşudan oğurluq edəcəyəm, hörmətimi itirəcəyəm, bu yola getməzdim. Cəmiyyət olaraq da maarifləndirmə işi ikitərəfli getməlidir. Həm insanların bu sahədə maarifləndirilməsi, həm də belə keçmişi olan, amma sağalmış insanların yenidən qəbul edilməsi. Yəni onlarla ünsiyyətə girilməsi, cəmiyyətə adaptasiyasına köməklik göstərilməsi. Onlara yara-xoralı, çibanlı xəstə kimi baxmamalıyıq. Bax, problem budur. Biz elələrini görəndə onlara yaxın durmuruq, uşağımızı da uzaqlaşdırırıq. “Filan vaxt o narkotik çəkib, filan vaxt o içəridə olub” kimi fikirləri daşıyırıq.

- Belə çıxır ki, cəmiyyət olaraq da “reabilitasiya keçməliyik”.

- Mütləq. Cəmiyyət olaraq sağlam düşüncəyə sahib deyilik. Düşüncə sağlamlaşdırılmalıdır. Yəni onlar geri dönüş edirsə, biz onların geri dönüşünə kömək etməliyik. Təzədən onları qınağımızla narkotik bataqlığının içinə itməli deyilik.

Yəni bədən olaraq sağalma 9 gündürsə, psixoloji olaraq sağalma uzun müddət çəkir. Aylarla, bəzən illərlə. Yəni bu asan deyil. Burda həmin insanın daim psixoloji dəstək alması mütləqdir

- Pərvanə xanım, aludəçilər tam sağalma dönəmini keçdikdən və bir neçə illik ayıqlıq müddətindən sonra onlarda digər sağlam insanlar kimi övlad sahibi olmaq və onu yetişdirmək alınırmı?

- Bir şey deyim, bir neçə ay davam edən reabilitasiya prosesinə gəlincə, narkotikin özünün bədəndən təmizlənməsi 9 günlük detoks proqramı ilə baş verir. Bəs onda ortaya sual çıxır ki, narkotik qandan təmizlənirsə, bu insan necə narkotiklərə qayıdır? Deməli, məsələ onun qanda olub-olmaması deyil. Məsələ onun beyində, şüurda psixoloji olaraq kök salmasıdır. Nəyə görə, reabilitasiya prosesinə başlayanda, aludəçi yeniyetmədirsə valideynlərinə deyirik ki, onu mühtindən uzaqlaşdırın?! Hansı ki, həmin mühit onu çirkaba çəkir. Çünki yeniyetmənin o insanlarla yenidən ünsiyyəti şüurunda narkotiki tətikləyir. Yəni bədən olaraq sağalma 9 gündürsə, psixoloji olaraq sağalma uzun müddət çəkir. Aylarla, bəzən illərlə. Yəni bu asan deyil. Burda həmin insanın daim psixoloji dəstək alması mütləqdir. Bəli, bu sahədə işləyən həkimlər, psixoloqlar da öz rəylərini verəndən sonra ki, artıq bu şəxs sağlamdır, hansısa mühitə düşəndə onda yenidən əvvəlki meyllər tətiklənməyəcək, sağalmaya inanmaq olar. Ola bilər ki, şəxs bir neçə il narkotik istifadə etmir, amma o mühitə düşən kimi dərhal yenidən başlayır. Elə olub ki, şəxs 3 il narkotik istifadə etməyib, 3 ildən sonra bir saniyənin içində mühit təzədən onu narkotikə qaytarıb. Bunu da görmüşük. Məsələ beyin və psixoloji olaraq asılılıqdan qurtarmaqdır. Bədən asılılığı tez bitir, amma beyin asılılığı uzun illər davam edir. Və nə vaxt ki, beyin asılılığı bitir, onda onlara icazə verilə bilər ki, sən artıq ata, yaxud ana ola bilərsən. Artıq sən övlad yetişdirə bilərsən, sənin fizioliji sağlamlığın yerindədirsə, buyur. Çünki biz heç kimin bu haqqını əlindən ala bilmərik.    

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az