“Narkoloji mərkəzlərdə kadr çatışmazlığı hiss olunur” - MƏRKƏZ DİREKTORU

Qalib Məmmədov: “ADTU-da yetişdirlən kadrlar hesabına yaxın gələcəkdə bu çatışmazlıq aradan götürüləcək”

“Azərbaycanda narkoloji durum başqa ölkələrlə müqayisədə daha qənaətbəxşdir”

3 ilə yaxındır ki, Azərbaycanda dövlət səviyyəsində narkomaniyaya qarşı mübarizə çərçivəsində ciddi tədbirlər görülür. Bu baxımdan, həm dövlət büdcəsindən maliyyələşən narkoloji mərkəzlər, həm də özəl reabilitasiya mərkəzləri səfərbər olunub. Amma hələ də istənilən nəticəni əldə etmək mümkün olmur.

Bu isə onu deməyə əsas verir ki, dövlət narkoloji mərkəzlərində ənənəvi müalicə metodu yenilənməlidir. Özəl reabilitasiya mərkəzlərində isə narkotikdən tam, yaxud uzunmüddətli remissiya əldə olunsa da, burada da kifayət qədər qüsurlar var. Bu səbəbdən, ekspertlər qeyd edirlər ki, dövlət tam təchizatlı və vətəndaşlara əlçatan olan reabilitasiya xidmətləri vermək üçün işə qarışmalıdır. Odur ki, Stopnarkotik.az saytının əməkdaşı bu mövzu ətrafında Bakı Narkoloji Mərkəzinin direktoru Qalib Məmmədovun fikirlərini öyrənməyə çalışıb.

- 3 ilə yaxındır ki, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Prosesə müvafiq dövlət qurumları cəlb olunub və kifayət qədər müsbət işlər də görülüb. Buna baxmayaraq, narkomaniyanın qarşısını kəsmək mümkün deyil, əksinə, statistik rəqəmlər narkotik istifadəçilərinin sayının artdığını göstərir. Sizcə, bunun səbəbləri nələrdir?

- Azərbaycan Respublikası Prezidentinin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanına əsasən narkomaniya problemi ilə ciddi mübarizə aparılır. Onu da qeyd etmək lazımdır ki, hər beş ildən bir olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlanır.

- Sizcə, narkoloji müəssisələrdə tətbiq edilən müalicə metodları yenilənməli, daha müasir metodologiya tətbiq olunmalıdırmı?

- Narkoloji müəssisələrdə kliniki protokollara uyğun müalicə aparılır. Bunlar da dünyada olan təcrübəni özündə əks etdirir.

- Ümumiyyətlə, bir mütəxəssis olaraq sizin bu problemin həllinə baxışınız necədir, vəziyyətdən çıxış yolunu necə görürsünüz?

- Azərbaycanda narkoloji durum başqa ölkələrlə müqayisədə daha qənaətbəxşdir. Bu da, ölkə başçının və aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının bu məsələyə həssas yanaşmasından irəli gəlir.

- Özəl reabilitasiya mərkəzlərinin narkomaniyanın qarşısının alınmasında rolu nə qədərdir?

- Ümümiyyətlə, bir narkoloji xəstənin normal həyata daha tez qayıtmasında onun psixo-sosioloji reabilitasiyanın mühüm rolu var. Bu gün narkoloji mərkəzlərdə bu bölümlər fəaliyyət göstərir. Lakin, qeyd etmək lazımdır ki, kadr çatışmazlığı hiss olunur. Bu gün Azərbaycan Dövlət Tibb Universitetində (ADTU) kliniki psixoloq kafedrası var, hansı ki, bu kadrları yetişdirir və yaxın gələcəkdə bu çatışmazlıq aradan götürüləcək.

- Narkomaniyaya qarşı mübarizədə xarici dövlətlərin, xüsusilə də ABŞ və Avropa ölkələrinin praktikasından yararlanmaq mümkündürmü?

- Bizim həkim narkoloqlar daimi beynəlxalq və ölkədaxili keçirilən konfranslarda, seminarlarda iştirak edirlər və daimi təcrübə mübadiləsi aparılır.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az