Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib?

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Respublika Narkoloji Mərkəzin direktoru Fəzayıl Sadıqovu cərimələyib. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, dövlət qurumu direktora İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi barədədir. 

Maddədə inzibati cəza növü vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Fəzayıl Sadıqov dövlət qurmunun qərarından məhkəməyə şikayət verib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib. 

Fəzayıl Sadıqov Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsinə cari ilin may ayında təyinat alıb.