Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Əhməd oğlu Sadıqov barəsində cərimə protokolu tərtib edilib.
Stopnarkotik.az xəbər verir ki, mərkəz direktoru barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol yazılıb.
192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Fəzail Sadıqov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Sabunçu Rayon Məhkəməsinin hakimi Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.