Xəbər verildiyi kimi, Azərbaycan XİN Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilən azərbaycanlılarla bağlı Rusiyaya müraciət edib. Miqrasiya probleminə görə Çeçenistanda həbs edilən Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
Adları çəkilən Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilir. Onlara zorla sənəd imzalatdırıblar və həmin şəxslər Ukrayna ilə müharibə zonasına göndəriliblər. Bəzi mənbələr hətta onların 3 yox, 5 nəfər olduqlarını bildirirlər.
Əslində, bundan əvvəl də Moskva və digər şəhərlərdə ticarətlə məşğul olan azərbaycanlıların zorla hərbi uçota alınaraq, orduya cəlb edilmələri barədə məlumatlar yayılmışdı. Lakin həmin vaxt lazımi reaksiya verilmədiyindən, tədbirlər görülmədiyindən indiki acınacaqlı halla qarşılaşırıq.
Maraqlıdır ki, azərbaycanlılara qarşı açıq cinayət və Azərbaycana qarşı aşkar hörmətsizlik xarakterli bu addıma ölkəmizin daxilində adekvat reaksiya verilmir. XİN nota göndərsə də, cəmiyyət, mətbuat, televiziyalar və s. bu mövzuya lazımi diqqət yetirmir. “Rusbaş” politoloqların, siyasətçilərin, “ictimai fəallar”ın isə ümumiyyətlə, səsi çıxmır.
Bu biabırçı hadisə başıpozuq Rusiyanın Ukraynada necə bir bataqlığa düşdüyünü, imperiyaçı, şovinist rusların müharibəyə getmək istəmədiyini və buna görə qarşılarına keçən digər millətləri ölümə göndərdiklərini bir daha təsdiqləyir.
Ancaq məsələnin Azərbaycan üçün də açıq təhqiredici tərəfləri var. Azərbaycanlıların Ukraynaya münasibəti bəllidir. Bu ölkə də bizim kimi təcavüzə məruz qalıb və öz torpaqlarını qoruyur. Buna görə də Rusiya tərəfdə hansısa azərbaycanlının könüllü olaraq Ukraynaya qarşı savaşa getməsi inandırıcı deyil. Əgər belələri tək-tük olubsa da, bunlar əsasən Rusiyada yaşamış, beyni yuyulmuş və oranın vətəndaşı olduqları üçün orduya çağırılmış biçarələr ola bilərdi. İndiki halda isə, söhbət Rusiya vətəndaşı olmayan və Çeçenistanda tutulan azərbaycanlılardan gedir. Ukraynaya könüllü getmək istəyən azərbaycanlının Çeçenistanda nə işi ola bilərdi? Deməli, bu adamlar zorla göndərilib.
Bəs Rusiyanın rəsmən guya “strateji tərəfdaş” elan etdiyi, müqavilə imzaladığı bir ölkənin vətəndaşlarının hüquqlarını bu dərəcədə açıq və kobud şəkildə pozub, aşağılayıb, zorla ölümə göndərməsinin, bir dövlət kimi Azərbaycana qarşı atılan bu alçaq addımın adı nədir? İkinci Dünya müharibəsi illərində Azərbaycan nefti hesabına ayaq üstə qalan, yüzminlərlə azərbaycanlını Rusiya torpaqları uğrunda döyüşə atıb qırğına verən, uzun illər boyu Azərbaycanın sərvətlərini sümürən Rusiya dövlətinin, Rusiya cəmiyyətinin Azərbaycana, azərbaycanlılara əsl münasibəti, “çoxsağolu” bax budur. Budur Putin, budur “strateji tərəfdaşlıq”, budur “rus məktəbləri” və sair...
Məsələnin bir də Çeçenistan tərəfi var. Unutmayaq ki, azərbaycanlılar bu respublikanın ərazisində tutularaq, Ukraynaya göndəriliblər. Niyə məhz Çeçenistan? Bu, nəyin göstəricisidir?
Görünür, öz döyüşçüləri “tik-tok qəhrəmanları” kimi gülünc ad çıxaran, lağ-lağı obyektinə çevrilən, Kurskda ukraynalıların qarşısından qorxaqcasına qaçan Kadırov Ukraynaya “ət maşını”na göndərməyə öz respublikasında adam tapmır, ümidi başqa müsəlman ölkələrindən olanlara qalıb…
Məlum məsələdir ki, azərbaycanlıların həbsi Çeçenistan orqanları tərəfindən həyata keçirilib və müqavilə də orada zorla imzalatdırılıb. Bəs hanı bizim özünü bütün Qafqazın şeyxi hesab edən və Çeçenistan başçıları ilə “pozlar verən”, şəkillər çəkdirən Şeyxülislam? Niyə səsini çıxarmır? Niyə din qardaşlarına irad bildirmir və ümumiyyətlə, necə olur ki, onun din xadimi kimi nüfuzu olduğu iddia edilən məmləkətdə azərbaycanlılara qarşı belə alçaq hərəkət törədilir?
Yaxud, olsun “səfir-deputatımız” Polad Bülbüloğlu. Bakıda Putinin qarşısında çıxıb tamada-müğənnilik etmək iş deyil, heç səfir kimi dövlət ərkanına layiq hərəkət də deyil. P.Bülbüloğlu səsini o səhnədə yox, azərbaycanlının hüquqları Rusiyada şərəfsizcəsinə pozulanda çıxarmalıdır. Hər halda, 20 ilə yaxın Rusiyada səfirimiz olub.
Amma çıxarmır…
Ümumiyyətlə, sanki hamı kimdənsə, hardansa siqnal, göstəriş gözləyir. Hansı ki, ölkəmizə qarşı belə açıq hörmətsizlik hallarında Rusiya səfirliyi qarşısında aksiyalar da daxil olmaqla, bir çox etiraz formalarından istifadə edilə bilər. Lakin cəmiyyət, mətbuat, televizyalar, politoloqlar, ümumilikdə ziyalı zümrəsi adlandırılan təbəqə o qədər biganə, mənfəətpərəst, məddah olub ki, göstəriş almasa, yaxud maddi marağı olmasa, heç “cınqırını da çıxarmaz”. Təbii ki, belə olan halda azərbaycanlıların obyektlərini də dağıdacaqlar, aşağılayacaqlar da, dəstə ilə küçələrdən tutub müharibəyə, ölümə də göndərəcəklər.
Hələ hər şey qabaqdadır…/azpolitika.info