MUSİQİ MƏKTƏBİNDƏ QALMAQAL - Təcili yardım çağırıldı

Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb. Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb. 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11:00 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və  61 yaşlı şəxsə (qadın cinsli) təzyiq ilə əlaqədar yerində yardım göstərilib".

Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı.