Müqəddəs bitkidən yasaq narkotikə qədər - KOKA

Koka kolunun məhsulu olan kokain dünya narkotik bazarında güclü mövqeyə malikdir. Amerika Avropalı müstəmləkəçilər tərəfindən işğal olunduqdan sonra koka bitkisinə münasibət dəyişdi. ÜST qlobal narkotik siyasəti çərçivəsində uyuşdurucu bitkilərin təsnifatında koka bitkisini yenidən gözdən keçirməyi planlaşdırır. Bəs bu addım qlobal narkotik siyasətinə necə təsir göstərə, onu hansı istiqamətdə dəyişdirə, istiqamətləndirə bilər?   

Əslində, Perunun And dağlarında koka tarlalarının məhv edilməsi çağırışları əsrlər əvvəl Enrike Paz Soldanın başçılıq etdiyi “sivilizasiya missiyası”nın bir hissəsi kimi meydana çıxmışdı. ABŞ-ın kokainə qarşı müharibəsi çox sonra başladı.

Enrike Solda deyir ki, “əgər oturub yerli əhalimizi kokanın dağıdıcı təsirindən azad etmək üçün ilahi möcüzənin gəlməsini gözləsək, sivilizasiyaya dəyər verən insan mövqeyindən əl çəkmiş olarıq”.

Deyilənlərdən belə anlaşılır ki, Perunun yerli xalqının məişətində kokanın yeri də olub, istifadəsi də. Yerli xalqlar 8000 il ərzində koka yarpaqlarını çeynəyiblər. Limanın 20-ci əsr elitası, ispan müstəmləkəçiləri kimi, bu vərdişi yad və zərərli hesab edib. 1947-ci ildə Peru Təhsil Nazirliyi koka çeynəməyi savadsızlıq və mədəni şüurun olmaması kimi təsbit etdi.

Koka çeynəmə qadağa

1949-cu ildə BMT "koka çeynəmə problemini" araşdırmaq üçün mütəxəssislər göndərdi. Onların nəticələri kokanın "sosial şər" kimi becərilməsinin qarşısının alınması tələblərini gündəmə gətirdi. 1964-cü ildə BMT-nin Narkotiklərə dair Vahid Konvensiyası koka çeynəməyə qlobal qadağa tətbiq etdi. Bu, bitkini o qədər ciddi nəzarət altına aldı ki, hətta elm adamları da tədqiqat üçün koka bitkisi olan yerə daxil olmaqda çətinlik çəkirlər.

İndi, ilk məhdudiyyətlərdən 75 il sonra ÜST kokanın vəziyyətini yenidən nəzərdən keçirməyə hazırlaşır. Bu, Boliviya və Kolumbiyanın kokaya beynəlxalq qadağanı ləğv etmək tələblərindən sonra baş verib. Boliviyada bu bitki qanunidir, Kolumbiyada isə onun yerli icmalar daxilində istifadəsinə icazə verilir. Yerli xalqların nümayəndələri dekriminallaşdırma ideyasını fəal şəkildə təbliğ edirlər. “Coca Nasa” kompaniyasının baş direktoru Devid Kurtidor deyir ki, “Bu, Davidin  müstəmləkəçiliyə qarşı Qoliafla mübarizədir”. O çağırış edir ki, koka bitkisini şeytanlaşdırmağa son qoymaq lazımdır.

Kolumbiyalı botanik Oskar Peres hesab edir ki, koka ən çox səhv təqdim olunan  bitkilərdən biridir. O qeyd edir ki, hətta Avropa ölkələrində kokanın bütün növləri müxtəlif təyinatlı olmasına baxmayaraq, qeyri-qanuni kimi tanınır. Bu, koka tədqiqatını praktiki olaraq qeyri-mümkün edir.

Bununla belə, ÜST-nin yeni baxışı nəzarətin azalmasına və ya hətta kokanın qadağan olunmuş maddələrin beynəlxalq siyahılarından çıxarılmasına səbəb ola bilər. Bu, digər bitkilərin təsnifatını nəzərdən keçirmək üçün presedent yarada bilər.

Koka Amerika qitəsinin yerli xalqları üçün hansı mənanı daşıyır? Onun mənəvi-mədəni anlamı nədir?

Yerli xalqlar deyirlər ki, koka sadəcə bir bitki deyil, onların mədəniyyətinin mühüm bir hissəsidir. Boliviyanın BMT-dəki nümayəndəsi Dieqo Pari Nyu-Yorkda keçirilən iclasda koka çeynəmə prosesini nümayiş etdirərək, onun hindu icmaları üçün mənəvi əhəmiyyətini nümayiş etdirib.

“Biz koka ilə bağlı mifləri dağıtmalıyıq. Yerli insanlar üçün bu, sadəcə bir bitki deyil, təbiət və əcdadlarla əlaqə vasitəsidir”, deyə Pari bildirib.

ÜST isə kokanın taleyilə bağlı üç mümkün variantı nəzərdən keçirir:

1. Qadağan olunmuş maddələrin I-ci cədvəlində kokanı saxlamaq.

2. Onu daha az nəzarət edilən II siyahıya köçürmək.

3. Siyahılardan tam çıxarmaq.

Ekspertlər xəbərdarlıq edirlər ki, kokanın statusunun dəyişdirilməsi bütün beynəlxalq narkotiklərə nəzarət sisteminə təsir göstərə bilər. Bəzi ölkələr bunun digər maddələrin təsnifatını nəzərdən keçirmək üçün presedent yaradacağından qorxur.

Bəs qlobal narkotik siyasətinin yenidən gözdən keçirilməsi mümkündürmü?

ÜST-ün qərarı qlobal narkotik siyasətində mühüm məqam olacaq. Bu, ya mövcud qadağalar sistemini gücləndirə bilər, ya da onun islahatına doğru bir addım ola bilər. Nəticəsindən asılı olmayaraq, müzakirə prosesi artıq mədəni və dərman əhəmiyyəti olan bitkilərin gələcək beynəlxalq nəzarəti ilə bağlı canlı müzakirələrə səbəb olub.

Amerikanın yerli xalqlarının yaşamında koka bitkisinin qabarıq şəkildə vurğulanması onların dini sektoruna da aiddir. Bu praktika şamanların sirr dünyasından xəbər gətirməsi, gələcəkdən xəbər verməsi metodu kimi də tətbiq olunub. Məhz bu səbəbdən Boliviyanın BMT-dəki nümayəndəsi Dieqo Parinin Nyu-Yorkda keçirilən iclasda koka çeynəmə prosesini nümayiş etdirərək, “Biz koka ilə bağlı mifləri dağıtmalıyıq. Yerli insanlar üçün bu, sadəcə bir bitki deyil, təbiət və əcdadlarla əlaqə vasitəsidir”, sözləri koka ilə bağlantını ortaya qoyur. Elə "təbiət və əcdadlarla əlaqə vasitəsi" də kokanın şamanizmdə olduğu kimi dini ayinlərdə "o dünya ilə bağlantı qurmaq" məqsədilə tətbiq edildiyini göstərir. Amma asılılıq baxımından koka yarpağını çeynəməyin təsiri ilə kokanın emalı ilə "ərsəyə" gələn "ağ ölüm tozu"nun təsiri arasında yerdən göyə qədər fərq var. İnsanlıq isə kokain tozunun əsirinə çevrildikdən sonra çətin ki, tozdan imtina edib yarpağa meyl etsin... 

Stopnarkotik.az