Müəllimin öldüyü qəza ilə bağlı hökm oxundu

Bu ilin fevralında Şəmkirdə ağır yol qəzası törətmiş 1989-cu il təvəllüdlü Mais Rəfiyevin məhkəməsi başa çatıb.

Şəmkir Rayon Məhkəməsində keçirilən prosesdə Mais Rəfiyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, M.Rəfiyevin ehtiyatsızlığından onun idarə etdiyi “Mercedes ML 350” markalı avtomobil Şəmkir-Şiştəpə yolunda 1971-ci il təvəllüdlü Təranə Nağıyevanın sürdüyü “Nissan”la toqquşub. Nəticədə T.Nağıyeva vəfat edib. Onun avtomobilində olan 2 xanım sərnişin xəsarət alıb. Həmçinin M.Rəfiyevin avtomobilindəki sərnişinlərdən Əfqanıstan vətəndaşı Abdulvahab Alabi xəstəxanaya yerləşdirilib.

Məhkəmənin hökmü ilə Mais Rəfiyev 1 il sürücülük hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Xatırladaq ki, qəzada ölən T.Nağıyeva və avtomobildə xəsarət alan qardaşı arvadı Şiştəpə kənd orta məktəbinin müəllimləri olub./“qafqazinfo”