Yakutiya məhkəməsi yerli sakin Viktor Savvinovu iki yeni qətl hadisəsinə görə 20 il müddətinə azadlıqdan məhrum edib.
Vladimir Putinin müharibəyə göndərmək üçün əfv etdiyi həmin cinayətkar əvvəllər də qətlə görə cəza çəkib, lakin Rusiya ordusuna qoşulmağa razılıq verməsi müqabilində əfv olunub.
Savvinov ağır cinayətlərə, o cümlədən adam öldürmə, oğurluq və soyğunçuluğa görə dəfələrlə mühakimə olunub. 2020-ci ildə həmkəndlisini qətlə yetirdiyinə görə 11 il həbs cəzasına məhkum edilsə də, Ukraynaya qarşı müharibədə iştirak etmək üçün azadlığa buraxılıb. Müharibədən qayıdandan sonra atası onu evinə qəbul etməyib və Savvinov evdən doqquz kilometr aralıda məskunlaşıb.
36 yaşlı Savvinov spirtli içki aludəçisi olub. Sonuncu dəfə sərxoş halda dostu ilə mübahisə edib və metal lomla onun başını yararaq öldürüb. Sonra o, “Rusiyanın ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olan 64 yaşlı dul qardaşı arvadının evinə gedib və onu balta ilə vuraraq öldürüb. Bundan sonra onun evini yandıraraq qaçmağa çalışsa da, saxlanılıb.
Yaşadığı kəndin sakinlərinin dediyinə görə, həmin ərəfədə Savvinov kənddə ona “Vətən müdafiəçisi” kimi lazımi hörmət göstərilməməsindən şikayətlənib.
Ümumiyyətlə, Rusiyada Ukraynada döyüşdüyü üçün əfv edilən cinayətkarların təkrar ağır cinayətlər törətməsi hallarına tez-tez rast gəlinir./azpolitika.info