Müğənni Yaqut Nərimanın qətliylə bağlı şok iddia: “İstintaqa təsir edirlər”

Son günlər ölkədə səs-küyə səbəb olan iki ölüm hadisəsi baş verib. Əvvəlcə müğənni Yaqut Nəriman əri tərəfindən qətlə yetirildi, daha sonra isə tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli intihar etdi. 

Hər iki hadisə yerli telekanallarda yayımlanan sosial verilişlərdə hələ də müzakirə olunmaqda davam edir. Efirə qoşulan ekspertlər müəyyən sirləri açır, qətllə bağlı müəyyən iddialar irəli sürürlər. 

Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev məhkəmə qərarından öncə təqsirləndirilən şəxslər haqda mətbuatda bu qədər müzakirə aparılmasının doğru olmadığını bildirib: 

“Qanunda təqsirsizlik prezumpsiyası adlı məfhum var. Təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir. 

İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsində də eynilə qeyd olunur ki, “Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”. Yalnız məhkəmə hökmü ilə kimsə təqsirli sayıla bilər”. 

Onun sözlərinə görə, Yaqut Nərimanın qətli haqda edilən müzakirələr  təqsirləndirilən şəxsin ədalətli araşdırma hüququnun pozulmasına gətirib çıxara bilər: 

“Yaqut Nərimanın qətlindən sonra mətbuatda gedən materiallara mən də baxıram və hesab edirəm ki, təqsirsizlik prezumpsiyasının pozulması halları var. Çünki istintaq hələ təzə başlayıb, qətlin törədilməsində şübhəli bilinən şəxs haqda həbs qətimkan tədbiri seçilib. Amma artıq mətbuatda şübhəli şəxsin şəxsiyyəti, həyatı barədə çox sayda müzakirələr gedir. Həmin şəxs tənqid olunur, mənfi xüsusiyyətləri açıqlanır. Bunların hamısını istintaqa təsir kimi qiymətləndirmək olar. Çünki mətbuatda olan bu məlumatları müstəntiqlər də, prokuror da oxuyur və ictimai qınağın, ictimaiyyətin təsiri altında təqsirləndirilən şəxs barədə düzgün olmayan qərarlar qəbul edə bilərlər. Bu zaman şəxs barədə ədalətli araşdırma hüququ pozula bilər. Həmin şəxsin vəkilləri bundan istifadə edə bilər. Ona görə də məhkəmə qərar çıxarana qədər bu cür müzakirələrin aparılması düzgün deyil və bu ədalətli araşdırma hüququnun pozulmasına gətirib çıxara bilər”. 

Hüquqşünas, tanınmış media eksperti Ələsgər Əhmədoğlu isə hesab edir ki, ictimai əhəmiyyət kəsb edən istənilən məsələ efirdə rahatlıqla müzakirə oluna bilər: 

“İctimai əhəmiyyət daşıyan istənilən məsələ efirdə müzakirə oluna bilər. Hələ bu qadın qətli, ailə-məişət zorakılığı zəmnində baş verən cinayətdirsə, bunun müxtəlif aspektləri telekanallarda müzakirə obyekti ola bilər. Amma təbii ki, bu məsələdə müzakirələr zamanı şəxsi həyata hörmət prinsipi qorunmalıdır. Eyni zamanda konkret ictimai aspektdə ümumi ifadə oluna biləcək məsələlər istisna olmaqla, özəl həyatın detalları heç bir halda müzakirə predmeti olmamalıdır. Məsələnin mahiyyəti, cinayətə aparan məqamlar müzakirə edilə bilər. 

İnanmıram ki, bu məsələdə istintaqın gedişinə ciddi mane ola biləcək bir şey olsun. Faktiki olaraq cinayət hadisəsi hüquq-mühafizə orqanları tərəfindən yayılıb. Artıq hadisə baş verib və məsuliyyətə cəlb olunan da var. Belə olan halda, istintaqın obyektiv getməsi üçün hər hansı maneə yoxdur”.