Məşhur sığorta şirkətinin əməkdaşları 14 nəfərə qarşı 1 milyon manat dələduzluq ediblər - MƏHKƏMƏ İŞİ

Özlərini "Kasko sığorta" şirkətinin əməkdaşı kimi təqdim edərək avtomobil satmaq adı ilə 14 nəfərə qarşı 1 milyon manat dələduzluq edənlərin məhkəmə prosesi keçirilib. 

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəllsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxslər- Calalov Fərid Calal oğlu və Habilli Kamil Seymur oğlunun növbəti məhkəmə prosesində ilk olaraq zərərçəkən Elşən Rüstəmov ifadə verərək qeyd edib ki, hər iki təqsirləndirilən şəxsi tanıyıram: "2022-ci ilin fevral ayında Binəqədi qəsəbəsində qonşumuz olan Fəridin maşın alqı-satqısı ilə məşğul olduğunu bildim.

Ona maşın almaq niyyəti ilə yaxınlaşdım. 2 maşın istədi  mənden- "Hyundai" və "Kia Rio", bu maşınlara görə ona 13 min manat pul verdim. Maşının birini "Hyundai" markalı avtomobili 9200 manata satdım, o biri 6500 manatlıq maşın isə qaldı. Sonra ondan yanvar ayında 8500 manata "Toyota Corolla" malrkalı avtomobil aldım, 13500 manata satdım və üstündə qazancımı götürdüm. Bundan sonra iki "Toyota Corolla"ya görə Fəridə 14 min manat verdim, maşınları isə vermədi. Ondan sonra "Hyundai Sonata" və başqa "Hyundai Tucson" markalı avtomobilə görə 19 min 500 manat verdim. 1-ci maşından 500 manat xeyir götürdüm. Mənə bunların ümumilikdə 29 min 500 manat verəcəyi var. Kamili Fəridə görə tanımışam, ilk dəfə maşın gətirəndə görmüşəm. İlk dəfə Fəridlə danışanda bildim ki, bunlar  banklarda batmış maşınların alqı-satqısı ilə məşğuldurlar. Eşitdiyimə görə, banklarda hərraca çıxarılan maşınlar ucuz olur".

Məhkəmənin gedişində növbəti zərərçəkən Səbuhi Rüstəmov bildirdi ki, Fərid ona özünü bank əməkdaşı kimi təqdim edib: "2022-ci il dekabr ayının sonunda "Toyota Corolla" markalı avtomobilə görə Fəridə 16 min manat pul verdim. 2-ci maşın isə "Prado" markalı avtomobil olub. 20 min manat pulu  Kamilin sözü ilə Respublika Dövlət Yol Polis İdarəsinin həyətində onun işçisi Nicata vermişəm. Həmçinin "Hyundai" markalı avtomobilə görə də, pul vermişəm. Maşınların ancaq şəkilini görmüşəm. Ümumi 42 min 500 manat pul vermişəm, pulu hər ikisindən tələb edirəm. Fərid deyirdi maşınlar Kasko sığorta şirkətinindir. Fərid bizə deyirdi maşınlar hərrac maşınlarıdır. O əvvəllər maşınların təmiri ilə məşğul olub. Mən özüm isə taksi sürücüsüyəm".

Təqsirləndirilən şəxs Fərid Calalov: "Sən gördün 10-15 gün ərzində aldandın, marağın nə idi bu qədər adamı yığıb gətirirdin yanıma?"

Zərərçəkən Səbuhi Rüstəmov: "Mən gətirmirdim, özləri gedib şikayət ediblər".

Növbəti zərərçəkən Eldəniz Rüstəmov da ifadə verib: "Özüm ərzaq mağazası işlədirəm, qonşuyuq. Maşın almaq istədim, 3 "Toyota Corolla", 2 "Hyundai", 2 "Pikap" markalı avtomibilə görə Fəridə 88 min manat pul verdim. Sonra yenə müəyyən maşınlar üçün 50 min manat pul verdim, ümumi 138 min manat pul vermişəm Fəridə. Kamildən heç bir şikayətim yoxdur".

Digər zərərçəkən Vüqar Rəfiyev hər iki təqsirləndirilən şəxsi tanıdığını bildirdi: "2022-cinilin dekabr ayında qonşumuz Eldəniz mənə dedi ki, bu iki şəxs bankdan çıxardıb maşın satırlar. Eldəniz Fəridi evimizə gətirdi, o maşınların necə alınma prosesindən danşıdı. 21 min manatı 2 dəfəyə vermişəm. Daha sonra dedi, "Toyota Corolla"lar da var,  28 min manat da 4 maşına görə verdim, həmin maşınları öz pulları ilə tanışlarıma alırdım. Bir maşın var idi, boz rəngdə. "Hyundai" markalı avtomobili Sumqayıtda bəyəndim, ancaq dedilər bir həftəyə nömrəni dəyişib verəcəyəm. Bir müddətdən sonra bildim ki, bunlar mənə qarşı dələduzluq ediblər. Fəridlə görüşdüm, mənə dedi ki, bütün pulları Kamilə vermişəm, hətta şəkillərini də çəkmişəm. Kamillə görüşəndə isə mənə dedi ki, get hüquq-mühafizə orqanlarına şikayət elə.  Ümumilikdə bunlara 44 min manat maşınlar üçün pul vermişəm, ziyanımı hər ikisindən tələb edirəm".

Məhkəmə prosesi 2 sentyabr tarixinə kimi təxirə salınıb.