Meksikalı narkobaron Xoakin Qusman Loeranın oğlu Xoakin Qusman Lopes könüllü olaraq Amerika hakimiyyətinə təslim olub, eyni zamanda “Sinaloa” narkokartelinin yaradıcılarından biri, “El Mayo” ləqəbli İsmael Zambada da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.
Bu barədə ABŞ-nin Meksikadakı səfiri Ken Salazar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Xoakin Qusman Lopes könüllü təslim olub. Sübutlar El Mayonun iradəsinə zidd olaraq ələ keçirildiyini göstərir", - diplomat bildirib.
“Sinaloa” kartelinin yaradıcılarından biri olan İsmael Zambada iyulun 26-da Meksikadan yüngül təyyarə ilə gəldiyi Amerikanın El Paso hava limanında saxlanılıb. Onunla yanaşı, ABŞ rəsmiləri ömürlük həbs cəzası çəkən “El Çapo” (ispan dilində "qısa boylu") ləqəbli kartelin qurucusu Xoakin Qusman Loeranın oğullarından biri olan Xoakin Quzman Lopesi də həbs ediblər.
Salazarın açıqlamaları Meksika Prezidenti Andres Manuel Lopes Obradorun ABŞ hakimiyyətini meksikalı narkobaronların həbsi ilə bağlı bütün hallar haqqında tam məlumat verməkdən imtina etdiyinə görə tənqidindən sonra verilib.
ABŞ səfiri həmçinin bildirib ki, cinayətkarların saxlanılması ilə nəticələnən uçuşun təşkilində Amerikanın hakimiyyət orqanları iştirak etməyib. “Bu, bizim təyyarəmiz, pilotumuz deyil. ABŞ hakimiyyətinə uçuş planı təqdim olunmayıb", - diplomatın açıqlamasında deyilir.
O, həmçinin əlavə edib ki, təyyarənin pilotunun ABŞ hökuməti ilə müqaviləsi olmayıb.
"Bu, hər iki ölkə üçün böyük qələbədir. Suverenliyimizə hörmət prinsiplərinə əsaslanan və bu işi tərəfdaşlar kimi görməyimizə əsaslanan çox aydın işin nəticəsidir", - Salazar əlavə edib./"report"