Moskvaya kütləvi dron hücumu: ÖLƏNLƏR VAR - VİDEO / YENİLƏNİB

Rusiyanın Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra 20 nəfər xəsarət alıb.

Bu barədə “Baza” “Telegram” kanalı yazıb.

Bölgə qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Moskva ətrafında PUA hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. 50 yaşlı kişi xəstəxanada ölüb.

Onun sözlərinə görə, Moskva vilayətindəki üç bələdiyyədə maksimum sayda yaralı və ən böyük ziyan qeydə alınıb.

Leninski şəhər dairəsində dronun qalıqlarının düşməsi nəticəsində altı nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur.

***09:54

Rusiyanın Moskva vilayətinə PUA hücumu nəticəsində azı bir nəfər ölüb, üç şəxs yaralanıb.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında yazıb.

PUA hücumu ilə əlaqədar Moskvanın Şeremyetyevo və Vnukovo hava limanlarının fəaliyyətində fasilə yaranıb, uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Öz növbəsində Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan 69 pilotsuz təyyarənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini yazıb.