Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil məhkəmədən bəraət istəyib.
Dövlət ittihamçısı cinayət işinin sübuta yetirildiyini və bəraət hökmü üçün əsasın olmadığını bildirib.
Daha sonra təqsirləndirilən Ağadadaş Ağayev son söz deyib. O, vəkili ilə razılaşdığını qeyd edib.
Məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub.
Ağadadaş Ağayev hökmdən apellyasiya şikayəti verəcəyini deyib.
Hökmə əsasən, təqsirləndirilən Nürəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəza şərti hesab olunub, 2 il sınaq müddəti təyin edilib.
***12:12
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.