Nəsib Nəsibli: “Azərbaycan hökuməti ölkəyə bu qədər narkotikin necə keçirilməsini çox ciddi şəkildə düşünməlidir”
“Necə olur ki, quru sərhədlər bağlıdır, amma Azərbaycana narkotik maddələr bu qədər açıq şəkildə gəlir?!”
Son günlərdə İran ətrafında halqa daralır. Rəsmi Tehran Türkiyəyə açıq-aşkar meydan oxuyur. Qardaş ölkənin geosiyasi təsir dairəsinin genişlənməsini həzm edə bilmir. Molla rejimi bizi də Türkiyə ilə gördüyü eyni bucaqdan gözdən keçirir, Güneyin ayaqlanmasını “beşikdəcə boğmağa çalışır”. Ən kəskin silahı isə narkotikdir. İran illərdir bu silahdan sərrastlıqla yararlanır. Həm də neftdən qazandığından qat-qat artığını əldə edir. Yenə də bizə qarşı nə qəzəbi bitir, nə hiyləsi durur, nə “narkotik müharibəsi” ləngiyir. 1992-94-cü illərdə Azərbaycanın İrandakı səfiri vəzifəsində çalışmış, sabiq millət vəkili, professor Nəsib Nəsibli ilə söhbətimiz də məhz bu mövzu ətrafında oldu.
“İrandan külli miqdarda narkotik gəlirsə, deməli, bizim əlaqədar təşkilatlarımız pis işləyir”
- Nəsib bəy, Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycana gələn narkotikin 95 faizi İrandan “axın edir”. Demək olar ki, günaşırı mediada “naməlum iranlı”dan narkotik alan kuyerlərin ifadələrini eşidirik. Siz 92-94-cü illərdə Azərbaycanın İranda səfiri olmusunuz. Bu ölkədən Azərbaycana narkotik axını əvvəl də var idi, yoxsa bu durum son illərə təsadüf edir?
- Mən də eşitmişdim bunu. Rəsmi orqanın deməsi çox maraqlıdır. 1992-94-cü illərdə elə bir problemimiz yox idi. İranla sərhədlər, sərhəddə rejim məsələsi tam aydınlığı ilə ortada deyildi. Ümumiyyətlə, sistem qurulmadığından, gündəmdə deyildi. Sonra məsələ gündəmə gəldi, müzakirə olundu. İranla Azərbaycan arasında müzakirələrdə həmişə yer aldığı bilinən bir məsələdir. Son illərdə bunun çox qorxulu bir vəziyyət aldığı mətbuatdan, açıq qaynaqlardan bilinən şeydir. İfadə etdiyiniz 95 faiz məsələsini mən bir neçə ildir eşidirəm. Bu, həqiqətən də Azərbaycanın ən önəmli güvənlik məsələlərindən biridir. Mənim düşüncəmə görə, bu, Azərbaycan iqtidarının diqqət verə biləcəyi ən önəmli məsələlərdən biridir. Burada çox ciddi bir məsələ də var. Əgər İrandan böyük, külli miqdarda narkotik maddələr gəlirsə, deməli, bizim əlaqədar təşkilatlarımız pis işləyir. Və yaxud da bu prosesdə iştirak edir. Mən bu haqda bir konfransda da açıq-açığına demişdim və bundan çox da narahat olmuşdular. Yəni necə olur ki, quru sərhədləri bağlıdır, amma narkotik maddələr bu qədər açıq şəkildə gəlir? Hərdənbir televiziyada eşidirik, 3 klioqram, 5 kiloqram tuturlar, İran vətəndaşıdır nədir... Amma külli miqdarda gəlir. Külli miqdarda - elə bir trafik varsa, demək, bunun bir başı da bizim tərəfdir. Bizim əlaqədar təşkilatlarımızdır.
- Belə fikirlər də var ki, 44 günlük müharibədə ermənilərin məğlubiyyəti İranın narkotik marşrutunu kəsdiyi üçün, həmin vaxtdan etibarən ölkəmizə “narkotik savaşı” elan edib. Bu haqda nə deyə bilərsiniz?
- İran tərəfində ən azı təbliğat səviyyəsində bu məsələ Qərbə qarşı mübarizənin bir istiqamətidir. Belə bir fikir var. Yəni İranla, yaxud İran vasitəsilə Qərbə göndərilən narkotik maddələr elə mübarizə vasitəsidir. Yəni onlarda insani yanaşma yoxdur. Ən azından bunu təbliğat səviyyəsində görə bilərik. O da davam edir.
- Yəni Tehran qərbli rəqiblərini narkotik bataqlığına salmağı mübarizə kimi görür...
- Bəli.
“İran Azərbaycanda narkotik maddələrin yayılmasını mübarizə istiqamətlərindən biri sayır”
- Bizi də o cümlədən...
- Bəli, bəli. O cümlədən Azərbaycan Respublikasında da narkotik maddələrin yayılmasını özünün mübarizəsinin istiqamətlərindən biri sayır.
- Sizcə, İran məqsədinə çatmış hesab oluna bilərmi? O baxımdan ki, artıq ölkə narkotik bataqlığına yuvarlanıb...
- Hər halda Azərbaycan üçün bir problem yaratmağı məqsəd qoyublarsa, demək ki, məqsədlərinə çatıblar. Və bunu da Azərbaycan tərəfi dolayı yollarla rəsmi şəxslərlə deyirsə ki, belə bir təhlükə var, o zaman məqsədlərinə çatıblar.
- Əsasən də 2020-ci ildən sonra ölkəmizdə narkomaniyaya qarşı mübarizə kampaniyası aparılsa da, bir nəfər də olsun vəzifəli şəxs həbs olunmayıb. Sizcə, həqiqətənmi Azərbaycanda narkotik biznesi İrandan idarə olunur, bizim məmurların, vəzifəli şəxslərin əli yoxdur?
- Kimin əli var, kimin ayağı var, deyə bilməyəcəyəm. Bu, mənim vəzifəm deyil. Amma həqiqətən də burada çox sadə bir məntiq var. Əgər külli miqdarda narkotik keçirilirsə, təbii ki, sərhəddən bu qədər narkotiki birtərəfli keçirmək mümkün deyil. Dünyanın heç bir yerində elə şey yoxdur. Azərbaycan hökuməti də bunu çox ciddi şəkildə düşünməlidir.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az