“Narkotik alverçiləri, bu alçaqlar övladlarımızı məhv edirlər. Sizə xəbərdarlıq edirəm, polis olsanız belə, narkotik ticarətinə bulaşmayın, çünki sizi həqiqətən öldürəcəyəm” deyən və dediyini edən liderin – 2016-2022-ci illərdə Filippinin prezidenti olmuş Rodriqo Dutertenin Manlia aeroportunda həbs edilməsi barədə xəbər var.
Duterte Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilib. Ona qarşı ittiham narkotik alverçilərinə qarşı apardığı amansız mübarizə, daha dəqiqi, müharibədir.
Duterte özünü ölkəsinin xilaskarı sayırdı. Əslində isə onu belə sayanlar hələ də çoxdur. Narkomaniyanın, narkoticarətin tüğyan etdiyi Filippində “ölüm tacirləri”nin əl-qolunu bağlayan, yüz minlərlə gənci narkomaniya bəlasından qoruyan məhz Duterte olub.
Ancaq o, bunu qanunlardan yan keçməklə edib, narkotik tacirlərinin uzun-uzadı məhkəmə proseslərinə cəlb edilməsini məqbul saymayıb. Duterte narkotacirlərin onlara qarşı keçirilən əməliyyatlar zamanı yerindəcə güllələnməsini əmr edib və onun bu əmri icra edilib.
2016-cı ilin sentyabrında Filippində artıq 2400 narkotik alverçisinin öldürüldüyü məlum olub. Filippin Daxili İşlər Departamentinin rəsmi mənbələrinə görə, daha 700.000 narkotik alverçisi və narkoman linçdən qaçmaq üçün hakimiyyətə təslim olub.
Təsəvvür edin, Duterte hakimiyyətə gələndə Filippində artıq 1 milyon civarında irili-xırdalı narkotacir və narkoman varmış. Onların hərəsinin 10 müştəri olsa, bu 10 milyon zəhərlənmiş adam edir. Bu rəqəmlər Dutertenin nədən narkomafiyaya qarşı amansız olduğunu izah edə bilər.
Rodriqo Roa Duterte (ləqəbli Diqonq) 28 mart 1945-ci ildə anadan olub. O, visay əsilli filippinli hüquqşünas və siyasətçidir.
30 iyun 2016-cı ildə Filippinin prezidenti seçilməzdən öncə o, Mindanao adasındakı Davao şəhərində 7 dəfə mer seçilib, ümumilikdə 22 il bu vəzifəni tutub. Onun atası Visente Duterte zamanında Davao qubernatoru olub.
Duterte 1988-ci ildə mer postuna namizədliyini irəli sürüb və seçkidə qalib gəlib. 1998-ci ildə o, müddət məhdudiyyətlərinə görə yenidən bələdiyyə sədri ola bilməyib və Davao şəhərinin 1-ci rayonundan konqresmen olmaq üçün Nümayəndələr Palatasına namizədliyini irəli sürüb. 2001-ci ildə Duterte yenidən Davao meri vəzifəsinə namizəd olub və dördüncü müddətə seçilib. Daha sonra 2004 və 2007-ci illərdə yenidən seçkidə qalib gəlib. Dutertenin seçki qələbələri sırf fəaliyyətinə görə olub. O, vəzifə başında olanda qətiyyəti, prinsipiallığı, xalq üçün iş görməsi, müəyyən mənada populistliyi və ekstravaqantlığı ilə fərqlənib.
2015-ci il sentyabrın əvvəlində yerli qanunlara məhəl qoymayan bir turist barda siqaret çəkməkdə davam edərkən və onu söndürmək tələbinə məhəl qoymazkən, bar sahibi hadisə yerinə Duterteni çağırıb. O, bara gəlib və turistə Davaonun tütün əleyhinə qanununu pozduğunu deyərək, onu siqaretin kötüyünü udmağa məcbur edib. Bu hadisəyə görə o, Filippinin İnsan Haqları Komissiyası tərəfindən tənqid olunub, ancaq merin bu populist hərəkəti ona xalq sevgisi qazandırıb.
Dutertenin 2016-cı ildə prezident seçilməsinin də sirri bundadır.
2015-ci ilin əvvəlində Duterte mediada 2016-cı il prezident seçkilərində iştirak etmək niyyəti barədə eyham vuraraq, qalib gələcəyi təqdirdə Filippini parlament idarəetmə formasına malik federal respublikaya çevirəcəyini vəd edib. Ölkənin federallaşması tərəfdarlarının Baqioda keçirilən forumunda Duterte prezidentlik yarışına qatılacağını, respublikanı xilas etməyin lazım olduğunu bəyan edib. Duterte seçkilərə qatılıb və qalib gəlib.
2016-cı il iyunun 30-da axşam, prezident inauqurasiyasından bir neçə saat sonra, Manilada vətəndaşlarla görüşdə Duterte çıxış edərək, narkotacirlərə qarşı müharibə elan edib.
Dutertenin prezidentliyinin başlaması ilə ölkədə narkotik alverçilərinin kütləvi şəkildə öldürülməsi başlananda ABŞ Filippin hökumətinə bildirib ki, əgər bu ölkədə qanunun aliliyi, lazımi proses və insan hüquqlarının pozulması halları davam edərsə, Filippin ordusuna silah tədarükünü dayandıra bilər. Filippin hökuməti bildirib ki, narkotik qaçaqmalçılığının kökünün kəsilməsi təşəbbüsünə sadiqdir və narkotacirlərin məhkəməsiz qətlə yetirilməsinin əleyhinədir.
Duterte brifinqlərin birində yüzlərlə siyasətçi, hərbçi, polis və digər nüfuzlu şəxslərin adlarını oxuyaraq onların narkotik vasitələrin hazırlanması və satışı ilə məşğul olduqlarını, bundan qazanc əldə etdiklərini bildirib və onlara təslim olmağı əmr edib.
2016-cı il avqustun 19-da BMT-nin məhkəməsiz qətllər üzrə xüsusi məruzəçisi Agnes Kalamar bildirib ki, Dutertenin narkotik alverçiləri hesab etdiyi şəxsləri öldürməyə çağırması məsuliyyətsizlikdir və üstəlik, bu cür hərəkətlər cinayətdir. Buna cavab olaraq avqustun 21-də Rodriqo Duterte Filippinin BMT-dən çıxması məsələsini nəzərdən keçirdiyini açıqlayıb: “Bəlkə də BMT-dən ayrılmalıyıq. Bu cəfəngiyyata niyə qulaq asmalıyıq?”
Daha sonra o, BMT-nin baş katibi Pan ki Munu “axmaq” adlandırıb, ABŞ prezidenti Barak Obamanı da təhqir edib. Bir az sonra prezident Dutertenin mətbuat xidməti onun sözlərinə görə Obamadan üzr istəyib.
Duterte həmçinin bildirib ki, Filippin ABŞ-ın müstəmləkəsi deyil, müstəqil ölkədir və buna görə də heç kim bu ölkənin prezidentini tənqid edə bilməz. (Filippin 1898-ci ilə qədər İspaniyanın, 1946-cı ilə qədər ABŞ-nin müstəmləkəsi olub).
Obama sammitdə Duterte və digər ölkə liderləri ilə Filippindəki qırğınları müzakirə etmək istəyirmiş. Bu sözün ertəsi günü Obama Duterte ilə görüşünü ləğv edib, həmin gün Duterte Obamadan şəxsən üzr istəsə də, xeyri olmayıb. Duterte deyib: “Mən onunla mübahisə etmək istəmirəm. O, dünyanın istənilən ölkəsindən güclü olan ölkənin prezidentidir”.
2016-cı il sentyabrın ortalarında ABŞ Senatı Duterteni 2010-cu ildə rəqib siyasətçi Prospero Noqralesi şəxsən öldürməkdə günahlandıran, özünü Dutertenin yaratdığı “cəza dəstəsi”nin keçmiş döyüşçüsü kimi təqdim edən Edqar Matobatonun ifadəsini dinləməyə başlayıb. Dinləmələr zamanı şahid ifadəsində o qədər çaşıb ki, prezidentə qarşı olan senatorları da ciddi şəkildə çaş-baş salıb. Dinləmələr prezident üçün heç bir nəticə verməyib, lakin bu senatorların sosial şəbəkələrdə tənqid olunmasına səbəb olub.
Fəaliyyəti və ritorikası etibarilə ilə bir qədər Venesuelanın keçmiş prezidenti Uqo Çavesi, bir qədər də Liviya lideri Müəmmər Qəzzafini xatırladan R.Duterte özünü Çinə və Rusiyaya yaxın sayır, onların Qərbə qarşı mübarizəsinə dəstək verirdi.
İndi ona qarşı irəli sürülən ittihamlar əsasən narkotacirlərin kütləvi şəkildə, məhkəməsiz öldürülməsidir.
Gerçəklik budur ki, dünyanın bir çox ölkələrində hüquq-mühafizə orqanlarına müqavimət göstərən narkomafiya döyüşçülərini əməliyyat zamanı öldürürlər. Sadəcə, Duterte bu cür əməliyyatları sürəkli və məqsədyönlü şəkildə edib.
Qəribədir ki, Duterteni ittiham edənlər Kolumbiya və Meksikadan narkakartellərə qarşı amansız mübarizə aparmağı tələb edirlər./musavat.com