“RUSİYANIN PULU VƏ VARİANTLARI TÜKƏNİR” – “O, alçaldıcı müflisləşmədən qaçmaq istəyir”

Putin Ukrayna ilə bağlı danışıqlar prosesinə ona görə başlayıb ki, Rusiyanın müharibəni maliyyələşdirmək üçün pulu və onu haradan əldə etməklə bağlı variantları tükənir.

Avropa Şurasının Xarici Əlaqələr üzrə baş elmi işçisi Aqate Demarenin “Politico” nəşrində dərc edilən məqaləsində belə deyilir.

Demare qeyd edir ki, Rusiyanın büdcə kəsiri nisbətən kiçik olsa da, sanksiyalara görə Moskva qlobal borc bazarlarına çıxa və kəsiri xarici borc hesabına bağlaya bilmir. Bu səbəbdən Rusiyanın büdcə kəsirinin maliyyələşdirilməsi üçün çox variant qalmır.

Əvvəlcə Moskva bunu bankların hesabına örtməyə çalışırdı. Belə ki, banklar, kredit təşkilatları müdafiə sənayesi şirkətlərinə yüz milyardlarla ucuz kreditlər verməyə, eləcə də böyük həcmdə dövlət istiqrazlarını almağa məcbur edilirdilər. Bu strategiya 2022 və 2023-cü illərdə işlədi, lakin keçən il zəifləməyə başladı. Demare yazır ki, Rusiya bankları o qədər ağır vəziyyətdədirlər ki, artıq verdikləri borcların həcmini artırmaq istəmirlər. Ekspert həmçinin qeyd edir ki, 2024-cü ildə Rusiya hakimiyyəti dövlət istiqrazlarının bir neçə hərracını istiqrazlara alıcı tapmadığı üçün ləğv edib.

Yazıda qeyd olunur ki, banklarla bağlı bu strategiya artıq işləmədiyindən Rusiya hakimiyyəti özünün Milli Rifah Fonduna (NWF) müraciət etməli oldu. Buradakı vəsait bir neçə il müharibənin yaratdığı büdcə kəsirini ödəməyə kifayət edərdi. Lakin son üç il ərzində fondun likvid ehtiyatları üçdə iki həcmində azalıb. Ekspert əmindir ki, “2025-ci il Kremlin büdcə kəsirini Milli Rifah Fondundan istifadə etməklə bağlaya biləcəyi son ildir”.

Demare hesab edir ki, Kremlin büdcə kəsirini maliyyələşdirmək üçün başqa strategiyası yoxdur və Putin Ukrayna ilə bağlı atəşkəslə Rusiya iqtisadiyyatına nəfəs vermək, vaxt qazanmaq istəyir: “Putinin, nəhayət, danışıqlara hazır olmasının səbəbi təəccüblü dərəcədə sadə görünür. O, alçaldıcı müflisləşmədən qaçmaq istəyir”./azpolitika.info