Rusiya Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarını təhdid və əsəbi ritorikanın nəticəsi hesab edir.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Rusiya XİN başçısı onu da qeyd edib ki, Makronun Moskva ilə qarşıdurma və nüvə silahından istifadə ilə bağlı açıqlamaları Rusiyanın ünvanına təhdiddir.
"Makron Putinə zəng edə bilər, heç kim ona mane olmur. Makronun Putinə zəng etmək imkanı var, Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamlar cəfəngiyyatdır”, - Lavrov qeyd edib.
O, Makronun Napoleon Bonapart və Adolf Hitler kimi “Rusiyanı fəth etmək niyyət”inə diqqət çəkib: “Lakin Fransa Prezidentindən fərqli olaraq onlar heç olmasa Rusiyanı fəth etmək niyyətlərini birbaşa bəyan ediblər. Bu, əlbəttə ki, təhdiddir. Rusiyaya qarşı döyüşmək istəyən sələflərindən fərqli olaraq, cənab Makron çox zərif davranmır”.
O qeyd edib ki, Makronun Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamları absurddur və məntiqdən uzaqdır: "Əlbəttə, bu, Rusiya üçün təhlükədir. Əgər o, bizi təhlükə hesab edirsə, Avropa ölkələrinin və Britaniyanın baş qərargah rəislərinin iclasını çağırırsa, nüvə silahından istifadə etmək, Rusiyaya qarşı nüvə silahından istifadə etməyə hazırlaşmaq lazım olduğunu deyirsə, bu, təbii ki, təhlükədir".
Lavrov vurğulayıb ki, Moskva Ukraynada xarici sülhməramlıların yerləşdirilməsi məsələsində güzəştə getmək imkanını nəzərdən keçirmir. Avropa qoşunlarının yerləşdirilməsi, Rusiya XİN rəhbərinin fikrincə, hibrid müharibəyə deyil, NATO-nun Rusiya ilə münaqişəyə birbaşa cəlb olunmasına gətirib çıxaracaq.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Fransa liderinin bəyanatında, xüsusən də Ukrayna məsələsinin nizamlanması məsələlərində bir sıra qeyri-dəqiqliklər var.
Xatırladaq ki, Makron xalqa müraciətində deyib ki, Avropa üçün Rusiya təhlükəsi mövcuddur və buna məhəl qoymamaq olmaz. Fransa lideri həmçinin qeyd edib ki, hər hansı həll variantı Kiyev üçün kapitulyasiyaya çevrilməməlidir.
Makron Rusiya təhlükəsi ilə əlaqədar Avropa ölkələrini Fransanın nüvə çətirinin altına qəbul edilməsi imkanları ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını bildirib./azpolitika.info