“Bu, narkotiklə mübarizədə Azərbaycan dövləti adına zəfər tarixidir...” – HİKMƏT BABAOĞLU

Narkomaniya elə bir bəladır ki, kimsə ondan sığortalanmayıb, birbaşa, yaxud dolayısı ilə hər kəsə toxuna bilər. Bu səbəbdən, aparılan mübarizə tədbirlərinə rəğmən, ölkəmizə narkotiklərin daxil olmasını qarşısının alına bilməməsi cəmiyyəti, xüsusilə sağlam düşüncəli hər vətəndaşımızı narahat edir. Qanunverici orqan olan Milli Məclisin üzvləri də bu sıradadır. Hansı ki, deputatlarımız da tez-tez narkotiklər məsələsinə toxunurlar.

Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində millət vəkili Hikmət Babaoğlu da qonşu ölkənin Azərbaycana qarşı “tiryək müharibəsi”ndən söhbət açıb: “Tiryək müharibələri tarixdə həmişə olub, tiryək müharibələri səssiz müharibə kateqoriyasına aiddir. Bu gün qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır. Bu qonşu ölkənin adını hamımız bilirik. Biz nadir hallarda Gürcüstandan, Rusiyadan, Türkiyədən narkotik keçirilməsinə rast gəlirik. Amma məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotiki başımıza yağdırır”.

Hikmət Babaoğlu ilə müsahibəmizdə ölkəmizə qarşı aparılan “narkotik savaşı” haqda suallara aydınlıq gətirməyə çalışdıq.

- Milli Məclisin İnsan hüquqları komitəsinin 3 martda keçirilən iclasında bildirdiniz ki, qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır. Şübhəsiz, burada İranı nəzərdə tutmusunuz. Çünki ölkəmizə narkotik vasitələrin 95 faizi məhz bu ölkədən daxil olur. Əgər belədirsə, hesab edirsiniz ki, hazırda molla rejimi qarşısında məğlub durumdayıq? Çünki ölkəmizdə narkomaniya çox geniş şəkildə yayılıb...

- Niyə məğlub durumda oluruq ki?! Bütün dünyada narkotik həm ticarət vasitəsi, həm kapital yığımı vasitəsi, həm də səssiz müharibə vasitəsidir. Bütün Avropada, Latın Amerikası ölkələrində - dünyanın hər yerində “narkotik müharibələri” aparılır. O cümlədən Azərbaycana qarşı da belə bir müharibə aparılır, səssiz müharibə kompanentlərindən biri kimi. Və Azərbaycan dövləti də, Azərbaycanın müvafiq hüquq mühafizə orqanları da çox səmərəli, çox effektiv mübarizə aparırlar. Biz az qala hər gün müxtəlif informasiya resurslarında, televiziyalarda Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyatlar barədə məlumat eşidirik. Və yaxud bunların ikisinin birgə keçirdiyi əməliyyatlar barədə məlumatlar eşidirik. Tonlarla narkotikin dövriyyədən çıxarılmasına şahidlik edirik. Məncə, bu, narkotiklə mübarizədə Azərbaycan dövləti adına bir qalibiyyət tarixi, bir zəfər tarixidir.

- Sizin də qeyd etdiyiniz kimi, İran narkotik silahı ilə bizə hücum edir...

- Mən “qonşu ölkə” demişəm.

- Tehran rejiminin Azərbaycanın uğurlarından əndişəyə düşdüyü yeni deyil. Bunun bariz nümunəsi kimi, uzun illərdir Ermənistana dəstək verdiyini, bu ölkəni silahlandırdığını qeyd edə bilərik. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatına əsasən deyə bilərik ki, İrandan daxil olan narkotiklərin cəmi 16 faizi bu və ya digər şəkildə aşkar olunur, yəni 84 faiz öz alıcısına çatır. Siz də ölkə olaraq necə yüksək səviyyədə mübarizə apardığımızı qeyd etdiniz. Bütün aparılan mübarizəyə rəğmən, nəyə görə, ölkəmizə qarşı “tiryək müharibəsi” aparan bu ölkənin qarşısını ala bilmirik?

- Dediyiniz statistikanı yaxşı olar ki, adını çəkdiyiniz komissiyaya ünvanlayasınız. Mənim bu barədə məlumatım yoxdur. Mən sadəcə Azərbaycanın müvafiq qurumlarının narkotikə qarşı mübarizədə çox böyük məsafə qət etdiyini və çox uğurlu əməliyyatlar keçirdiyinə şahidlik edirəm, bilirəm. Maarifçilik də bu mübarizənin mühüm bir hissəsidir. Sizə də bu sahədəki fəaliyyətinizdə uğurlar arzulayıram. Əlbəttə, yenə deyirəm, biz bu gün qonşu ölkələrlə sərhədlərimiz açıldıqdan sonra, son illərdə heç olmadığı qədər narkotiklərə, narkomaniyanın yayılmasına qarşı mübarizədə çox böyük uğurlar əldə etmişik və genefondumuzu qoruya bilmişik. Bunun üçün də mən müvafiq qurumlara, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə təşəkkür edirəm. Ayrıca sizə təşəkkür edirəm ki, millətimizin genefondu üçün zərərli olan, bu qədər faciəli nəticələrə gətirən bir halla bağlı maarifləndirmə funksiyası həyata keçirirsiniz. Və onların qarşısının alınması üçün heç şübhəsiz ki, ən vacib məsələlərdən biri maarifləndirmədir.   

- Çıxışınızda maraqlı bir fikir də qeyd etmisiniz ki, “məlum qonşu ölkə yerdən, göydən, dənizdən narkotiki başımıza yağdırır”. İndiki texnologiya əsrində müvafiq qurumlarımızın, sizin də qeyd etdiyiniz kimi, bu qədər sərhədlərimizi qorumasına, keçirilən əməliyyatlara rəğmən, necə olur narkotik yenə də gəlir?

- Artıq hər dəfə bu prosesin qarşısı alındıqca yeni vasitələrin tapıldığına şahidlik edirik. Məsələn, sahibsiz dəniz vasitələri ilə narkotik ötürülür. Təsəvvür edirsinizmi, bu narkotikin daşınmasında tamamilə yeni bir vasitədir. Bu günlərdə mən eşitdim, Daxili İşlər Nazirliyi qarşısını almışdı. Baxın, dronlar vasitəsilə ərazimizə narkotik ötürülür. Görün bu nəyi göstərir... Yəni bu halların aşkar edilməsi nəyi göstərir - bizim zəfərimiz haradadır. Böyük dəniz sərhədlərindən gələn hər hansı bir narkotik vasitəsini biz aşkar edib məhv edə bilirik və İran-Azərbaycan sərhədi çox uzun sərhəddir. Oradan dronlarla ötürülən narkotiklər qısa məsafəli ölçüdə və qeyri-standart yüksəklikdə göndərilir. Amma yenə də müvafiq qurumlarımızın, Azərbaycan sərhədçilərinin bundan xəbəri olur, bunu aşkar edə bilirlər. Görürsünüzmü, yəni bunun özü uğur hekayəsi deyil, bəs nədir?! Ona görə də, mən düşünürəm ki, yeni belə metodlar olduqca Azərbacan da bunları aşkar edəcək və qarşısını alacaqdır.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az