Oleq Jdanov: “Rusiya əmin olsaydı ki, müdafiəsi duruş gətirəcək, Kaxovkanı partlatmazdı”
“Bənd bərpa edilməyincə nə Krımda su olacaq, nə də ki, Zaporojye AES tam gücü ilə işləyəcək”
Məlum olduğu kimi, Rusiya ordusu Kaxovka SES-i partladandan sonra Dnepr çayı boyunca yerləşən yüzlərlə yaşayış məntəqəsi su altında qalıb. Bu, o deməkdir ki, azı on minlərlə ukraynalı evsiz qalacaq, Xerson vilayətinin nadir ekoloji sistemi təhlükə altına düşəcək. Bundan başqa, Zaporojye Atom Elektrik Stansiyası üçün də böyük risklər meydana gəlir.
Tanınmış ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov Ukraynanın “Qlavred.info” saytına verdiyi müsahibəsində Kaxovka Su Elektrik Stansiyasının partladılmasının Rusiya işğalçı ordusu üçün hansı nəticələr verəcəyindən və bunun Ukrayna Silahlı Qüvvələrinin hücumunu nə dərəcədə çətinləşdirməsindən, həmçinin də rusların təkcə Ukrayna üçün yox, bütün Avropa üçün hansı təhlükələr törədə biləcəyindən danışıb. Həmin müsahibəni təqdim edirik:
-Nəyə görə Rusiya Kaxovka SES-inin partladılması kimi barbar bir addımın atılması qərarını məhz indi verdi? Bu addım düşmən ordusuna nə verəcək, onlara nə qədər vaxt və ya hansı mövqelər qazandıra bilər?
-Bu, rusiyalılara vaxt udmağa imkan verəcək, çünki Kaxovka SES-in partladılması Ukrayna ordusunun hücum etməsinə və cəbhənin bu istiqamətindən Dnepri keçməsinə mane olur. Su səviyyəsinin yüksəlməsi böyük ərazini su altında qoyacaq, lakin Xersonun və digər kiçik şəhərlərin batması Rusiyanın qətiyyən vecinə deyil. Onun üçün mühim olan şey suyun axıdılmasının Novaya Kaxovkadan aşağı istiqamətdəki istənilən yerdən Dnepr çayının keçilməsini mümknsüz etmək və ya ən azından bunu çətinləşdirməkdir. Bu, rusiyalıların əsas məqsədidir. Görünür ki, Rusiya öz risklərini dəyərləndirib və ola bilər ki, Ukrayna ordusu Denepri keçməyə başlayanda sol sahili saxlaya bilməyəcəyini anlayıb. Düşmən öz imkanlarını hesablayanda nəylə qarşılaşacağını başa düşüb. Axı o, bütün müdafiə zolağı üçün topladığı hər şeyi suda batırır. Rusiyalılar SES-i dağıtmağa hazırlaşdıqlarını əvvəlcədən büruzə versəydilər, sol sahilboyu yığdıqları bütün texnika və silahları, mərmiləri və material ehtiyatlarını kənara daşıyacaqdılar ki, bunu da bizim kəşfiyyat biləcəkdi. Ancaq belə bir şey müşahidə olunmayıb. Belə çıxır ki, rusiyalıların bütün müdafiə mövqeləri və ehtiyatı suyun altında qalacaq.
-Bu, təəccübləndirir. Axı hələ əvvələr də Kaxovka SES-in partladılması təhlükəsi müzakirə olunanda ekspertlər dəfələrlə qeyd etmişdilər ki, Xerson vilayətinin sol sahili sağ sahilinə nisbətən daha böyük ölçüdə su altında qalacaq, çünki ora aşağıda yerləşir. Əgər rusiyalılar öz mövqelərini batırıblarsa, bunun məntiqi nədir?
- Burada insan faktorunun rol oynadığını hər halda istisna etmək olmaz. Artıq çoxdan bəllidir ki, bənd minalanıb, ruslar oraya çoxlu partlayıcı yerləşdirmişdilər. Ola bilər ki, hansısa axmaq birisi lazım olmayan yerə girib və məftilə ilişib, nəticədə hər şey partlayıb.
-Məgər belə axmaqlıq mümkündürmü?
- Rusiya ordusunda hər şey ola bilər. Ona görə də partlayışın Rusiya ordusu tərəfindən nəzarətsiz, idarəolunmaz şəkildə baş verməsi versiyasını hesabdan silmək olmaz. Kaxovka SES-dəki bəndin dağılmasından sonra ruslar Dneprdən təxminən 50 kilometr kənara çəkilməlidirlər. Bütün mövqelər, hər şey arxaya daşınmalıdır, orada nə tikiblər, nə yığıblar hamısı geri aparılmalıdır. Suyun qalxması bizim ordumuz üçün də müəyyən problemlər yaradır. Lakin bu, hücumun qarşısını kəsə bilməz. Heç nəyə baxmadan Ukrayna ordusu çayı keçə bilər. Əgər qayıqlarla Dneprin o biri sahilinə keçiləcəksə, bu məsafənin 800 metr, yoxsa 2-3 kilometr olmasının elə bir fərq yoxdur.
-Kaxovka SES üzərindəki bəndin partladılması bizim üçün hansı problemlər yaradır? Bu, Xerson vilayətinin sol sahilinin və cənubun azad edilməsini nə dərəcədə cətinləşdirir?
-Bizim üçün vəziyyət o mənada çətinləşir ki, suyun çəkilməsini gözləmək lazımdır.
-Bu, çox cəkə bilərmi?
-Təxminən iki həftə.
-Bəndin dağıdılması hansı nəticələrə gətirb çıxara bilər?
-Kaxovka SES-in partladılmasının nəticələrindən biri də su anbarında suyun səviyyəsinin aşağı düşməsidir. Bu səbəbdən Krım susuz qalacaq. Çünki Şimali Krım kanalı bəndin hesabına dolurdu, şlüzlər onun üzərində yerləşirdi. Rusiya üçün Krım çox vacibdir, müharibənin ilk həftəsini yadınıza salın, 28 fevralda ruslar bütün gücləri ilə kanalı təmizlədilər və şlüzləri açmağa hazırlaşdılar. Fevralda donmalar ola bilərdi. Bundan başqa Zaporojye AES indi yalnız sərbəst rejimdə işləyə bilər. Prinsip etibarı ilə onun sıradan çıxması təhlükəsi yoxdur. Əgər o, sərbəst rejimdə işləyirsə, reaktorun soyuması üçün özünün daxili su anbarı kifayət edər. Ancaq reaktorun gücü artırılanda soyutma üçün Kaxovka su anbarından su götürməsi lazımdır. Bənd bərpa edilməyincə nə Krımda su olacaq, nə də ki, Zaporojye AES tam gücü ilə işləyəcək. Mənim fikrimcə, bütün bunlar partlayışın Rusiya komandanlığı tərəfindən nəzarətsiz baş verməsi versiyasına gətirib çıxarır.
-Əgər partlayış Rusiyanın düşünülmüş addımıdırsa, o zaman bu, çarəsizlikdənmi irəli gəlir?
-Bu, təlaşdan doğan hərəkətdir. Hərçənd ki, təkrar edirəm, bu, axmaq bir vəziyyətdən qaynaqlanır. Ola bilər ki, kiməsə deyiblər ki, getsin partlayıcını yoxlasın, o isə gedib nələrisə qurdalayıb və hər şey partlayıb. O da ola bilər ki, Rusiyanın briqada, diviziya və ya korpus komandanlığı Ukrayna ordusunun hücumunun qarşısını almaq məqsədi ilə Enerqodar-Novaya Kaxovka məntəqəsindəki SES-in partladılması əmrini verib.
-Rusiyalıların müharibə aparmaq metodları təəccübləndirməkdə davam edir. İkinci Dünya Müharibəsində - 1941-ci ildə də Dnepr SES-i bu cür partlatmışdılar...
-Bu, Rusiyanın bütün mahiyyətini göstərir.Rusiyalılar həmişə bütün zibillərini stolun üstünə tökürlər və deyirlər: ”Bunu biz etməmişik!” Rusiya həmişə öz məntiqsiz davranışları ilə təəccüb doğurur, onların hansı hoqqalar çıxaracağını heç kim bilmir. Ruslar öz güclərinin məhz bunda olduğuna əmindirlər və bununla dünyanı şantaj edirlər. Hətta, Kaxovka SES-də baş verən hadisədə ruslar üçün çoxlu sayda mənfi cəhətlər var. Amma bütün bunlara baxmayaraq, bəndi partlatdılar. İndi onlar deyəcəklər ki, əgər Ukrayna hücumları dayandırmazsa, Zaporojye Atom Elektrik Stansiyasını da partladacaqlar. Dünya isə inanacaq, çünki bu idiotlar artıq SES-i partladıblar.
Ancaq Qərb üçün bu, elə də əhəmiyyət kəsb edən hadisə deyil. Qərb öz rejimində işləyir. Hərçənd ki, Rusiya təbliğatı baş verənləri belə təqdim edə bilər: ”Sonrakı hadisə Zaporojye AES-lə bağlı olacaq!” Onda dayanmaq vaxtı barədə söhbətlər başlaya bilər.
-Yəni bu, Ukraynanı Rusiya ilə danışıqlar masası arxasında əyləşdirməyə cəhd ola bilər...
-Əlbəttə. Hətta 5 iyunda bizim qoşunların hərəkətə başlaması göstərdi ki, Rusiya ordusu gözlədiyimiz kimi dayanıqlı deyil. Cəbhənin bir neçə məntəqəsində düşmən dərhal geri oturmağa başladı. Mən demirəm ki, qaçmağa başladılar, amma onlar konkret geri çəkildilər. Həm də ki, baş verənlər hələ Ukrayna Silahlı Qüvvələrinin iri miqyaslı hücumu yox, kəşfiyyat xarakterli döyüşlər idi. Moskvada təlaş içindədirlər, onlar əsas zərbə istiqamətini, bizim haradan geniş miqyaslı hücuma keçəcəyimizi indiyədək müəyyənləşdirə bilməyiblər. Ona görə də bu cür addımlar atırlar.
Rusiyalılar Ukrayna hücumunun önünü kəsmək üçün ideyalar axtarışındadırlar. Düşünüb tapdılar ki, bəndi partlatmaq lazımdır.Ancaq sonrakı ideya belədir: “Gəlin, Zaporojye AES-i partladaq, onsuz da geri çəkilcəyik, ancaq bunun əvəzinə bütün dünyaya zərər vuraq”.
-Kaxovka SES-nin partladılması Rusiyanın Xerson vilayətinin sol sahilini saxlamasına kömək edə bilərmi?
-Yox. Bu, artıq çarəsizlikdən edilən hərəkətdir. Bu, Rusiya klassik ədəbiyyatındakı “Cehizsiz qız” romanındakı “sən heç kimə qismət olma!” təfəkkürüdür. Əgər Rusiya əmin olsaydı ki, onun müdafiəsi duruş gətirəcək və Rusiya ordusu sol sahili saxlaya biləcək, o zaman Kaxovka SES-nin partladılmasının mənası olmazdı.
-Lakin rusiyalıların Xerson vilayətində hansısa “xoş məramlı hərəkətə” hazırlaşmaları görünmür...
-Onlar sadəcə, elə-belə getməyəcəklər. Onlar döyüşəcəklər. Görünür ki, onlar öz şanslarını düzgün dəyərləndirirlər. Prinsip etibarı ilə bu cür texnogen fəlakətin meydana gəlməsi komandasını yalnız Putin verə bilər. Yəqin ki, Şoyqu Ukrayna ordusunun hücumundan qorunmaq üçün Putinə keçilməz zonanın yaradılmasının vacibliyi variantını təqdim edib və o da bununla razılaşıb. Çünki Peskov son bəyanatlarında deyir ki, Putin danışıqlara hazır və açıqdır. Yəni, onun Ukrayna ordusunun hücumu qarşısında dayana biləcəyinə artıq əminliyi yoxdur.
-Deməli, belə çıxır ki, indi Xerson vilayətinin azad edilməsi üçüm Ukrayna ordusu Dnepr çayını keçməyəcək və əsasən quru ilə hərəkət edəcək?
-Yox. Bizim işimizi yeganə çətinə salan məsələ mülki əhalinin xilas edilməsdir. Xüsusilə də bütün Dnepr boyunca vəziyyət ciddidir.
Prinsipcə, müəyyən mənada ruslar bizim qarşımızda dayanan məsələləri yüngülləşdiriblər. Su basmış zonanı üzmək üçün kifayət qədər vasitəmizin olması bizim üçün yetərlidir, onlarınsa artıq müdafiə mövqeləri yoxdur. Bu səbəbdən də biz çayı hətta az qüvvə ilə də keçə bilərik.
-Amma mən bildiyimə görə, çayın bu tayından o biri tərəfinə keçən adamlar asan hədəfə çevrilirlər. Bu, bizim işimizi ağırlaşdıracaq. Dnepri keçən zaman Ukrayna hərbçilərini sadəcə güllələyə bilərlərmi?
-Bəli, belə şey ola bilər, risk böyükdür. Lakin düşmən də çayı keçənləri saxlamaq üçün hansısa əngəllər, maneələr, mövqelər qurmalıdır. Digər tərəfdən, Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri də daxil olmaqla bütün gücləri sol sahili tərk etmək məcburiyyətindədir. Deməli, biz aviasiyadan istifadə edə bilərik. Oralar tam çılpaq və düz ərazidir, Krıma qədər olan bütün ərazi çılpaq torpaqlardır.
-Sizin proqnozunuza görə, Ukrayna ordusu Xerson vilayətinin sol sahilindən nə vaxt hərəkətə keçib Krıma tərəf gedəcək?
-Hər şey bəndin dağılması səviyyəsindən və ərazinin su altında qalma miqyasından asılıdır. Bu, bizim hücumun gedişinə birbaşa təsir göstərəcək. Düşünürəm ki, əgər Xerson istiqamətində həqiqətən də nələrsə planlaşdırılıbsa, onda biz minimum iki həftə yubanacağıq./Azpolitika.info