Mənzildən 16 min manat götürdülər, izi itirmək üçün evi yandırdılar

Cəlilabadda evdən 16 min manat pul oğurlanıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonunun Təzəkənd kəndində İsayevlər ailəsinə məxsus evdə baş verib.

Belə ki, evdən 16 min manat pul oğurlayan şəxs və ya şəxslər, cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub. Həmən vaxtı qonaq gedən İsayevlər ailəsinə zəng edilərək evlərinin yandığı xəbəri verilib. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Güclü külək və yağışlı havada yanğın lokallaşdırılsa da, sahəsi 130 kvadratlıq evin 50 kvadratın iç hissəsi yanıb.

Yanğının evin digər yanar konstruksiyalarına keçməsinin qarşısı alınıb. Hadisə şahidləri otaqlarda yanmayan yanar maye izləri də aşkar ediblər.

Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq sıradan çıxıb. Oğurlanan pul ev sahibinin oğluna məxsus olub.

Qeyd edək ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma işləri davam etdirilir. Yaxın saatlarda baş verən hadisənin yeni təfərrüatlarına dair açıqlama veriləcəyi gözlənilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hazırda vətəndaşın müraciəti əsasında araşdırma aparılır.