MƏKTƏBLİLƏRƏ "AĞ ÖLÜM"ÜN ZƏRƏRLƏRİ HAQDA MƏLUMAT VERİLDİ / FOTO

Antinarkotik təbliğatının daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirmə işləri davam etdirilir.

Stopnarkotik.az xəbər verir ki, İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbində keçirilən növbəti tədbirdə narkomaniyanın zərərləri ilə bağlı şagirdlərə ətraflı məlumat verilib.
Məktəblilərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu zərərlərdən danışıb. Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis, eləcə də digər hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb. 
Daha sonra çıxış edənlər də narkotik vasitələrin fəsadlarından, gənclərin bu istiqamətdə maariflənmələrinin əhəmiyyətindən söz açıblar. 
Sonda polis əməkdaşları mövzu ilə əlaqəli məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Stopnarkotik.az