Narkomaniya probleminin qarşısının alınmasında şəxslərin, xüsusilə yeniyetmələrin psixoloji durumunun nə yerdə olması önəmlidir. Belə demək olarsa, narkomaniyaya gedən yolda asılılıq hər hansı pis vərdişin əsas kökü kimi çıxış edir ki, bunda da fərdin psixoloji çətinlikləri, yalnzılığı, gücsüzlüyü və s. faktorlar onu tələyə salan amillər kimi özünü göstərir. Fikrimizcə, psixoloji yetərsizlik də uşaqlıq dövründən qazanılır.
Azərbaycan müxtəlif məsələlərdə gündəmdəki problemlərin çözülməsində məsafə qət etmiş, müəyyən nailiyyətlər qazanmış ölkələrin təcrübəsinə müraciət edir. Post-sovet ölkəsi olan Qazaxıstan da demək olar ki, oxşar problemlərlə qarşılaşır. Bu səbəbdən qarşılaşdığımız problemlər oxşar olduğu kimi, onların bu problemləri çözmə metodlarına, yeniliklərinə müraciət edə bilərik. Məsələn, Qazaxıstan məktəb psixoloqlarının səlahiyyətlərini genişləndirməyi planlaşdırır. Bu barədə Qazaxıstan Respublikasının təhsil nazirinin müavini Edil Ospan məlumat verib.
Artıq məktəb psixoloqlarının səhiyyə, təhsil və sosial müdafiə sahələri ilə bağlı dövlət qurumları ilə sıx əməkdaşlıq edəcəyi gözlənilir.
“Əgər psixoloq uşağın qeyri-funksional ailədə yaşadığını aşkar edərsə, o, səhiyyə orqanlarına müvafiq göndəriş yazmalıdır və ya ata uzun müddətdir işsizdirsə, sosial müdafiə orqanlarına siqnal göndərməlidir. Alqoritm belədir, biz işi görürük”, deyə Edil Ospanov izah edib.
Onların işini əlaqələndirmək üçün xüsusi mərkəz yaranacaq. Həmçinin nazirlik hazırda onların əməkhaqlarının artırılması məsələsinə baxır. Bundan başqa Qazaxıstan məktəbləri psixoloqların sayını artırmağı planlaşdırır.
Bu barədə isə Qazaxıstan Milli Məclisin deputatı, keçmiş təhsil naziri Asxat Aymaqambetov bildirib. O, Almatı vilayətində məktəblinin intiharı ilə bağlı son hadisəni şərh edib.
Jurnalistlər deputata Besaqaş kəndində məktəbdə ona qarşı edilən təhqir üzündən intihara cəhd edən 4-cü sinif şagirdinin əhvalatını xatırladıblar. Uşağın anası deyib ki, direktor qalmaqalı ört-basdır etmək üçün ona 200 min tenge təklif edib.
Aymaqambetov bildirib ki, hazırda bu faktla bağlı komissiya işləyir.
"Biz buna baxmalıyıq. Əgər fakt təsdiqini taparsa, bu, artıq cinayət məcəlləsidir. Burada qərəzsiz və aydın araşdırma lazımdır. Həmçinin, bu fövqəladə vəziyyətə görə təqsirli olan bütün şəxslərə qarşı tədbir görülməlidir", deyə deputat cavab verib.
“Ümumilikdə, uşaqların zorakılığı və hüquqlarının qorunması problemi mürəkkəb problemdir”, deyə Ayaqambetov bildirib. O hesab edir ki, bu halda psixoloqların işi gücləndirilməlidir. Onun sözlərinə görə, indi uşaqların sosiallaşmasında müəyyən problemlər var. Hökumət psixoloji xidməti gücləndirməlidir. Bu gün bir psixoloqa 1000-1500 uşaq düşür.
"Bununla əlaqədar olaraq, biz hökumət qarşısında əlavə psixoloq kadrlarının təmin edilməsi və onların ixtisasartırma üçün təlim sisteminin təkmilləşdirilməsi məsələsini qaldırdıq", deyə Aymaqambetov əlavə edib.
Hesab edirik, Qazaxıstanda gündəmə gələn bu metod bizim üçün də aktualdır. Problem varsa o kökdən həll olunmalıdır ki, nəticə müvəqqəti yox, daimi olsun. Əgər cəmiyyətinin insan orqanizmi kimi bütöv varlıq olduğunu qəbul etsək, deməliyik ki, problemlərin təsiri şaxələnir və onların birinin çözülməsi özüylə bərabər digər təsirlərin də yoxa çıxmasına gətirəcək.
Stopnarkotik.az