Əməkdar artist gəncləri “şeytanın yolu” ilə getməməyə çağırdı – FƏRQANƏ QASIMOVA NARKOMANİYANIN YAYILMASI HAQDA DANIŞDI

Prezident mükafatçısı, Respublikanın Əməkdar artisti Fərqanə Qasımova ölkədə narkomaniyanın geniş yayılması ilə bağlı Stopnarkotik.az-ın suallarını cavablandırıb.

“2 ilə yaxındır ki, Azərbaycanda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə gedir. Siz, bir sənət adamı olaraq, ölkəmizdə narkomaniyanın durumu haqda nə deyə bilərsiniz”, - sualını cavablandıran F.Qasımova bildirib:

“Allahın bəndələrinə belə bir sözü var ki, şeytana yaxınlaşmayın. Mən onu deyə bilərəm ki, orada ki şeytan var, ora yaxınlaşmayın. Yaxınlaşandan sonra ordan çıxmaq qeyri-mümkün olacaq.

Əlbəttə, Allahın qarşısında qeyri-mümkün deyilən bir şey yoxdur. Amma gənclərimiz onu qeyri-mümkün kimi saysınlar. Şərdən, pisdən, pisliklərdən, pis dostlardan uzaq olsunlar. İnsanın gələcəyini bağlayan bir işin axırı necə yaxşı ola bilər ki?! Ona gənclər niyə də yaxınlaşsın ki?!  Və bu baxımdan da bütün gənclərə onu deyə bilərəm ki, şər işlərə heç yaxınlaşmasınlar. Ən yaxşısı budur.

“Cəmiyyətdə belə fikir formalaşıb ki, müğənnilər arasında narkotik maddə qəbul edənlərin sayı günbəgün çoxalır. Siz narkotik aludəçisi olan həmkarlarınıza və gənclərimizə nə tövsiyyə edərdiniz”, - sualına isə Əməkdar artist belə cavab verdi: “Mən nə tövsiyyə edə bilərəm ki?! Onlara Allah özü kömək olsun. Allah özü onları hidayət eləsin! Allah özü onlara düz yola qayıtmağı nəsib eləsin! Allah heç vaxt istəməz ki, onun bəndələri pis yola düşsünlər. Həyatda iki yol var: bir şeytan yolu, bir də Allah yolu. Ya şeytan yolu ilə gedəcəksən, ya da Allah yolu ilə. Qayıtmaq istəyirsənsə, yenə də Allah yoluna qayıdacaqsan. Başqa yol yoxdur”.

Fuad BİLƏSUVARLI

Stopnarkotik.az