Məişət zorakılığına görə cəzalar sərtləşdirilir - İnzibati həbs tətbiq ediləcək

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Belə ki, hazırda qüvvədə olan Məcəlləyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan başqa, məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyət müəyyən edilir.

Buna görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsində məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım proseduru da müəyyənləşir.

Layihəyə əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.

Həmçinin, zərərçəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malik olacaq. Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.