Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılır? - İQTİSADÇILARDAN AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. 

Nazir bu barədə təkliflərin hazırlandığını, dövlət büdcəsinin yekunundan sonra sözügedən artımların ictimaiyyətə elan ediləcəyini bildirib. Xatırladaq ki, ölkə başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında minimum əməkhaqqı və minimum pensiya məbləğinin artırılacağının anonsunu vermişdi.

"İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda artım 7 faiz olub. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya isə 2,5 dəfə artıb. Onu da bildirməliyəm ki, artıq göstəriş verilib ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya məbləği artırılsın”,- deyə prezident vurğulamışdı.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya sonuncu dəfə 2023-cü il 1 yanvar tarixində artırılıb. Həmin vaxt aylıq minimum əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata çatdırılıb.

Artıq son artımın üzərindən təxminən 2 ilə yaxın bir müddət keçir. Hazırda hər kəsi maraqlandıran sual isə odur ki, minimum əməkhaqqı və minimum pensiya nə qədər artırılacaq?

İqtisadçı Xalid Kərimli bildirib ki, bu barədə təklif artıq noyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hökumətə təqdim edilməlidir:"Yəqin ki, hökumətə təqdim olunub, lakin hələ ictimaiyyətə açıqlanmır. Hesab edirəm ki, minimum əməkhaqqının artımı 10-15% həcmində olacaq. Çünki minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ildə artırılıb. Son iki ildə isə artım olmayıb. İnflyasiya 2023-cü ildə 9% idi. 2024-cü ildə isə 4-4,5% olacağı gözlənilr. Bu səbəbdən artımın minimum 10, maksimum 15 faiz həcmində olacağını düşünürəm".

Pensiyaların artımına gəlincə, ekspert bildirib ki, bu, qanunla tənzimlənən məsələdir:"Pensiyalar əvvəlki ildə olan orta aylıq əməkhaqı artımına uyğun indeksləşdirilir. Bu ildəki artım tempi isə təqribən 8 faiz həcmindədir. Düşünürəm ki, pensiyalar təqribən bu həcmdə artırılacaq. Ancaq onu da qeyd etməliyik ki, hələ il başa çatmayıb. Ona görə də dəqiq rəqəm ilin sonunda müəyyənləşəcək".

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, qeyd olunan artımın hansı səviyyədə olacağını büdcə müzakirələri zamanı görmək mümkün olacaq.

Ekspert qeyd edib ki, Maliyyə Nazirliyi tərəfindən gəlirlər və xərclərlə bağlı açıqlanan ilkin büdcə rəqəmlərindən çıxarılacaq nəticə bundan ibarətdir ki, minimum əməkhaqqı və pensiyaların təqribən 10% civarında artırılacağı gözlənilir.

N. Cəfərli əlavə edib ki, sözügedən artımın kimlərə və necə şamil olunmasına isə büdcə müzakirələri zamanı aydınlıq gələcək./azpolitika.info