Mingəçevirdə gənc müəllimin 11 min manatı oğurlandı

Mingəçevirdə kiberdələduzluğun qurbanına çevrilən 26 yaşlı müəllimə çarəsiz duruma düşüb.

Kiberdələduzlar 13 saylı orta məktəbin riyaziyyat və informatika müəllimi Leyla Cavanşir qızı Xəlilovanın bank hesabına müdaxilə edərək 10 min 841 manatını ələ keçiriblər.

Ən acınacaqlısı isə odur ki, Kapital Banka məxsus kartlardan oğurlanan vəsaitin 9 min 500 manatı kredit kartından çıxarılıb.

L.Xəlilovanın atası Cavanşir Xəlilov deyib ki, ötən il noyabrın 21-də qızına və məktəbdə çalışan bir qrup müəllimə bank əməkdaşı tərəfindən kartlar verilib. Bundan cəmi 6 gün sonra - noyabr ayının 27-si gecəsi isə qızının kartından pul oğurlanıb.

Cavanşir Xəlilovun sözlərinə görə, gecə saatlarında qızının bank proqramının olduğu telefon qəfil sönüb, açılmayıb. Səhər telefonu ustaya verərək təmirini gözləmədən, digər telefonla proqramı bərpa edib kart göstəricilərinə baxıblar. O zaman 9 500 manatın kredit kartından, 1 341 manatın isə digər kart hesabından yoxa çıxdığını görüb, dərhal bankın və Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat veriblər.

Hazırda araşdırmalar davam edir. Lakin Leyla Xəlilova və onun yaxınlarını bir qədər də üzən odur ki, araşdırmalar yekunlaşmadan bank, qarşılıqlı müqavilənin şərtlərinə əsaslanaraq, ödənilməyən müddət üçün müştəriyə 2 000 manat əlavə faiz hesablayıb. Üstəlik, kartda oğurlanmış vəsait üçün müştəriyə 800 manat aylıq ödəniş müəyyən olunub.

Bu səbəbdən, kiberdələduzların qurbanına çevrilmiş Leyla Xəlilova nə aylıq 430 manat əmək haqqısını ala bilir, nə də aylıq 800 manatlıq ödənişin qalan 370 manatını ödəyə bilir. Gənc müəllimə və doğmaları, ən azından araşdırmalar yekunlaşana qədər, öhdəlik məsələləri ilə bağlı aidiyyəti qurumlardan anlayış göstərilməsini xahiş edirlər./"Teleqraf"