Milyardlara sahib olan narkomafiya çökdürülür – SAXLANILANLAR ARASINDA HÖKUMƏTDƏKİ “HÖRMƏTLİ QULDURLAR” DA VAR

Azərbaycanda son iki ildə narkomaniya və narkotik ticarəti ilə mübarizə daha da kəskinləşib. Bir sıra dövlət qurumları bu mübarizəyə cəlb olunub. Demək olar ki, hər gün “kiçik tutumlu” narkotik tacirləri ifşa olunaraq həbs edilir, satılan narkotiklər ələ keçirilir. Müxtəlif ekspertlər bildirir ki, mübarizə əvvəlkinə nisbətən daha intensiv aparılır. Amma gözlə görünən nəticə qənaətbəxş deyil, çünki əks halda bu, mütləq tutulan narkotacirlərin və narkotiklərin, eləcə də narkomaniyanın tələsinə düşən insanların sayında özünü göstərərdi. Odur ki, istər-istəməz insan “niyə bu bəlanın qarşısını almaq mümkün olmur” sualı üzərində baş sındırır.

Azərbaycanda yaşananlar bəzi sferalarda digər post-sovet ölkələrində yaşananlarla oxşarlıq təşkil edir. Eynilə, hazırda narkomaniya və “kriminal xadimlər” ilə baş verən çarpışmalar, onların dövlətə verdiyi zərər, ölkənin imicinə gələn xələl sahəsində vəziyyət də o qədər fərqli deyil. Bu baxımdan Mərkəzi Asiyada baş verənlər maraq doğurur və mübarizə baxımıdan əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, qardaş ölkələr - Özbəkistan və Qırğızıstanda narkobaron “şöhrəti” olan statuslu şəxslərin və “əli uzun” mafiya mənsublarının həbsinə qərar verildi. Bildirək ki, bu il Mərkəzi Asiyada əsas kriminal avtoritetlərin Qırğızıstanın xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilməsi və özbək mafiyasının məşhur “xaç atası”nın həbsi baş verdi. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, hər iki ölkədə mütəşəkkil cinayətkarlığı hədəf alan kampaniyaların effektiv nəticələri tam bərqərar olana qədər illər keçə bilər.

Qırğızıstanın təhlükəsizlik qüvvələri ölkənin ən bədnam kriminal avtoritetlərini güllələyib, aşağı səviyyəli mafiozları həbs etmək və onları “təqaüdə çıxarmaq” kampaniyası başlatdıqdan bir neçə həftə sonra qonşu Özbəkistanda da “bandit ovu” başlayıb.

Özbəkistan hakimiyyətinin mütəşəkkil cinayətkarlığa qarşı 40 günlük kampaniyasının ən “əlamətdar” qurbanlarından biri də həyatında ilk dəfə həbs cəzası ilə üzləşəcək kriminal dünyasının məşhur simalarından olan Səlim Əbdüvəliyevdir. Hansı ki, o, həm də Səlimbəy, yaxud Səlimboyvaçça (varlı-dövlətli Səlim) kimi ləqəblərlə tanınır. 2017-ci ildən Əbdüvəliyev “Özbəkistan Milli Olimpiya Komitəsi”nin sədr müavinidir və idmanın inkişafındakı xidmətlərinə görə, bir çox dövlət mükafatlarına layiq görülüb.

Onun hökumətə təsir etdiyi iddiasına gəlincə, 2006-cı ildə ABŞ-ın Özbəkistandakı səfirliyinin məxfi diplomatik teleqramlarında Əbdulvəliyev yüksək rütbəli dövlət vəzifələrini “satın alan” və istədiyi şirkətlərə gəlirli dövlət müqavilələrini “bəxş edən” “Daşkənd mafiyasının başçısı” kimi göstərilirdi.

İndiyədək belə görünürdü ki, eks-prezident İslam Kərimov 1990-cı illərin əvvəllərindən 2016-cı ildə vəfat edənə qədər Əbduvəliyev görünməz idisə, vaxtaşırı mafioz qrupların fəaliyyətini “kəsib-doğrayan” prezident Şavkat Mirziyoyevin dövründə daha çox “gün işığına çıxdı”.

Beləliklə, dekabrın 5-də DİN-nin Əbdüvəliyevin qanunsuz silah saxlama ittihamı ilə istintaqa cəlb edilməsi barədə açıqlaması ictimaiyyətdə şok effekti yaradıb. “Şok 40 gün” kampaniyası başlayandan bəri hüquq-mühafizə orqanları Daşkənddə və ölkənin regionlarında keçirilən reydlər zamanı mütəşəkkil cinayətlə əlaqəli azı 200 şübhəlini saxlayıb.

Bununla belə, ekspertlər reydlərin uzunmüddətli nəticələri barədə spekulyasiya etməkdən çəkinirlər.

Britaniyada yerləşən “Central Asia Due Diligence” araşdırma şirkətinin rəhbəri, politoloq Əlişir İlhamov, “bu tədbirlərin effektivliyini anlamaq üçün bizə ən azı iki-üç il vaxt lazımdır” deyir.

Əbduvəliyev kampaniya ilə bağlı yeganə “böyük” ad deyil. Bir gün əvvəl Daşkənd daxili işlər orqanları Bəxtiyor Kudratullayevin və iki ehtimal edilən cani ortağın xüsusilə böyük məbləğdə hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edildiyini açıqlayıb.

2018-ci ildə Kudratullayevin şəxsi sürücüsü də daxil olmaqla mənbələr bildirib ki, o, biznesi müzakirə etmək üçün Rusiya və Qazaxıstandan olan kriminal aləmdəki partnyorlarını Daşkəndə dəvət edib. Əlişir İlhamov bildirir ki, hakimiyyətin kriminal simaları aradan qaldırmaq kampaniyasının səbəblərindən biri hakimiyyətin investorlara zəmanət vermək istəyi ola bilər. Çünki, 2021-ci ildə preizdent Mirziyoyev ölkənin ən böyük bazarlarından bəzilərinin kriminal bosslara “xərac” verməsindən şikayətlənmiş və buna son qoyulmasını tələb etmişdi. Mütəşəkkil cinayətkarlığa qarşı kampaniya haqqında ilk məlumat noyabrın 21-də ortaya çıxdı.

Bir çox yerli media resursları iddia edir ki, daha bir tanınmış kriminal avtoritet Qafur Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Lakin DİN-dən Rəhimova qarşı hər hansı hərəkətin olması barədə heç bir təsdiq yoxdur. Əbdüvəliyev kimi Rəhimov da həmişə mütəşəkkil cinayətkarlıqla əlaqəsini inkar edib.

Qafur Rəhimov

On il əvvəl ABŞ Xəzinədarlığı Rəhimovu Avrasiya narkotik ticarəti şəbəkəsi olan “Qardaşlar kruqu”nun digər üzvləri ilə birgə transmilli cinayətlə əlaqəsi olan şəxslər siyahısına daxil edib. Bu qərar Rəhimovun Lozannada yerləşən “Beynəlxalq Həvəskar Boks Assosiasiyası”nın (AIBA) daimi rəhbəri kimi qalmaq cəhdini çətinləşdirdi, xüsusən də 2018-ci ildə seçildikdən sonra AİBA ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında gərginliyi artırdı. Bir il sonra Rəhimov rəsmi olaraq vəzifəsini tərk etdi.

"HÖRMƏTLİ QULDURLAR”

Dövlətin start verdiyi “Kriminal şəbəkənin çökdürülmə kampaniyasının hədəfinə tuş gəlmiş avtoritetlərdən biri olan Rəhimov özünü “Rusiyanın qatı tərəfdarı” adlandırır. O, 2014-cü il Soçidə Olimpiya oyunlarının keçirilməsinin xeyrinə səsverməni “öz xidməti” sayır. Özbəkistan hüquq-mühafizə orqanları hələ ki, MDB məkanında ən böyük narkobaronlardan biri sayılan məşhur “kriminal ağa” Qafur Rəhimovu həbs edə bilmir. Onu “nə evdə [Daşkənddə], nə də daçada tapıblar” və indi güman edilir ki, Rəhimov ya Özbəkistanı tərk edib, ya da ölkə daxilinə gizlənib. 2002-ci ildə keçmiş FTX polkovniki Aleksandr Litvinenkonun “Lubyanka cinayətkar qruplaşması” kitabını nəşr etdirərək, Qafurun Mərkəzi Asiyadan Rusiyaya, oradan isə Qərbi Avropaya gedən narkotik vasitələrinin qanunsuz dövriyyəsini tamamilə nəzarətə götürdüyünü bildirmişdi. Özbək əsilli Əfqanıstan generalı Əbdül-Rəşid Dustum və FSB departamentlərindən birinin rəhbəri Yevgeni Xoxolkovla yaxın əlaqələri Qafur Rəhimova bir çox cəhətdən buna nail olmağa kömək edib.

2008-ci ildə Rusiyadan qaçdıqdan sonra Britaniyada polonium ilə zəhərlənən keçmiş rus kəşfiyyatçı Aleksandr Litvinenkonun sözlərinə görə, Rəhimov Moskvanın ən güclü fiqurlarına çoxlu “xidmətlər göstərib”. Digər Rusiya rəsmiləri ilə söhbətlərinə istinad edən Litvinenko “Lubyanka Cinayət Qrupu” kitabında yazır ki, “Qafur” adlı şəxsin rəhbərlik etdiyi “Özbəkistan komandası” Rusiyanın o vaxtkı gələcək prezidentinə - Vladimir Putinə qeyri-leqal pul vəsaitlərinin ötürülməsi üçün mühüm alət olub. Putin isə 2000-ci ildə xaricə qaçan Litvinenkonun heç bir iddiasını heç vaxt qəbul etməyib.

Rəhimov Özbəkistanda vaxtilə Milli Olimpiya Komitəsinin vitse-prezidenti olub (hazırda bu vəzifəni Əbdüvəliyev tutur), hazırda isə Peşəkar Boks Federasiyasının vitse-prezidentidir.

Hələ 2020-ci ildə dövlət milli təhlükəsizlik komitəsinin alovlu rəhbəri Kamçıbek Taşiyev “hörmətli quldurlar” adlandırdığı insanlara onların cəzasız qaldıqları günlərin sayı ilə bağlı xəbərdarlıq etmişdi və müraciəti istehzaya səbəb olmuşdu. Amma 3 ildən sonra Taşiyev sözünün üstündə durdu. Oktyabrın 4-də Bişkekin mərkəzində keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri tərəfindən Rəhimovla eyni “Qardaşlıq Kruqu” ilə əlaqəsi olan, ABŞ-ın sanksiyasına məruz qalmış, “Kolya Qırğız” ləqəbi ilə tanınan Kamçibek Kolbayev öldürüldü. Sonrakı günlərdə və həftələrdə həbslərin sayı artdı, təhlükəsizlik xidmətləri təkcə iddia edilən mafiozları deyil, həm də cinayətkarlarla əlaqədə ittiham etdikləri iş adamlarını hədəf aldı. Hesabatlarla eyni vaxtda, yeraltı dünyasının iddia edilən fiqurlarının hökumətə sədaqətlərini ifadə edərkən "oğruların yolunu və cinayət anlayışlarını" açıq şəkildə rədd etdiklərini əks etdirən bir sıra videolar ortaya çıxdı.

Göründüyü kimi, dövlətin içində maskalanmış kriminal simaların zərəsizləşdirilməsi iqtisadi şəffaflıq və inkişaf baxımından mühümdür, xüsusilə ona görə ki, onlar zəbt etdikləri mövqelərdən istifadə edərək kriminal idarəçilik üslubunu dövlət idarəetməsinə tətbiq edirlər, mühüm vəzifələri ləyaqətinə və peşəkarlığına görə deyil, onların “qılıncının altından keçənlər”ə “satırlar”, ölkəni narkotiklərin meydan suladığı cəngəlliyə çevirirlər. Üstəlik, öz cinayətkar əməllərinə Rusiyanın (başqa dövlət də ola bilər) himayəsi sayəsində zəmanət qazanırlar. Elə bil ki, onlar başqa ölkələrin maraqlarını qoruyan, onları öz dövləti içində təmsil edən canişinləridir.

Azərbaycanda da durum o qədər fərqli deyil, çünki narkoticarətin dövlət aparatı içindən himayəçisi və yüksək çinli səlahiyyətlilərin bu işdə barmağı olmasa, anti-narkomaniya mübarizəsinin təsir dairəsi daha çox böyüyərdi. Narkotik ticarətini himayə edən statuslu şəxslərə, dövlət içindəki “vintlər”ə “DUR” demək üçünsə iradə lazımdır. Çünki, həmin məmurlar öz dövlətinə qarşı narkotik müharibəsinin içindədirsə, şübhəsiz, düşmən, yaxud rəqib dövlətin canişinliyini edir. Demək, həmin məmurları qandallamaq onların arxasında duran dövlətləri neytralldırmaqdır. Bunun üçünsə iradə mütləqdir. Ən azından Özbəkistan nümunəsi gözümüzün qarşısında baş verir. Azərbaycan dövlətinin içindəki “HÖRMƏTLİ QULDURLARI” da “ovlamaq” zamanı çoxdan gəlib.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az