Mifləşdirilmiş “Ohanyan xətti”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir - FOTOLAR

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri aparır. Onların gördüyü işlərlə tanış olmaq üçün Müdafiə Nazirliyi Ağdərə rayonuna media-tur təşkil edib.

Media nümayəndələri əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış hissədə olublar.

Ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq baş tutub.

Bildirilib ki, antiterror tədbirlərinə qədər Tərtər-Ağdərə avtomobil yolunun üzərində və ətrafında Ermənistan silahlı bölmələrinin döyüş mövqeləri yerləşdirilib. Ərazidə tank əleyhinə xəndək və metal kirpilər, tikanlı məftillər, qarışıq tipli mina sahələri və döyüş mövqeləri bir-birini əvəz edir.

Daha sonra jurnalistlər minaaxtaran itlər və əllə minatəmizləmə işləri aparılan ərazidə olublar. Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov aparılan minatəmizləmə əməliyyatı barədə jurnalistlərə məlumat verib.

O bildirib ki, hazırda həm minaaxtaran itlərin vasitəsilə, həm əllə axtarışla istehkam bölməsinin mina sahəsində ərazinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işi aparılır: “İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6800 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13 660 metr yeni təminat yolları çəkilib. Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatları mərhələli şəkildə Ağdərə rayonunun “Gödəkburun” təlim sahəsi ərazisində partlatma və yandırma üsulları ilə məhv edilir”.

Həmçinin, Anar Kərimov qeyd edib ki, ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan Ordusu Türkiyədən “MEMATT” mina təmizləmə texnikaları da alıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hərb elmində nəzərdə tutulan standartlara əməl etməyib, minaları kütləvi şəkildə ərazilərə basdırıb: “Elə ərazilər var ki, bir kvadratmetrdə 6-8 piyada əleyhinə mina tapılıb. Bu onu göstərir ki, Ermənistan özü istehsal etdiyi minaları Azərbaycan ərazilərində kütləvi şəkildə basdırıb. İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatlarından sonra verilən məlumatlar onu göstərir ki, Azərbaycan ərazilərində milyon yarımdan artıq mina və partlamamış hərbi sursat var. Bu, bir daha onu göstərir ki, ərazilərimiz mina və partlamamış hərbi sursatlarla küllü miqdarda çirkləndirilib. Bunu nəzərə alaraq İkinci Qarabağ müharibəsi bitən kimi Azərbaycan dərhal minaların təmizlənməsini prioritet sahə elan etdi və arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəltdi. ANAMA, Müdafiə Nazirliyinin Mühəndis Qoşunları, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri minaların təmizlənməsinə cəlb olunub. Bundan başqa, ərazilərin minalardan təmizləməsi üçün dörd kommersiya qurumu yaradılıb. Bir qeyri-hökumət təşkilatı uzun müddətdir bu istiqamətdə fəaliyyət göstərir. Məsafədən idarə olunan robot texnikalar, həmçinin, minaaxtaran itlər, siçovullar ölkəyə gətirilir. Artıq Azərbaycan özü ərazilərini minalardan təmizlənməsini həyata keçirən maşınlar istehsal edir. Qadın minatəmizləmə komandası yaradılıb. Azərbaycan Hökuməti arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəldib”.

Sonda media nümayəndələri mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesini izləyiblər.

“Ohanyan xətti”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir - FOTO

“Ohanyan xətti”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir - FOTO

“Ohanyan xətti”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir - FOTO

“Ohanyan xətti”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir - FOTO

“Ohanyan xətti”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir - FOTO

“Ohanyan xətti”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir - FOTO