"Məhkəməyə gəlməyən şahid barəsində cinayət işi başlayacaq"- MN-nin 143 milyonluq cinayət işi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki,  Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid A.Rzayevin dəfələrlə xəbərdarlıq olunsa da  məhkəməyə gəlmədiyi məlum olub. 

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, A.Rzayev və digər şahidlərin məhkəməyə məcburi gətirilməsi üçün onlar tərəfindən vəsatət verilib. Vəkil deyib ki, həmin şahidlərin məhkəmədə bu müddətdə dindirilməsi mümkün olmayıb. R. Mirmehdizadə həmin şahidlərin məhkəməyə gətirilməsi barədə vəsatətlərindən imtina etdiklərini deyib. O, həmin şahidlərin məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan olunması barədə vəsatət verib. 

Hakim kollegiyası vəsatəti qismən təmin edib. Hakim Fikrət Əliyev  bildirib ki, A.Rzayevin məhkəməyə gəlməsi üçün müvafiq tədbirlər görüləcək. 

Daha sonra prosesdə Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müvəkkilinin ailə üzvlərinə məxsus bəzi əmlakların həbsdən çıxarılmasını xahiş edib.

Daha sonra məhkəməyə gəlməyən bəzi şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilib. Növbəti proses iyulun 5-də davam edəcək. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.