Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Elmir Məmmədov, Vüsal Əkbərov və Bəhruz Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, cinayət hadisəsi 2023-cü ilin noyabrın 10-da baş verib. Cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini, 77 yaşlı tibb bacısı olmuş Zeynəb Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də ağız və burnunu yapışqan lentlə bağlayıblar.
Cinayətkarlar evdən 475 manat pul, 1 338 və 362 manat dəyərində qızıl üzüklər, eləcə də zərərçəkənin qulağında olan dəyəri 466 manat qiymətləndirilən qızıl sırğanı aparıblar. Hadisə yerindən uzaqlaşdıqdan sonra, Zeynəb Məmmədovanın tənəffüs yollarının yapışqan lentlə bağlı qalması və ona yetirilən xəsarətlər qadının ölümünə səbəb olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd: Zeynəb Məmmədova evdə tək yaşayırmış./pravda.az