Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elçin Fərhadzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 30 may 2023-cü il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən “Brend Shop” mağazasının qarşısında qeydə alınıb.
Belə ki, həmin gün Elçin Fərhadzadə sözügedən mağazasının qarşısındakı ödəmə terminalına yaxınlaşıb. O, terminalın qarşısında növbə tutan Emin Məmmədovdan yerlərini dəyişdirməyi istəyib. Lakin Emin növbəsini Elçinə güzəştə getməyib. Bundan sonra Elçin Eminin terminaldan pul çıxarmaq istədiyini görüb və ona terminalda nağdlaşdırma funksiyasının olmadığını deyərək irad bildirib. Tərəflər arasındakı mübahisə daha sonra terminaldan kənarda davam edib. Bu zaman Elçin yumruqla Eminə zərbələr endirib. Nəticədə Eminin eynəyi sınaraq sağ gözünə batıb.
Ekspertiza Eminə gözünün buynuz qişasının dəlib keçmiş yaralanması, gözün möhtəviyyatının tökülməsi, hemoftalm, göz qapaqlarının, alt dodağın yaraları ilə müşayiət edilən sağ gözdə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər diaqnozu qoyub.
Məhkəmədə Emin Məmmədov artıq Elçini bağışladığını və onunla barışdığını bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Fərhadzadəyə 6 il həbs cəzası verilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib./pravda.az