Məhkəmə Dövlət Xidmətinin əməkdaşlarını döyən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə xuliqanlıqda ittiham olunan R.Səfərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə qazancından 15 faiz dövlət nəfinə tutulmaqla ona 11 ay 24 gün müddətinə islah işləri cəzasına təyin edilib. İttihama görə, hadisə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində qeydə alınıb. Belə ki, R.Səfərov şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı vəzifəsində işləyən baş çavuş zərərçəkmiş Mahir Həsənova (şərti) yaxınlaşaraq, həmkəndlisinin hansı səbəbə görə hərbi xidmətə aparılmadığını soruşub. Sonra o, həmin şəxsin 2020-ci ilin yanvar ayı ərzində həqiqi hərbi xidmətə aparılmayacağı təqdirdə 9 ay müddətində həqiqi hərbi xidmətə aparılmadığına görə kompensasiya alacağını bildirib. Daha sonra R.Səfərov səs-küy salıb nalayiq ifadələr işlədərək ona izah verən zərərçəkmiş şəxsin xidməti geyim formasından tutub dartıb, çiyin nahiyəsinin sökülməsi və paqon bərkidilməsi üçün nəzərdə tutulmuş düyməni qoparıb. Bu zaman səs-küyə hadisə yerinə Səfərbərlik Hazırlığının Səfərbərlik Bölməsinin zabiti vəzifəsində işləyən baş leytenant zərərçəkmiş Namiq Əliyev (şərti) gəlib. R.Səfərov həmin şəxsə də müqavimət göstərib əli ilə onu itələyib yerə yıxıb.