“Metadon poqramı”ndan “Bernes metodu”na keçid – AZƏRBAYCANDA DA YENİ MÜALİCƏ METODU TƏTBİQ OLUNUR?

Narkoloji Mərkəzin direktoru Fəzail Sadıqov: “Hal-hazırda hökumətin gücü “Metadon proqramı”na çatır”

Narkotik istifadəçilərinin müalicəsində ən geniş yayılan proqramlardan biri “Metadon poqramı”dır. Amma bu sahədə dayanmadan müxtəlif araşdırmalar da aparılır. Bəzi araşdırmalara əsasında alimlər gərginliyi, depressiyanı aradan qaldırmaq üçün “psilosibin” adlanan maddənin tətbiqini məsləhət görürlər.

Belə ki, 30 may 2025-ci ildə Çexiya Parlamenti ciddi tibbi nəzarət altında psixi pozğunluqların müalicəsi üçün “psilosibin”in istifadəsini qanuniləşdirən qanunu təsdiq etdi.

Amma tibb sahəsi inkişaf etdikdcə narkotik asılılığından qurtulmaq üçün dünya daha mütərəqqi metodlara əl atır. Bunlardan biri “buprenorfin”lə müalicə olunan “Bernes metodu”dur. “Bernes metodu”nun müsbət tərəfi isə odur ki, “buprenorfin”lə müalicədə daha az asılılıq yaradır və aşırı dozadan ölüm riski aşağı olur. Həm də dozaya dərmanı evdə qəbul etməyə imkan verir, müalicəni daha rahat edir.

Bununla yanaşı, "sağalmaz" hesab edilən narkotik aludəçisi xəstələrinin “metadon”dan “buprenorfin”ə keçid edərək sağalma imkanları da var. Xüsusilə xroniki ağrıları, psixi pozğunluqları olan xəstələrin bu metodla sağlmaq şansı çoxalır.

“Metadon”dan “burpenorfin”ə mikrodozalama ilə keçid, necə deyərlər, "lomka"nın da yüngülləşməsinə kömək edir.

Azərbaycan Respublikası Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqovla da narkotik asılılarına tətbiq edən müalicə metodları haqda söhbətləşdik. 

- Fəzail bəy, bilirik ki, Azərbaycanda narkomaniyanın müalicəsində əsasən “Metadon proqramı”ndan istifadə olunur. Son illərdə başqa metodlardan da istifadə həyata keçirilir?

- Ümumiyyətlə, müalicə metodları çoxdur. “Metadon” bir müalicə proqramıdır, o da müəyyən xəstələrə tətbiq olunur. Yəni xroniki xəstələrə, uzun müddət narkotik istifadə edən xəstələrə tətbiq olunur. Hansı ki, xəstə uzun müddət narkotik istifadəçisidir, aktiv opioid qəbul edir, dəfələrlə xəstəxanada yatır, müalicə səmərəli deyil, yenə narkotikə gedir...

Digər ağırlaşmış hallar da var, tutaq ki, qadın hamilədir, yaxud xəstə QİÇS-ə yoluxub, bu halda ağırlaşdırıcı hallar var. Belə xəstələr “Metadon proqramı”na yazılır. Xəstələr gündəlik gedib maye şəklində “metadon”u içir və həyatlarını davam etdirirlər.

- “Metadon Proqramı”ndan başqa, bir sıra xarici dövlətlərdə “Bernes metodu”, yəni “buprenorfin” preparatı ilə müalicə də tətbiq olunur. Bu metoddan bizdə də istifadə olunur?

- Xeyr, bizdə bu müalicə metodu tətbiq olunmur. Azərbaycanda tətbiq edilən müalicə metodu “Metadon proqramı”dır.

- Halbuki, araşdırmalara görə, dünyada mövcud olan müalicə metodlarının içindən ən təhlükəsiz və zərərsiz olan “Bernes metodu”dur...

- Sağalmaya gəlincə, ümumiyyətlə proqramın mahiyyəti zərərin azaldılmasıdır. “Metadon” sintetik narkotikdir. Yəni söhbət ondan gedir ki, xəstələr onu qanuni şəkildə içir, həyat və iş qabiliyyəti saxlanılır, həyatını davam etdirir. “Metadon” opiumdan, heroindən, tiryəkdən daha yüngül, daha rahatdır. Amma bu o demək deyil ki, biz bunu verdik, xəstə sağaldı. Bir daha qeyd edirəm, söhbət ağır xəstələrdən gedir. “Buprenorfin” kimi dərmanlar xairci ölkələrdə var. Bizə gələn “metadon”dur, onu da "Global Fund" qurumu maliyyələşdirir.

- Sizcə, “Bernes metodu”nu Azərbaycana necə gətirmək olar və “Metadon Proqramı” ilə müqayisədə “buprenorfin”lə müalicəni tətbiq edən bu metoda daha effektli olmazmı?

- Bilirsinizmi, Çində uçan avtomobillər buraxırlar və mən burada deyirəm onlardan bura niyə gətirilmir? Dünyanın çox yerində çox şeylər var. Mən də istəyərəm ki, bu olsun. Amma hal-hazırda hökumətin gücü “Metadon proqramı”na çatır. Bu, hökumətin nəzarətindədir. Yəni bu narkotikdir, nəzarətlə verilir, onun xüsusi verilmə proseduru, qaydaları var. Hər narkotik istifadə edənə verimir. Məqsəd nədir - xəstələr dəfələrlə müalicə olunur, müalicənin səmərəsi də az olur, zəif olur... O da xəstənin fərdi xüsusiyyətindən asılıdır. Elə xəstə var, müalicəyə çətin tabe olur. Elə xəstə var, ümumiyyətlə, heç narkotiki atmaq fikrində də deyil. Bu xəstəlik beynin patologiyasıdır.

Yəni xarici ölkələrdə çox metodlar ola bilər, amma Azərbaycanda “Metadon proqramı” tətbiq olunur.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az