Xəbər verdiyimiz kimi, DTX və DİN-in keçirdiyi birgə əməliyyatla Qusar rayonunda "Meşə qardaşları" adlı terror qruplaşmasına bağlı 8 nəfər zərərsizləşdirilib, daha 6 nəfər həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, "Unikal" terrorçu "Meşə qardaşları" qruplaşmasının əvvəlki fəaliyyətləri ilə bağlı bir sıra maraqlı məqamları araşdırıb.
Qruplaşma Rusiyanın Dağıstan respublikasında, Qafqaz Əmirliyinin Şəriət camaatının tərkibində olan islamçı-cihadçı qrupdur. Qrup Dağıstanda və Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar və terror aktları təşkil edib, vəhhabiliklə bağlı təbliğat və təşviqat işləri aparıb.
Silahlı qrup 2007-ci ilin sentyabrında Rappani Xəlilov tərəfindən yenidən yaradılıb və o ölənə qədər qrupa rəhbərlik edib. Daha sonra Azərbaycanın Zaqatala rayonundan olan əmir Əbdül Məcid kimi tanınan İlqar Mollaçiyev Dərbənd camaatının komandiri təyin edilib. Çeçen müharibələrinin iştirakçısı olan Mollaçiyev 2008-ci ilin sentyabrında öldürülüb və onun yerinə İsrapil Vəlicanov gətirilib. 2011-ci ilin aprelində Vəlicanovun ölümündən sonra Dərbənd camaatı 2016-cı ilin noyabrında qalan üzvləri öldürülənə qədər fəallığını davam etdirsə də, qruplaşma dağılıb.
Məlum olub ki, sözügedən qruplaşma İslam Dövləti (İŞİD) terror təşkilatına bağlıdır. İŞİD-in Azərbaycana ilk hücumu isə 1990-cı ildə Çeçen müharibəsi dövrünü əhatə edir.
Təşkilatın “Əl-Nəba” qəzetində dərc olunan hesabatına görə, İŞİD ötən il sentyabrın 14-də Azərbaycanda mövcudluğunu rəsmən elan edibmiş.
Məlumatda qeyd olunub ki, qruplaşma sentyabrın 19-da Azərbaycanda ilk dəfə onlara qarşı əməliyyatın keçirildiyini elan edib. DTX və DİN-in qüvvələri terrorçuların Qusar ərazisindəki "baza"sına yaxınlaşıb. Daha sonra əməliyyatla terrorçular zərərsizləşdirilib. Bundan sonra qruplaşma öldürülən tərəfdarlarının üzləri açıq fotolarını yayıb. Onların qarşısında durduğu bayraq isə "İraq və Şam İslam Dövləti" (İŞİD) kimi də tanınan İslam Dövlətinə məxsusdur. Bu bayraqdan Əl-Şəbab, Əl-Qaidə və Boko Haramda istifadə olunur.
Sözügedən terror qruplaşması daha əvvəllər bəyanatında İran lideri Məsud Pezeşkiyanı da düşmən kimi qeyd edib.
Xatırladaq ki, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi (DTX) tərəfindən «Meşə qardaşları» adlı silahlı birləşmə zərərsizləşdirilmiş, onun 17 nəfər üzvü, o cümlədən liderlərindən biri - «Əbu Cəfər» ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilərək məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
2008-ci il avqustun 17-də Bakıda Əbu-Bəkr məscidində 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnən partlayış törədilmişdi. Cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmiş, özünü «Dağıstan camaatı»nın əmiri elan edən «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyev, onun qaynı «Suleyman» ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.
Məlum olub ki, İlqar Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Onlara məxsus çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemləri, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülüb.
"Meşə qardaşları"na qarşı keçirilən bu əməliyyat "Qartal" Xüsusi Təyinatlı dəstəsi tərəfindən həyata keçirildiyinə görə, "Qartal" antiterror əməliyyatı kimi yadda qalıb və 29 avqust - 6 sentyabr tarixlərini əhatə edib.
MTN və Baş Prokurorluğun bazar ertəsi birgə yaydığı məlumatda bildirilir ki, sentyabrın 6-da həmin dəstənin fəal üzvlərindən biri -Telman Abdullayevin Qusar rayonunun Avaran və Xurel kəndləri arasındakı meşə massivində olması barədə məlumat əldə edilib. Şübhəli şəxslərin Qusar şəhərində Rasim Əsədullayevə məxsus evdə gizləndikləri müəyyən olunub.
Əməliyyat zamanı evdə gizlənmiş və təslim olmaq əmrinə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara əl qumbarası atılıb və avtomat silahlardan atəşlər açılıb.
Silahlı müqavimətin qarşısı alınarkən Qusar şəhər sakinləri - Telman Abdullayev və Gürşad Əlixanov öldürülüb, Ramil Əsədullayev yaralanıb. O, rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda keçinib. Hadisə yerindən külli miqdarda silah-sursat götürülüb.
Eyni zamanda, hadisə yerindən götürülmüş "AKS-74" markalı avtomat silahın 2008-ci il avqustun 29-da Qusar rayonunun Həzrə kəndi yaxınlığında həyata keçirilən əməliyyat zamanı DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin həlak olmuş çavuşu Əli Yolçuyevə məxsus olduğu məlum olub.
Tədbir zamanı zərərsizləşdirilmiş şəxslərdən götürülən silahların arasındakı "PM" markalı tapançadan, Telman Abdullayev tərəfindən istifadə edilməklə, 2007-ci il sentyabrın 26-da iki polis işçisinə güllə yarası yetirilməsi və 2008-ci il avqustun 29-da isə, DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin çavuşunun öldürüməsi müəyyən edilib.
Telman Abdullayev hələ 2007-ci il sentyabrın 26-da "Meşə qardaşları" adlanan cinayətkar birlşəmənin zərərsizləşdirilməsi üzrə hüquq-mühafizə orqanlarının Qusar rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iki polis işçisini yaralayaraq, hadisə yerindən qaçmağa müvəffəq olmuşdu.
5 noyabr 2009-cu ildə Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi “Meşə qardaşları” hərbiləşdirilmiş dəstəsini terrorizmdə ittiham edərək, onları ümumilikdə 200 il müddətinə azadlıqdan məhrum edib.