“Məcburi reabilitasiya heç vaxt effektiv təsir göstərə bilməz” - MÜSAHİBƏ

Mehriban Zeynalova: “O şəxslərin arzuladığı bir işlə məşğu olmasını təmin etmək lazımdır ki, öz potensialını ortaya çıxara, boşluğunu doldura bilsin”

“Biz narkotiklə bağlı müraciət edən qadınları qəbul edə bilmirik, çünki buradakı digərlərini də narkotikə cəlb edə bilərlər” 

Qadınlar cəmiyyətin həssas qrupudur. Lakin təəssüflə qeyd olunmalıdır ki, son illərdə onlar da dövrümüzün ən amansız bəlası olan narkoticarətin qurbanına çevrilirlər. Əlbəttə, bu, Şərq xalqı olaraq, bizim üçün çox üzücü haldır. Nəzərə alsaq ki, qadın anadır, o zaman narkomaniyanın genefondumuza endirdiyi zərbə də danılmaz faktdır. Üstəlik, qadınlar yalnızca müştəri qismində narkomaniyanın qurbanı deyillər, həmçinin narkotiklə bağlı cinayət işlərinə də cəlb olunurlar. Bəs, ölkəmizdə qadınlarla bağlı təşkilat və qurumlar bu sahədə nə kimi işlər görə bilirlər? Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikirlərini öyrəndik.

- Sizin sığınacağa müraciət edən xanımların içində narkotik asılılığından əziyyət çəkənlər olur?

- Bir-iki dəfə belə fakt olub, onları müalicəyə göndərmişik. Sığınacaqda narkotik istifadəçisinin qalması digərləri üçün təhlükəlidir. İstifadəçilərin doza istəməsi, dozadan sonrakı vəziyyətinin ağırlığı kimi situasiyalarda tibbi yardıma ehtiyac var. Bizim də nə elə imkanlarımız, nə də elə bacarıqlarımız yoxdur.

- Onları narkoloji dispanserə yönləndirdiniz, yoxsa özəl reabilitasiya mərkəzlərinə?

-Narkoloji dispanserə.

- Bu müraciəti edənlər hansı yaş aralığında idi?

- Biri körpə uşaqlı qadın idi, hüquq-mühafizə orqanları tərəfindən gətirilmişdi. Uşağı vermədiyi üçün bir-neçə saat bizdə qaldı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları gəldilər, həmin ərəfədə uşağı götürmək lazım idi, belə də oldu. Haradasa 5-6 saat çəkdi proses. Özünün razılığı ilə uşağı götürdük, sonra onu müalicəyə göndərdik. Vəziyyət təhlükəli idi, uşağı vermək istəmirdi.

- Belə qadınlardan sizə geri dönüş olurmu? Yəni narkotik asılılığından sonra sağlam olaraq sizə yenidən müraciət edilir ki, onlara kömək edəsiniz?

-Xeyr, ondan sonrakı vəziyyət belə oldu ki, onun anası, ailəsi var idi, ona dəstək verəcəkdilər. Digərləri də əgər narkotik asılılığından azad olubsa, həmin şəxslərin reabilitasiya prosesi üçün fərqli məkan lazımdır. Yəni o, əvvəl yaşadığı yerdən uzaqda olmalıdır, başqa proqramlar olmalıdır. Hər həssas qrupun özünün reabilitasiya proqramı var. Yəni hamıya eyni şeyi tətbiq etmək düzgün deyil. Əgər biz narkotik asılılığından əziyyət çəkmiş, yaxud azad olmuş şəxslə reabilitasiya işi görürüksə, o zaman onun reabilitasiya proqramı fərqli tərtib edilməlidir. Və burada ən vacib məqamlardan biri də həmin şəxsin özünün iştirakını təmin etməkdir. Özü bu məsələdə aktiv iştirakçıya çevrilməlidir. Bu mexaniki prosesə çevrilməməlidir. Əgər şəxs özü öz həyatı ilə bağlı dəyişim istəyirsə, uğurlu nəticə əldə etmək olar. Məcburi reabilitasiya heç vaxt onlara effektiv təsir göstərə bilməz. Eyni zamanda, o şəxslərin özlərinin arzuladığı bir işlə məşğu olmasını təmin etmək lazımdır ki, öz potensialını ortaya çıxara bilsin, öz boşluğunu doldura bilsin.

Bütün bunlarla yanaşı, fərqli mühit lazımdır. Belə şəxsin tanımadığı çevrə olmalıdır, ərazisi üzrə eyni məkanda qalsa, həmin adamlarla əlaqəyə girə bilər. Bəzi hallarda üzüyumşaqlıq, zəif xarakter təsir göstərir ki, onlar “YOX” deyə bilmirlər. Bax o “YOX”u deməyi öyrətmək lazımdır. Belə yerdə onlara güclü psixoterapevtlər, psixoloqlar lazımdır. Bunun da öz problemi var.

Sığınacaq elə bir yerdir ki, hətta bəzi hallarda hansısa insan alverçisi də özünü zərərçəkmiş kimi göstərə və sığınacağa daxil ola bilər. Müxtəlif ölkələrdə təcrübələr var ki, insan alverçiləri sığınacağa gəlir, ondan şikayət verəcək zərərçəkmişi hədələyir, qorxudur. Odur ki, vəziyyətin, risklərin qiymətləndirilməsi ilə bağlı sorğu anketi var. O sorğu anketində suallar elə qurulub ki, şəxsin hər hansı bir şübhə doğuran məsələlərdə müraciət etməsi mümkünsüz olsun. Yəni aydınlaşdırmaq mümkün olsun. Reabilitasiya prosesi elə də asan məsələ deyil, sığınacaq idarə etmək də elə asan məsələ deyil. Burada müxtəlif risklər var.

Amma narkotiklə bağlı asılılıq olanda biz onu birbaşa götürmürük. Çünki burada gənc uşaqlar, qadınlar var, onları narkotiklə cəlb edə, yanlış təbliğat apara bilər. Və onu da nəzarətdə saxlayırıq ki, kimsə hansısa addımı atanda dərhal məlumatlı olaq, qarşısını ala bilək.

Bir az öncə də dediyim kimi, biz narkotiklə bağlı müraciət edən qadınları qəbul edə bilmirik, çünki buradakı digərlərini də narkotikə cəlb edə bilərlər. 

- Sizcə, qızları, qadınları narkotikə cəlb edən hansı səbəblərdir?

- Müxtəlif səbəblər olur - ailə münasibətləri, özlərini realizə edə bilməyən, mühitə düşən adamlar var, məclislərdə hansısa təkliflər olur, “YOX” deyə bilməyənlər var. Kimsə deyir ki, gəl, bir dəfə ilə heç nə olmaz, təklifdən imtina edə bilmirlər, adətən belə başlayır. Deyirlər bu gün əhvalımız pisdir, bundan istifadə edək, əhvalımız düzəlsin. Və yaxud görürlər kimsə pessimist vəziyyətdədir, vəziyyətdən çıxa bilmir, hansısa problemlərini həll edə bilmir, guya yaxşı dostdur, təklif edir ki, bu gün kefin yaxşı olsun, bir dəfə ilə heç nə olmayacaq. Adətən təklif belə başlayır.

- Qadınların narkotik istifadəsinə gəlməsində iqtisadi səbəblər - kasıbçılıq, pulsuzluq, eləcə də təhsilsizlik nə dərəcədə rol oynayır?

- Məncə, nə iqtisadi səbəbdir, nə təhsilsizlik, insanın öz mənini tapa bilməməsidir. İnsan öz mənini tapa bilməyəndə və yaxud ailə onu anlamayanda, ya da çətinliklərlə mübarizə edə bilməyəndə, mübarizə hissi zəif olanda, alternativlər tapmaqda çətinlik çəkəndə narkotikə yönəlir. Halbuki kifayət qədər alternativlər tapmaq olar. Və onun çevrəsi kimdir - bu da vacib məsələdir. Çevrəsində əksəriyyət narkotik istifadəçisidirsə, nə vaxtsa onu da cəlb edirlər. Çünki narkotik satanlar da pul qazanmaq istəyir. Ona görə daha çox belə adamlar axtarıb tapırlar ki, cəlb etsinlər.

Yaxud sərbəst həyat tərzi keçirən, hansısa yerlərə, əyləncə məcslilərinə gedənlərə orada narkotik təklif olunur. O da riskli davranış qrupuna aid olur, gözünün altına almır ki, bir dəfə ilə bitməyəcək, hər dəfə davamını istəyəcəksən. İlk vaxtlar 2-3 dəfə narkotiki pulsuz təklif edirlər, artıq 4-cü dəfə özləri axtarmağa başlayırlar.

- İctimiai Birlik sədri olaraq narkomaniya probleminin həllini necə görürsünüz?

- Ölkədə narkotiklə mübarizə kifayət qədər aparılır. Birinci ailə münasibətləri çox vacibdir ki, ailə üzvləri həyat yoldaşları, övladları ilə sıx münasibətdə olsun. Ailəiçi ünsiyyət yaxşı olsun, hansısa dəyişikliyi dərhal sezə bilsin. Hansısa çətinlikdə bir-birinin yanında ola bilsinlər. Mühüm məsələlərdən biri ailənin dəstəyidir. Mən reabilitasiya prosesində də görürəm - əgər ailə dəstək olursa, reabilitasiya prosesi çox yaxşı, çox rahat keçir. Və dəyişim tez olur. Ailə dəstəyi olmayan adamlarda reabilitasiya prosesi də çətin olur. Bu, uşaqlarla bağlı da belədir. İlk növbədə ailənin dəstəyi, ailənin diqqəti, ailənin dəyişikliyi dərhal görməsi vacibdir. Görürünüz ki, bəzi ailələrdə valideynlər - mən səhv edirəm, xətrinə dəyərəm, bunu deyərəm, təhqir etmiş olaram, bunu deyərəm övladım məndən inciyər deyə özünü aldatmağa çalışır. Bu kimi hallarda valideynlər müddəti ötürürlər.

İkinci məsələ, çətin vəziyyətdə olanda ailənin ünsiyyəti çox vacibdir. Dəstək təkcə maddi məsələ deyil axı. Dəstək eyni zamanda birgə ünsiyyətdir, birgə hansısa problemlərin həllinə çiynini verməkdir. Çox vaxt gözümüzü yumuruq və deyirik ki, böyütmüşəm, qalanını özü həll etsin. Amma hansısa məsələlərdə onunla müzakirə etmək gücümüz olmur. Yaxud qarşı tərəf də bu müzakirəyə hazır olmur. Onu cəlb etmək, söhbət etmək, danışmaq, inandırmaq lazımdır. Və nəyin bahasına olursa olsun, o çevrədən uzaqlaşdırmaq lazımdır. Bunu zorakı yolla yox, hansısa formada etmək lazımdır ki, özü dərk etsin. Hər bir insanın özünün xarakteri və ona da yanaşma metodologiyası var. Əsas insana yanaşma nöqtəsini tapmaq lazımdır. Buna da səbr lazımdır. Bizsə hər şeydə tələsirik.

- Sığınacağınza müraciət edənlər sosial baxımdan əsasən hansı əhali qrupuna aid olur, hansı yaş aralığında olur? Və onların sığınacağa müraciət etmə səbəbləri əsasən nələr olur?

- Əsasən məişət zorakılığına məruz qalmış qadınlar və uşaqlardır. Elə uşaqlar olur ki, valideyni həbsdədir. Elələri olur ki, ailədə zorakılığa məruz qalır. Uşaqlar əksəriyyət təşkil edir. Və məişət zorakılığından zərər çəkmiş şəxslərdir ki, hüquq-mühafizə orqanları tərəfindən bizə yönləndirilirlər. Bəzi hallarda özləri də müraciət edirlər.

- Müraciət edənlərin həyatını yenidən qurmasına necə dəstək olursunuz?

- Əgər həyati təhlükə varsa, paralel olaraq hüquq-mühafizə orqanları iş görür, o cümlədən psixoloq şəxsən işləməyə başlayır. Eləcə də sosial işçi onunla işləyir, tibbi müayinələr aparılır. Şəxsin travmaları müəyyənləşdirilir, özünə güvən hissi formalaşdırılır. Və təbii, orada da müəyyən nüanslar var, şəxsin intellektual inkişafı ilə emosional xüsusiyyətlərini uyğunlaşdırmaq lazımdır ki, sabah onlar təzədən zorakılıq törədən şəxsə çevrilməsinlər. Yəni bu reabilitasiya prosesinin özünün incəlikləridir. Bizdə psixoloq, hüquqşünas işləri paralel gedir. Ola bilsin ki, şəxsə hüquqi yardım çox vacibdir və yaxud ən birinci tibbi yardım həyata keçirilməlidir. Şəxsin ehtiyacları, vəziyyəti qiymətləndirilir. Risk vəziyyəti qiymətləndirilir ki, həyati təhlükəsi nə qədərdir. Və yaxud da şəxsin özünün riskli davranışı qiymətləndirilir ki, onunla hansı formada rəftar etmək lazımdır. Burada müxtəlif metodologiyalar var ki, onlar tətbiq edilir.

-Bəs risk qrupuna daxil olan insanlar nəyə əsasən qiymətəndirilirlər?

-Davranış pozuntusuna əsasən. Ancaq bunlar bir az fərqli məsələlədir - risk qrupuna aid olanlar və riskli davranışı olanlar. Bir çox hallarda bunu düzgün qiymətləndirmirlər. Bir var adamın davranış pozuntusu olur və o, öz həyatını düzgün hesablaya bilmir. Bir də riskli davranışlar var, adam düşünmədən addım atır, hansısa hərəkətlər edir. Məsələn, riskli davranış – tutaq ki, bir qadın riski yetərli qiymətləndirmir, deyir mən boşanmalıyam və işə getməliyəm, bu risklidir. O, riski düzgün qiymətləndirmir, riskli addımlar atır, tələsir. Bir də var ki, şəxsdə davranış pozuntusu var, çox xoşuna gəlir ki, çox bəzənib düzənsin, kimisə cəlb etsin. Mən bu barədə kitab da yazmışam…

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az