Masallıda su anbarında batan şəxsin paltarları tapıldı

Masallı rayonunda su anbarında batan şəxsin kimliyi məlum olub.

Stopnarkotik.az xəbər verir ki, o rayonun İsi kənd sakini, 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanovdur.

Belə ki, M.Aslanov rayonunun Qəriblər kəndində yerləşən Viləşçay su anbarında batması ilə Fövqəladə Hallar Nazirliyinə bağlı məlumat daxil olub. Əraziyə FHN-in dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Məlumata görə, M.Aslanov dünən saat 18:00 radələrində evdən çıxaraq özünə məxsus mal-qarasının dalınca gedib və sonra ondan heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyim əşyaları su anbarının yanında aşkar olunub. Ona görə ehtimal olunur ki, o, su anbarında batıb.

Hazırda onun axtarışı davam etdirilir.